
Rabitə və İnformasiya Texnologiyları Nazirliyi, Təhsil Nazirliyi, "HP" şirkəti, eləcə də "Microsoft"un tərəfdaşlığı ilə həyata keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində artıq orta məktəb müəllimləri sadə şərtlərlə 6300-dən çox kompüter əldə ediblər.
"HP" şirkətinin Azərbaycan nümayəndəliyindən "Həftə içi"nə verilən məlumata görə, "Xalq kompüteri" layihəsinin məqsədi ümumtəhsil məktəb müəllimlərinə sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə kompüter sahibi olmaq imkanı verməkdir. "HP" kompüterinin sahibi olmaq üçün müəllim layihənin veb səhifəsində istədiyi modeli seçməli və veb səhifədə yerləşdirilmiş kontraktı çap edib doldurmalıdır. Müəllim tərəfindən imzalanmış kontrakt məktəb direktoru tərəfindən təsdiqlənməli və TN-in informasiya sisteminin idarəsi şöbəsinə (və ya RİTN-in informasiya cəmiyyətinin inkişafı şöbəsinə) göndərilməlidir. "BestComp Group" şirkətinin təqdim edilən kontraktı yoxlaması və təsdiq etməsindən sonra alıcının ünvanına (məktəbə) kontraktın surəti və sifariş edilmiş kompüter göndərilir. Ödəniş kredit formasında alıcı tərəfindən kontraktın şərtlərinə uyğun həyata keçirilir.
Layihənin iştirakçıları əlavə mükafatların da sahibi ola bilərlər. Ödənişi 3, 6 və ya 9 ay ərzində edən alıcılar çoxfunksiyalı "HP-printer" və "fləş-kart" qazanacaqlar.
"HP" şirkətinin rəsmi məlumatına əsasən, bu il layihənin daha da genişlənməsi, həmçinin universitet müəllimlərini və tələbələri əhatə etməsi gözlənilir.
Xatırladaq ki, "HP" dünyanın ən böyük texnoloji şirkətlərindən biri olmaqla əsas fəaliyyət istiqamətlərinə çap təchizatlarını, fərdi kompüterləri, proqram təminatını, müştərilərin tələblərinə cavab vermək üçün informasiya texnologiyaları infrastrukturunu və müştəri xidmətlərini daxil edib.