Tələbələr ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirdilər
DÜNƏN "Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təşkilatçılığı ilə Amerikanın Azərbaycandakı səfirliyi qarşısında 200-dək tələbə etiraz aksiyası keçirib. Təşkilatdan "Həftə içi"nə verilən məlumata görə, tələbələr ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda tələbələrin 50 faizdən çoxunun narkoman olması ilə bağlı yer alan məqama etirazlarını bildiriblər. İB-nin sədri Şahin İsmayılov bildirib ki, Azərbaycanda tələbələrin 50 faizdən çoxu xanımdır və hesabatda onların narkoman olması ilə bağlı məqam ədalətsizdir: "Aksiyada "ABŞ Dövlət Departamentinin hesabatına yox deyirik!", "Ədalətsiz hesabat!", "Narkomaniyaya yox!" şüarlarını səsləndirdik". Aksiyada ayrı-ayrı tələbə təşkilatlarının rəhbərləri də çıxış edərək hesabatda Azərbaycan tələbələri ilə bağlı qeyd olunan fikirləri pisləyiblər.Tələbələrin aksiyasına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verildiyi üçün polis müdaxilə etməyib. İcazə saat 15:00-dan 16:00-dək verilib. Təxminən 45 dəqiqə davam edən aksiyada qətnamə qəbul olunub. Qətnamədə hesabatda qeyd olunan fikirlərin Azərbaycan gəncliyinin adına ləkə olduğu və bununla bağlı təkzib verilməsi tələb edilir. Qətnamə səfirliyə təqdimlənib.
Əli