Elmar Məmmədyarov: "Konqresin qərarı münaqişənin
həllinə mənfi təsir göstərə bilər"

Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərar Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərə bilər" - bu fikirləri dünən jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Elmar Məmmədyarov səsləndirdi. Onun sözlərinə görə, əgər ABŞ Konqresinin üzvləri 100 il bundan öncə olan hadisələri müzakirə edirsə, o zaman gərək 18 il əvvəl baş verən Xocalı soyqırımı kimi hadisəyə də qiymət versinlər: "Bu kimi qərarlar Azərbaycanla Ermənistan arasında sülh və stabilliyə gətirib çıxara bilməz. Konqres birtərəfli qətnamə qəbul edib. Çünki hazırda Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və Azərbaycanın 1 milyondan çox qaçqını var. Bu, regionda təhlükəsizliyə ən böyük zərbədir.
"...Ona görə də Konqresdə Cənubi Qafqazda sülh və stabillik məsələləri müzakirə olunursa, təkcə tarix yox, indiki vəziyyət də nəzərə alınmalıdır". E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə də toxundu. Bildirdi ki, Azərbaycan yeniləşmiş Madrid variantını qəbul edir: "Çünki düşünürük ki, o hansısa böyük sazişi müzakirə etməyə imkan yaradır. Mən şəxsən belə düşünürəm ki, Ermənistan tərəfi də onu qəbul etməlidir. Lakin onlar deyirlər ki, təkliflərdəki bəzi məqamlar onları qane etmir, sənədi qəbul edə bilməzlər. İndi məhz həmin məqamlar üzərində müzakirələr aparılır". XİN başçısı münaqişənin həlli vaxtının çatması barədə səsləndirilən bəyanatlara da toxundu. Onun sözlərinə görə, həm 3 həmsədr ölkənin rəhbəri, həm ATƏT-ə sədrlik edən Qazaxıstan, həm Avropa İttifaqına rəhbərlik edən İspaniya bəyan edib ki, 2010-cu il irəliləyişə nail olmaq üçün önəmli ildir.
ATƏT Parlament Assambleyasının prezidenti Yoao Suares və qurumun Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də buna bənzər açıqlamalarla çıxış ediblər: "Bu o deməkdir ki, bütün beynəlxalq ictimaiyyət hazırdır və irəliləyiş istəyir. Onlar da hesab edirlər ki, işğal olunmuş torpaqlar birmənalı şəkildə azad olunmalı, məcburi köçkünlər geri qayıtmalıdırlar. Bununla bağlı sual ünvanlanmalı olan yeganə tərəf Ermənistan rəhbərliyidir". Onun sözlərinə görə, hazırda prezidentlərin görüşünün təşkili ilə bağlı müzakirələr aparılmır. Ermənistan xarici işlər nazirinin Moskvaya, prezidentinin isə Fransaya səfər etdiklərini xatırladan nazir bildirib ki, Minsk Qrupunun həmsədrləri hazırda yenilənmiş Madrid təkliflərinə Ermənistanın təqdim etdiyi təklifləri müzakirə edir: "Çox güman ki, sonra Ermənistanın xarici işlər naziri Parisə dəvət olunacaq. Bundan sonra məlum olacaq ki, hansı istiqamətdə iş aparılsın".
Nazir Tüyrkiyə ilə Azərbaycan arasında viza reyiminin ləğv olunması üzərində iş getdiyini də söylədi. Bildirdi ki, sazişin hazırlanmasında bəzi bürokratik problemlər var: onlar aradan qaldırılandan sonar sənəd imzalanacaq. Nazir bu sənədin bu il imzalanacağını istisna etməyib.
Azərbaycanla Avropa İttifaqı arasında "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində assosiativ sazişin imzalanması ilə bağlı sualı cavablandıran nazir bu sahədə Brüsselə danışıqların aparıldığını söyləyib. "Müzakirə olunacaq xeyli məsələ var", - deyə nazir vurğulayıb.
"Fransa Dağlıq Qarabağ probleminin nizamlanması üçün irəli sürülən Madrid prinsiplərinin yenilənmiş variantını dəstəkləyir" - bu fikirləri isə E.Məmmədyarov Parisdə Sarkisyan - Sarkozi görüşünə münasibət bildirərkən səsləndirdi. XİN başçısı Fransa prezidenti Nikola Sarkozi ilə Ermənistanın dövlət başçısı Sery Sarkisyanın martın 10-da keçirdikləri görüşünün təfərrüatı barədə məlumata malik olmadığını dedi: "Fransa həmin görüşün nəticələri barədə Azərbaycana məlumat verməlidir: "Bu gün səhərə qədər nazirliyə hər hansı məlumat verilməyib. Gözləyirik. Mətbuatdan öyrənmişik ki, Fransada Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Sarkozi bildirib ki, Minsk Qrupunun həmsədri kimi Madrid prinsiplərinin yenilənmiş variantını tam dəstəkləyir".