Elman Mustafazadə: "Komitənin vəzifəsi
soydaşlarımız arasında nifaq salmaqdan ibarət olub"

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımının tanınması Azərbaycan diaspor təşkilatlarını bir-birinə qarışdırıb. Təşkilatlar Azərbaycan diasporu zəif olduğu üçün bu qərarın qəbul ediliyini bildirirlər. Xüsusən Avropada fəaliyyət göstərən qurumlar daha çox Azərbaycanın ABŞ-dakı diaspor təşkilatlarını günahkar sayır və onları Türkiyəni tək buraxmaqda suçlayırlar.
Hollandiyada fəaliyyət göstərən Azərbaycan Naminə Dostlar Cəmiyyətinin sədri Elman Mustafazadə isə diqqətə çatdırıb ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, başqa ölkələrdə olduğu kimi, İsveçdə də yaratmış olduğu təşkilatlarının hamısı iflasa uğrayıb. Onun sözlərinə görə, bunu bu il Stokholmun mərkəzində Xocalı soyqırımı ilə bağlı kecirilən tədbir də növbəti dəfə bütün çilpaqlığı ilə ortaya qoydu: "Otən illərdə Diasporla İş üzrə Dövlət Komitəsi xeyli maliyyə vəsaiti buraxaraq yaratmış olduğu bütün təşkilatların hazırladıqları mitinqlərə ən çoxu 17 adam toplaya bilmədi.
Amma İsveçdə yaşayan demokratik düşüncəli şəxslərin öz şəxsi hesabları ilə müstəqil yaratmış olduqları "Qarabağ komitəsi"nin təşkil etdiyi mitinqə 300 nəfərdən çox adam toplaşmışdı".
"Müxalifətçi" damğası
E.Mustafazadə daha sonra bildirir ki, yarandığı gündən bu vaxta qədər DİDK-nın vəzifəsi vətənpərvər soydaşlarımız arasında nifaq salmaq, diaspor sahəsində fəal şəxslərə "müxalifətçi" damğası vurmaq (halbuki diaspordaki insanlar bu cür məsələlərdə siyasi baxışlarını kənara qoymağa üstünlük verirlər), təşkilatları ikiyə parçalamaqdan ibarət olub: "Elə buna görə də diaspor uzvləri arasında hər zaman konfliktlər mövcuddur. Insanlar indi başa düşürlər ki, bu konfliktləri yaradan kimlərmiş. ABŞ Konqresində Türkiyə tək buraxıldıg Hanı bu komitənin illərdir dövlət büdcəsindən maliyyə vəsaiti xərcləyərək yaratmış olduğu Turkiyə - Azərbaycan diasporunun birliyi? Hanı bu birliyə "xidmət" edən büdcə oğrularının qəpiklərinə möhtac olanlar? Niyə Konqresin qabağına toplaşıb heç olmasa etiraz etmədilər? Isveçdə martın 6-da yaradılan Azərbaycanlıların Isveç Konqresinin konfransından da aydın göründü ki, komitənin müdaxiləsi olmayan yerdə səmimi olaraq millətimizin problemlərine xidmət edəcək təşkilatların qurulmasi mümkündur".
İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollanbrand isə E.Mustafazadənin fikirlərini haqsız hesab edir. Bildirir ki, İsveçdə Azərbaycan fəalları lobbi yolunda yorulmadan mübarizə aparırlar: "Çünki orada cənublu-şimallı hamı birlikdədir. Lakin bu fəalların heç birinin Diaspor Komitəsi ilə əlaqəsi yoxdur. Azərbaycanın gələcəyi naminə ağa "qara", qaraya "ağ "demək olmaz.
Dövlət Komitəsi tərəfindən İsveçdə bir çox təşkilat yaranıb və onlar yüksək səviyyədə lobbiçiliklə məşğuldurlar. Hazırda İsveç parlamentində 20-yə yaxın Azərbaycanmeyilli deputat var. Elman Mustafazadənin işi ancaq diaspor rəhbərlərini günahlandırmaqdır".
Keçmiş DAK funksioneri Eldar Qaradağlı isə bildirir ki, diaspor və lobbiçilik Azərbaycana və Azərbaycandan kənarda yaşayan soydaşlarımıza yaddır: "Çünki nə qədər fəaliyyətdə olsaq da, nailiyyətimizi və qələbəmizi görmüşükmü? Qarabağla, qaçqınlarla bağlı beynəlxalq təşkilatlara hansısa fomada təsir elə bilmişikmi? Budurmu bizim diaspor və lobbiçilik calışmalarımız? Burada bir tədbir, yaxud Xocalı soyqırımına aid sərgi keçirmək istəsək, nəticə olmur. Diaspor nümayəndələrimizi tədbirlərə qatılımağa dəvət göndərsək də, gəlmirlər. Bir sözlə, ciddi diasporumuz yoxdur. Biz bir-birimizi eşitmiriksə, beynəlxalq təşkilatlar da bizə qulaq asmayacaqlar".
DAK-ların halına baxın
"GünAzTV"nin rəhbəri Əhməd Obalı isə diqqətə çatdırır ki, Azərbaycan diasporu parça-parçadır. Onun sözlərinə görə, bunun günahını yalnız bir qurumun üzərinə yıxmaq olmaz. Diaspor uzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və iqtidar - müxalifət davası diasporamuzu passivlikdə günahlandırırlar: "Özümüzü və milləti aldatmayaq. Ermənilərin bu qədər uğurları qarşıısında bizim hansı uğurumuz olub? Daha əvvəldən yaranmış təşkilatlarımızı iqtidar və ya müxalifət meyilli etməyə çalişmağın ziyanı kimə çox dəyir? "Yuxari səviyyədə lobbiçilik" deyəndə hədəfimiz külli miqdarda pul xərcləmək və azərbaycanlılar üçün qonaqlıqlar təşkil etməkdir. Milyon dollar vəsaitlə fəaliyyət göstərən 1 nazirliyin fəaliyyətini, 1 nəfər sadə vətəndaşın fəaliyyəti ilə müqayisə etmək düzgün deyil. Diaspor üzvlərini Bakıya yığıb, qonaqlıqlar verib, milyonlar xərcləyib nə qazanmışıq? Paulo Pərvizin hotelini doldurmaqmı istəyirik? Yoxsa hava şirkətləri ilə restoran sahiblərini sevindirmək üçün fəaliyyət göstəririk? O pullarla ən azı 10 ölkədə "Azərbaycan evi" açıla bilərdi. Diaspor uzvləri ilə hər ölkədə olan səfirliklərin işçiləri daha yaxşı çalışa bilər, ya Bakıda oturub diasporu tanımayanlar? Biz nə zaman firqəçilikdən əl çəkəcəyik? "Güclu diaspor"dan danışmalara son qoyulmalıdır. Gəlin qəbul edək ki, belə gedərsə, biz diaspor sahibi ola bilməyəcəyik. Baxın DAK-ların halına. Bəlkə də bu haqda açıq danışmalıyıq, amma "düşməni sevindirməyək" deyə susuruq".
"Hərə öz işi ilə
məşğul olsun"
İradlara cavab olaraq Amerika Azərbaycanlılar Cəmiyyətinin rəhbəri Tomris Azəri bildirib ki, ABŞ Konresində Türkiyə azərbaycanlılar tərəfindən dəstəksiz qalmayıb: "Mən özüm Türk - Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidentiyəm. Belə olduğu halda, Türkiyəni necə tək buraxa bilərəm? Azərbaycan - Amerika Şurası, Amerika - Azərbaycanlılar Cəmiyyəti və ABŞ Azərbaycanlıları Şəbəkəsi - az qala özümüzü öldürürdük ki, qondarma soyqırım xarici əlaqələr komitəsində qəbul edilməsin. Konqresdəki dostlarımızla tək-tək görüşdük. Qondarma soyqırımın əleyhinə səs vermələrini xahiş etdik. Görüşə bilmədiyimiz konqresmenlərlə isə telefonla əlaqə saxlayıb məktublar yolladıq. Amerikada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının fəaliyyətsizliyi barədə yayılan xəbərlər yanlışdır və bizi bir-birinə vurmaq, türk xalqını Azərbaycan xalqına düşmən etmək üçün erməni təxribatıdır".
T.Azəri həmçinin diqqətə çatdırıb ki, Diasporla İş üzrə Dövlət Komitəsi onun təmsil etdiyi 53 illik tarixi oran Amerika Azərbaycanlılar Dərnəyi ilə 2 ildən artıqdır işləmir: "Biz 53 ildir Amerikada Azərbaycan üçün çalışırıq. Mən hamıdan xahiş edirəm ki, öz işləri ilə məşğul olsunlar".
"Türkiyə diasporuna
həmişə dəstək verilib"
Məsələyə münasibət bildirən DİDK-nın təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm vurğuladı ki, diaspor fəalları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər. Onun sözlərinə görə, Azərbaycan diasporunun hazırkı taktikası yalnız mitinqlərdən ibarət deyil. Diaspor təşkilatlarına iqtidar - müxalifət münasibətlərinin bəslənməsinə gəlincə isə E.Miraləm dedi ki, komitə belə bölgünün aparılmasına mənfi yanaşır: "Xaricdə yaşayan hər bir Azərbaycan diaspor təşkilatı milli maraqları müdafiə edir. Kimsə özünü kənara çəkirsə, bu onun öz problemidir".
Diaspor təşkilatlarının bir-biri ilə zidd münasibətdə omasına gəlincə isə DİDK rəsmisi əlavə etdi ki, qurumların bir-biri ilə e-mail yazışmalarına görə nəticə çıxarmaq olmaz: "Azərbaycan diasporunun intellektual, sosial rəngi müxtəlifdir. Nə qədlər insan varsa, o qədər də fikir var. Hansısa məsələdə fikirlər üst-üstə düşməyə bilər. Bunu təşkilatlar arasında intriqaların olması ilə izah etmək düzgün deyil". Azərbaycan diasporunun Türkiyə təşkilatlarına həmişə dəstək verdliyini önə çəkən E.Miraləm bildirdi ki, Konqresin xarici əlaqələr komitəsinin qərarı qardaş ölkə ilə yanaşı, Azərbaycanın da milli maraqlarına aild olan məsələdir: "Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında anlaşılmazlıq yoxdur. Əksinə, onlar bir-birinə fəal dəstək verirlər. Qərarla bağlı diaspor təşkilatlarımız həm aksiyalarda iştirak ediblər, həm də öz etirazlarını bəynatlar formasında bildiriblər"