
Hazırda paytaxt ərazisində çoxlu ev alğı-satqı mərkəzlərinə rast gəlinir. Əhaliyə xidmət edən bu obyektlərdən edilən narazılıqlar isə bitib-tükənmir. Daşınmaz əmlak satanlar və ya alanlar tez-tez aldandıqları, maklerlərin onlardan vəd etdiklərindən çox pul tələb etdikləri barədə şikayətlənirlər.
Səbəb kimi isə bir çox hallarda həmin obyektlərdə çalışanların qeyri-professionallığı göstərilir. Bildirək ki, rieltor xidməti xarici ölkələrdə bu işin professionalları tərəfindən həyata keçirilir.
Eşitdik ki, bu günlərdə ev alğı-satqı xidmətini tarazlamaq məqsədi ilə yeni qurum yaradılıb. Üzərinə belə bir məsuliyyəti götürən Bakı Rieltor Assosiasiyasının bu işə hansı yeniliklər gətirəcəyi ilə maraqlandıq. Qurumun icraçı direktoru Elnur Azadovun dediyinə görə, hazırda əhaliyə xidmət edən maklerlər köhnə qaydalarla işləyirlər ki, nəticədə qeyri-professional xidmət müştərilərin bir çox hallarda narazılığına səbəb olur: "Bizim məqsədimiz rieltor xidmətinin fəaliyyətini sivil vəziyyətə gətirmək və əhaliyə yeni üsullarla xidmət göstərməkdir. Məsələn: biz öz işimizə hüquqşünas cəlb etmişik ki, ev alğı-satqısı zamanı müştəri ilə daşınmaz əmlak sahibi arasında hüquqi müstəvidə problem yaranmasın. Onu da deyim ki, hələlik bu məsələ ilə bağlı standart forma ilə bağlı yekdil qərar qəbul olunmayıb. Hazırda bazarda bu sahədə olan problemlər öyrənilir ki, bütün bu amillər nəzərə alınaraq vahid forma tərtib edilsin".
E.Azadov onu da bildirdi ki, bu sahədə çalışan professional makler xidməti ilə məşğul olanlar assosiasiya ətrafında bir araya gətiriləcək: "Hazırda assosiasiyanın 20 üzvü var. Bunlar bu sahədə çalışan professional rieltor şirkətləridir. Qalan maklerlərin iş fəaliyyəti, təcrübəsi, işçilərinin sayı və sair öyrənilir. Belə şirkətlər çox olduğundan hələlik onların professionallığı ilə bağlı dəqiq fikir söyləmək çətindir. Öz xidmətləri ilə qənaətbəxş hesab edilənlər də assosiasiyaya üzv qəbul ediləcəklər. Hələlik isə əhaliyə məsləhət görərdik ki, gələcəkdə hər hansı problemlə üz-üzə qalmamaq üçün bu işin professionallarına müraciət etsinlər. Bu zaman bütün müqavilələrin mütləq surətdə yazılı şəkildə aparılmasına diqqət yetirilməlidir. Həmin sənədlərin altında imza qoymazdan əvvəl isə sənədlərlə yaxından tanış olmağı unutmasınlar. Mülkü satışa çıxarmazdan öncə onu kimə etibar etməyi düşünmək lazımdır. Hər bir rieltor isə alğı-satqı zamanı məsuliyyətini başa düşməlidir".
İcraçı direktor hazırda "Rieltor fəaliyyəti" ilə bağlı qanunvericiliyin də hazırlandığını dedi: "Yaxın vaxtlarda həmin sənəd baxılmaq üçün Milli Məclisə təqdim olunacaq.
Həmçinin rieltorlar assosiasiyası maklerlərin təkmilləşdirilməsi ilə bağlı xüsusi kurslar təşkil edəcək. Kurslarda 3 kateqoriyadan olan maklerlər iştirak edə bilərlər: şirkətlərin rəhbərləri, iş təcrübəsi olan agentlər və təcrübəsi olmayan işçilər. Həmin şəxslərə kursu bitirməklə bağlı sənədlər veriləcək. Bununla belə, rieltor şirkətlərinə sertifikatların verilməsi planlaşdırılır".