
Şəmsiyyə Bəlyərqızının telekanalların birində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə evli olması haqqında verdiyi açıqlama ölkədə şok yaratdı.
Keçmiş səfirin isə açıqlama verərək bunun yalan olduğu və Ş.Bəylərqızının ona 1 milyon 200 min dollar ziyan vurduğu xəbəri yayıldı. Daha sonra isə mətbuatda ziddiyyətli fikirlər səslənməyə başlandı. Mətbuat vasitəsilə biri digərini ittihamladı, hətta bu vaxtadək Azərbaycan cəmiyyətinə məlum olmayan məqamlardan söz açıldı. Ş.Bəylərqızı "Həftə içi"nə verdiyi müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirdi.
- Əfşar Süleymani iddia edir ki, guya, mən onun 1 milyon 200 min dollarını mənimsəmişəm. Əslində, bu belə deyil. Mən Əfşar Süleymanini rəsmi sferada tanıyanda 800 min avro məsələsi ilə bağlı problemləri var idi. Bu məsələ ilə əlaqədar İranda nəşr edilən mətbuat səhifələrində qalmaqallı yazılar yer alırdı.
Bu problemləri ört-basdır etmək üçün mənə böhtan atılıb. Ona lazım idi ki, Azərbaycanda rəsmi dövlət orqanlarında bir nəfər onun iddialarını təsdiqləsin. Ötəri olaraq bu təsdiqləndi. Sonra araşdırıldı və bəlli oldu ki, belə bir şey yoxdur və işə xitam verildi. Təbii ki, cinayət işi açılmamışdı, sadəcə, təhqiqat aparıldı və iş bağlandı.
- Əfşar Süleymani 4 yüz min dollarını sizdən tələb edir, üstəlik, sizə mənzil bağışlamışdı...
- Həmin evdə biz ər-arvad kimi yaşamışıq. Yəni mən o evə gəlin köçmüşəm. Sonra da zorla ev mənim əlimdən alındı.
- Evi sizin əlinizdən kim və necə aldı?
- Əfşar Süleymani dekabr ayında evi məndən aldı. İlkin göstəricilərə əsasən bu belə oldu. Yəni hüquqi cəhətdən üstünlük onda idi. O öz ifadəsində bildirmişdi ki, guya, həmin evi mən Əfşar Süleymanidən fırıldaq yolu ilə almışam. Ev mənim rəfiqəmin adına alınmışdı. Daha sonra rəfiqəmlə münasibətləri yarandı. Əfşar Süleymaninin onunla intim əlaqələri oldu. Bundan sonra rəfiqəm yerini möhkəmlətdi. Mütəşəkkil Ciayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları məni saxladılar, guya, mən qadının evinə zorla girmişəm. Əlimdə məhkəmə qərarları, İrandakı VVAQ-ın və kəbinin surəti var. Bir qadına belə iftira atmaq kimə yaraşar?
- Bilirsiniz ki, Əfşar Süleymani prezidentliyə namizəd Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri idi. O, ehtimal edir ki, İran hakimiyyət dairələri onu həbsə almaq üçün sizə pul verib ki, bu addımı atasınız...
- Allaha and olsun ki, mən İranda nəinki hansısa siyasi düşərgə, ümumiyyətlə, heç kimi tanımıram. Əfşar Süleymani İranda bu məsələni qabardandan sonra mən vəkil tutdum və İran rəcmilərinə - prezident Əhmədinjata, dini rəhbərə, xarici işlər nazirinə müraciət ünvanladım. İlk olaraq mənə kömək edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov oldu. Onun şəxsi imzası ilə mənim tələblərim İranın xarici işlər nazirinə göndərildi. Daha sonra Azərbaycan milli təhlükəsizlik naziri əlimdəki bütün sənədləri İran ETTELAAT-ına göndərdi. Ondan sonra da məsələ Azərbaycan hakimiyyəti qarşısında qabardılıb. Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin rəsmiləri məni qəbul etdi və bilindi ki, bu məsələ yalandır. Səfir bu qədər yalan danışa bilərmi? O deyir ki, guya mənimlə yalnız rəsmi münasibətdə olub. Hansı rəsmi münasibətdən söhbət gedir? Guya məndəki şəkillər hamısı fotomontajdır. Nə qədər fotomantaj etmək odar? Nə əcəb Milli Təhlükəsizlik Nazirliyi məni fotomantajçı kimi işə götürmür?.. Mən gözümü açandan ictimai-siyasi mühitdə omuşam. Milli-azadlıq hərəkatından ictimai-siyasi mühitə gəlmişəm. Hansı bir kişi deyə bilər ki, Şəmsiyyə mənə əl uzadıb?
- Əfşar Süleymani Böyük Britaniyada DNT analizinin aparılacağını bildirmişdi və demişdi ki, bundan sonra uşağın ondan olmaması təsdiqləncək...
- Böyk Britaniyada DNT analizi təyin olundu, amma Əfşar Süleymani ora gəlmədi. İkincisi də uşaq ana bətnində olanda DNT analizi aparılıb. Bunun nə üçün edilməsinin də səbəbləri var. Çünki Əfşar Süleymani normal intim həyatı yaşaya bilmirdi. O, cərrahi əməliyyatdan sonra normal cinsi həyat yaşayıb. İstanbulun Ayhan klinik xəstəxanasında "aspermiya" diaqnozu ilə əməliyyat olunub. Bu diaqonzu ona məşhur uroloq rəhmətlik Cavadzadə və Mərkəzi Klinik Xəstəxananın əslən Goranboy rayonundan olan Vasif adlı həkimi qoyub. Əfşar Süleymani Azərbaycanda tanındığı üçün bu əməliyyatın Türkiyədə aparılması qərarına gəldik. Türkiyədə o çox tanınmadığı üçün bu barədə informasiyanın yayılmayacağını bilirdik. Azərbaycanda isə əksinə ola bilərdi. Nə zaman istəsəniz bu rəsmi sənədləri sizə təqdim edə bilərəm. Onun üçün pasport alındı, əgər istəsəniz, həmin sənədlərin surətini sizə verərəm.
- Belə başa düşdük ki, onun sizi iranlı iş adamları ilə tanış etməsi, ortaya çıxan pul və digər məsələlər iftiradır...
- Təbii ki, iftiradır. Əfşar Süleymani ilə rəsmi münasibətlərim olan zaman o, iranlı iş adamlarından pul almışdı. Həmin pulu ört-basdır etmək və qaytarmamaq üçün Azərbaycanda mənə "atıblar" fikrini ortaya atdı və məni qabağa verdi. Siyasi manipulyasiyada adımın hallanmağı bəs deyilmiş kimi, üstəlik, iqtisadi məsələdə də mənə böhtan atıldı. Uşaq 7 aylıq olanda mənim vəkillərim var idi. Əslində, Əfşar Süleymani tələb edirdi ki, uşaq Azərbaycanda dünyaya gəlməsin, xarici ölkələrdə anadan olsun. Beləliklə, məlum olurdu ki, onun məkrli niyyətləri var. Axırıncı dəfə Türkiyədən Azərbaycana gələndə məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxladılar və bildirdilər ki, sizin Əfşar Süleymani ilə izdivacınız var. Ən azından MTN əməkdaşları bunu təsdiqləyə bilərlər. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi məsələni araşdıranda mənim telefonumda Əfşar Süleymanini 8 mindən artıq SMS-i çıxdı. Bu qədər SMS yalnız rəsmi münasibətlərə görə yazıla bilərmi? Sizcə, mənim günahım olsaydı və səfir barədə yalan danışsaydım, bu iş tez bağlanardımı?
- Yadınızdadırsa, 2007-ci ildə onunla bağlı yazdığınız "Azərbaycanı vətəni bilən diplomat" adlı kitabın təqdimat mərasimi keçirilirdi. Onda onunla münasibətləriniz isti idi. Yəni bu münasibətlər necə yarandı? Onun bildirdiyinə görə, ilk dəfə olaraq siz ona yaxınlaşmısınız...
- Həmin vaxt mənim onunla ancaq rəsmi münasibətlərim olub. Mən onu 1994 - 97-ci illərdə səfir müavini olarkən tanıyırdım. O, ikinci dəfə Azərbaycana gələndə mən İranın milli bayramına jurnalist kimi dəvət edildim. Ondan sonra mənə dedi ki, ürəyindən əməliyyat olunacaq. Daha sonra bildirdi ki, Azərbaycan - İran münasibətlərinə ürəyinin 5 damarını verib. Kitabda bu əksini tapıb. Daha sonra bildirdi: "Azərbaycanda Xalidə adlı bir xanım (həmin qadının televiziya əməkdaşı olduğunu dedi - Ş.B.) mənim yanıma gəlib 1000 dollarımı aldı. Pulu İranla bağlı xüsusi jurnal buraxmaq adı ilə ona verdim. Amma pulu alsa da, jurnalı buraxmadı. Ona görə də Azərbaycana qarşı ürəyimdə bir qırıqlıq qaldı". Mən isə dedim ki, sizin pulunuz lazım deyil. Gəlin siz mətbuata verdiyiniz müsahibələrinizi toplayın, mən isə həmin materiallar əsasında kitab çap edim. Bu "bədbəxt" kitabın yazılma tarixi belə oldu. Mən də "bir səfir Azərbaycandan gileyli getməsin" deyə bu addımı atdım. "Azərbaycanı vətəni bilən diplomat" ifadəsini isə o özü istəmişdi.
- Siz onunla ailə quranda evli olduğunu bilirdiniz?
- Evli olduğunu bilirdim. Amma onlar dini nikahdan boşanmışdılar. Məni alanda artıq 4 il idi o qadınla yaşamırdı. Həmin qadın Əfşar Süleymaninin Azərbaycanda olan iqamətgahının 2-ci, səfir isə 3-cü mərtəbəsində qalırdı. Bəzən də həmin qadın Əfşar Süleymaninin Yasamaldakı evində qalırdı. Bilirdim ki, onlar bir yerdə yaşamırlar. Bu ərəfədə Əfşar Süleymaninin anası və Ərdəbil Universitetinin prorektoru işləyən bacısı bizə gəlib mənə rəsmən Əfşara ərə gəlmək təklifi etdi. Belə olduqda mən necə inana bilməzdim ki, bu qədər savadlı, öhdəsində bu qədər məsuliyyət olan şəxs yalan danışa bilər. Mən ondan 1 milyon 2 yüz min manatı necə ala bilərdim?. O, bütün nazirlərlə şəxsən mobil telefonla danışa bilirdi. Söhbət 80 milyonluq xalqı təmsil edən ölkə səfirindən gedir. Bu səfir elmlər doktorudur. Əfşar Süleymani o qədər yazıq adam idi ki, adi bir yazar onu aldada bilərdi?
- Bundan sonra hansı addımı atacaqsınız? Konkret olaraq iddianız nədən ibarətdir?
- İranda məhkəmə prosesi davam edir. Məhkəmələrin gedişatını gözləyəcəyik.