
Bu gün Bərdə rayonunun mərkəzi kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk elektron kitabxananın açılış mərasimi keçiriləcək. Bu barədə "Həftə ici" qəzetinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, məlum təbdir Azərbaycan Respublikası prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008 - 2013-cü illərdə inkişafı üzrə dövlət proqramı"na uyğun olaraq həyata keçirilir.
Mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətovun sözlərinə görə, Bərdə rayonunda ilk elektron kitabxana rayon mərkəzi kitabxanasında təşkil olunub: "Kitabxana üçün xüsusi avtomatlaşdırılmış kitabxana - informasiya sistemi alınmış, habelə kitabxananın veb-saytı (http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə təqdim edilmişdir. Kitabxananın binası əsaslı təmir olunub, müasir inventar və avadanlıqlarla təchiz edilib...". Qeyd edək ki, veb-saytda elektron kataloq və elektron kitabxana vasitəsilə oxuculara kitabxananın resursları, habelə kitabların tam mətni təqdim olunur. Elektron kitabxana bölməsində yüzlərcə müasir, latın qrafikalı kitabın tam mətni yerləşdirilmişdir. Onlardan Azərbaycan və dünya ədəbiyyatından seçmələr, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan və xarici müəlliflərin nəşrlərini qeyd etmək olar. Bərdə rayon mərkəzi kitabxanasının saytında kitabxana və onun şöbələri, habelə kitabxanada oxucular tərəfindən ən çox oxunan kitablar haqqında məlumat verilir. Veb-saytda kitabxana tərəfindən keçirilən tətbirlər mütəmadi işıqlandırılır. Saytda həmçinin Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsinə dair linklərdə Qarabağ haqqında ətraflı məlumatlar əldə etmək mümkündür. Bundan başqa, veb-saytda "Qədim Bərdə və bərdəlilər" məlumat bazası yerləşdirilmişdir. Burada Bərdənin qədim dövrdən müasir dövrə qədər keçdiyi tarixi inkişaf mərhələsi, Bərdənin tarixi abidələri, habelə tanınmış bərdəlilər haqqında ətraflı məlumatlar yerləşdirilib. Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının saytına daxil olmaq mümkündür. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Bərdə rayon icra hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edəcəklər.