Tonlarla məhsul satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, monitorinq zamanı Binəqədi rayonunun Binəqədi qəsəbəsində "Venera" MMC-yə məxsus anbarda, Yasamal rayonunun N.Nərimanov prospekti - 522, ev 2 ünvanında Namiq Eynəliyevə məxsus mağazada, H.Məcidov küçəsi - 7 ünvanında Mirsahib Cəfərova məxsus mağazada, B.Bağırova küçəsi - 5, mənzil 2 ünvanındakı "Aygün-market"də, H.Cavid prospekti - 549-cu məhəllə, ev 91, mənzil 16 ünvanında Dəyanət İsayevə məxsus mağazada, M.Rahim - 22 ünvanında Nazim Osmanlıya məxsus mağazada, Ə.Əzizbəyov küçəsi - 1 ünvanında Elbrus Nəsirova məxsus "Kazbek-market"də ümumi çəkisi 10 tona yaxın saxlama müddəti ötmüş, mənşəyi naməlum və üzərində istehsal tarixi göstərilməyən ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay, kofe və bu kimi məhsullar aşkarlanaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tədbirlər görüləcək.
Naibə