
2010-cu ilin yanvar ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8407,5 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, kreditlərin 27,7 faizi və ya 2328,9 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1834,0 milyon manat (21,8 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 520,4 milyon manatı (6,2 faiz), sənaye və istehsalın payına isə 536,9 milyon manatı (6,4 faiz) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1522,0 milyon manatı və ya 18,1 faizi, kənd təsərrüfatı və emalına 394,8 milyon manatı və ya 4,7 faizi, inşaat və əmlak sahəsinə 576,5 milyon manat (6,9 faiz), digər sahələrə isə 57,5 milyon manatı və ya 0,7 faizi yönəldilib. Bankın digər bir məlumatına görə isə əhalinin əmanətlərinin həcmi 23 faiz artıb. Belə ki, cari ilin yanvar ayının 1-nə kredit təşkilatlarında yerəlşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4654,2 milyon manat təşkil edib. Bunun 2334,8 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz çoxdur. Depozitlərin 2319,3 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il yanvarın 1-nə banklara qoyulan əmanətlərin 965,6 milyon manatı (41,4 faiz) manatla, 1369,2 milyon manatı (58,6 faiz) isə xarici valyuta ilə cəlb edilib.