
AzƏrbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növlərinin inkişafı sahələrində həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Ekstremal idman növlərinin ölkəmizdə yayılmasının qeyri-mümkünlüyü barədə bəzi bədxah proqnozların əksinə olaraq federasiyanın bilavasitə təşkilatçılığı ilə görülmüş işlər nəticəsində qısa müddətdə Bakıda "Ekosport", "Qərb Universitetinin idman klubu", "A+A", "Dağ hazırlığı məktəbi", "Memarlıq və İnşaat Universiteti", hətta respublikanın rayonlarında - Qusarda "Salavat", Qaxda "Ekstrim", Zaqatalada "Mountain Bee", Ağcabədidə "Çöl bəbirləri" idman klubları yaradıldı və ekstremal idman növünə meyilli gənclər bu klublarda birləşərək məşqlərə başladılar. Təbiətin yaratdığı maneələrə baxmayaraq, gərgin və səmərəli məşqlər öz nəticələrini çox gözlətmədi. Qusar rayonunun Ləzə kəndi ətrafındakı donmuş şəlalələrdə, soyuq və şaxtalı hava şəraitində keçirilən açıq Azərbaycan kuboku uğrunda beynəlxalq yarışların I mərhələsində "Ən tez dırmanma" üzrə yarışlarda Azərbaycan idmançıları Kubarov və Dadaşov müvafiq olaraq II və III yerləri tutmuşlar. Bu, ekstremal şəraitdə ekstremal idman növləri ilə məşğul olan idmançılarımızın buzadırmanma üzrə yarışlarda ilk uğurlarıdır. Yeri gəlmişkən, yarışların ilk nəticələri belədir: I mərhələdə "Ən tez dırmanma" üzrə yarışlarda Cənubi Koreya idmançısı Çoy Von İl -1 d.10 san(26 saniyə və 44 saniyə) nəticə ilə I yeri, Azərbaycan idmançıları Kübarov Ruslan ("Salavat") - 1 d.30 san (27saniyə və 63 saniyə), Dadaşov Rauf ("Ekosport") isə 1 d.32 san.(35 saniyə və 57 saniyə) nəticə ilə müvafiq olaraq II və III yerləri tutmuşlar. Yarışlar davam edir.