
Bu gün "Simurq" bu mövsüm premyerliqa klubları arasında indiyədək heç vaxt məğub etmədiyi yeganə komandanı - "Xəzər-Lənkəran"ı qəbul edir. 7 oyunluq qələbəsiz seriyanı qırmaq üçün əla stimuldur.
Amma bir maraqlı məqam var: bu komandaların ölkə çempionatlarındakı duellərində lənkəranlılar mövsüm ərzində, bir qayda olaraq, 4 xal toplayıblar. Oyunların biri heç-heçə başa çatıb, digərində isə "Xəzər" qalib gəlib. Deməli, bu xoşagəlməz tendensiyaya da son qoymaq vaxtıdır. "Xəzər-Lənkəran"la oyunun hazırlıqlarına dünəndən başlayan "Simurq" ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və növbəti turun təxirə salınması ilə əlaqədar hazırlıq planında müəyyən dəyişikliklər edib. Zaqatalaya yağan güclü qar üzündən komandanın məşqi baş tutmayıb. Dünən axşam saatlarında Zaqatala Olimpiya stadionunun meydançasına çıxan komanda 1 saatdan bir qədər artıq sürən məşqlə kifayətlənib. Hazırda şəhərdə -3° şaxta müşahidə olunur. Sinoptiklər oyun saatına qədər havaların bir qədər mülayimləşəcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, fevralın 7-də keçirilməli olan "Simurq" - "Xəzər-Lənkəran" matçı 19-cu turun bütün oyunları kimi fevralın 9-na təxirə salınıb.
9 fevral - 17:00.
"Unibank" premyerliqası,
19-cu tur.
"Simurq" - "Xəzər-Lənkəran"
Zaqatala. Olimpiya Kompleksinin stadionu.
Görüşün referisi: Əfqan Həmzəyev.
Xətt hakimləri: Eldar Nağıbəyov və Roman Vasilyev.
Dördüncü hakim: Ceyhun Haşımov.
"Simurq" və "Xəzər-Lənkəran" 2006/07 mövsümündən rəqabət aparırlar və indiyədək 7 dəfə qarşılaşıblar. Sonuncuların mütləq üstünlüyü var: 4 qələbə, 3 heç-heçə. Maraqlıdır ki, əksər görüşlərdə maraqlı mübarizə və bol qol qeydə alınıb. Bəs 2 gün sonra Zaqatalada nə olacaq? Təəssüflər olsun ki, statistika "heç-heçə" deyir.
2006/07. Premyerliqa. "Simurq" - "Xəzər-L." - 0:1 (Zaur Ramazanov).
"Xəzər-L." - "Simurq" - 1:1 (Zaur Ramazanov - Ramin Nəsibov).
2007/08. Premyerliqa. "Xəzər-L." - "Simurq" - 2:1 (Rəşad Abdullayev, Zaur Ramazanov - Andrey Danayev - pen).
"Simurq" - "Xəzər-L." - 1:1 (David Bolkvadze - Zaur Ramazanov).
2008/09. Premyerliqa. "Simurq" - "Xəzər-L." - 2:2 (David Bolkvadze, Sergey Artyux - İvan Svetkov, Emin Quliyev).
"Xəzər-L." - "Simurq" - 3:1 (Romulo Silvano - 2, İvan Svetkov - Vladimir Mazyar).
2009/10. Premyerliqa. "Xəzər-L." - "Simurq" - 3:0 (Allan Lalin, Denis Kalinkov, İvan Svetkov).
Bütün statistik və tarixi məqamları bir kənara qoyaq. "Xəzər-Lənkəran"la qarşılaşma "Simurq"un bəlkə də son şansıdır. Komanda mövsümün ortasında yığdığı fantastik sürətini itirib və nəinki medal, hətta "altılıq" şanslarını da özü öz əli ilə azaldıb. "Sarı-qaralar" indi "altılıq"dan kənarda qalıb və ora dönmək üçün lənkəranlılar mütləq məğlub edilməlidir. Bunun üçün tribunaları ağzına qədər dolduracaq azarkeşlərin dəstəyinin xüsusi əhəmiyyəti olacaq. Hamı stadiona, "Xəzər-Lənkəran"ı məğlub yola salmağa! Artıq geriyə yol yoxdur!