Milli QHT Forumu Xocalı ilə bağlı tədbirlər planı hazırlayıb
Milli Qeyri-Hökumət Təşkilatları Forumu 26 fevral - Xocalı faciəsinin ildönümü ərəfəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə "Olaylar"a məlumat verən forumun prezidenti Rauf Zeyni deyib ki, bununla bağlı rəhbərlik etdiyi qurumda xüsusi tədbirlər planı hazırlanıb və həmin tədbirlər planına əsasən nəzərdə tutulan tədbirlər həyata keçiriləcək: "Milli Qeyri-Hökumət Təşkilatları Forumunun beynəlxalq əlaqələr və insan hüquqları sektorları bu istiqamətdə daha fəal olacaq. Adıçəkilən sektorlar tərəfindən beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin qeyri-hökumət təşkilatlarına Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barədə internet vasitəsilə materiallar göndəriləcək". Rauf Zeyni deyib ki, Milli QHT Forumunun üzvü olan ayrı-ayrı qeyri-hökumət təşkilatları da Xocalı faciəsi ilə bağlı konfrans və "dəyirmi masa"lar keçirəcəklər.