Əhməd Davudoğlu: "Sarkisyan Soçi görüşündə bir daha
qeyri-konstruktivlik göstərdi"

Aprel ayı yaxınlaşdıqca ABŞ-dakı erməni lobbisi Konqresdə qondarma erməni soyqırımının tanınması istiqamətində səylərini gücləndirib.
Artıq sözügedən məsələ rəsmi Ankaranı da narahat etməyə başlayıb. "Hürriyyət" qəzetinin yazdığına görə, məsələyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu münasibət açıqlayıb. O bildirib ki, qondarma erməni soyqırımının tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsi yolverilməzdir: "Ermənilərin saxta soyqırımın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılması heç də təsadyfi deyil. Mən siyasətdə və diplomatiyada təsadüflərə inanmıram. Təbii ki, indiki halda konqresmenlərin qondarma erməni soyqırımını Konqresin müzakirəsinə çıxartması təzyiq elementidir...
"...Lakin hamı bilməlidir ki, Türkiyə təzyiq dilində danışıla biləcək bir dövlət deyil". Nazirin sözlərinə görə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Sery Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırım" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb". Türkiyənin XİN başçısı vurğulayıb ki, məsələ ilə bağlı narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırıb: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi. Sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Sery Sarkisyan arasında keçirilən görüşdə erməni tərəf konstruktiv mövqeyindən geri addım atdı. İndi də Amerika Konqresinə bu cür qərar layihəsi gətirilir. Bu üç olayın bir-birinin ardınca baş verməsi bizdə bunun təsadüf olmadığı qənaətini yaradır". Ə.Davudoğlunun sözlərinə görə, indi isə sual yaranır. Bu hadisələrin hamısı niyə indiki mərhələdə baş verir: "Biz Ermənistanla protokolları imzalayarkən siyasi iradə nümayiş etdirdik və könüllü şəkildə bu dövlətlə yaxınlaşmağa getdik. Bizi 24 aprellə şantaj etməyin. Kimsə bizə təzyiq etməyə çalışsa bunun mənasız olacağını indidən anlamalıdır. Türkiyə qərarlarını milli maraqlarından çıxış edərək verir. Niyə bu layihə indi gündəmə gəlir? 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər". Nazirin sözlərinə görə, bu layihənin gündəmə gətirilməsi nə ABŞ, nə Türkiyə, nə də Ermənistanın mənafeyinə uyğundur. Bu proses ABŞ - Türkiyə ikitərəfli əlaqələri ilə yanaşı, böyük əziyyətlə bu səviyyəyə gətirilən Ankara - İrəvan münasibətlərinin normallaşdırılması prosesinə də mənfi təsir göstərə bilər. Vaşinqton Ankaranın həssaslıq duyduğu məsələlərdə diqqətli olmalıdır. Ə.Davudoğlu Münhendə olarkən Ankara - İrəvan danışıqlarına da münasibət bildirib. Vurtulayıb ki, iki ölkə arasında münavsibətlərin normallaşması Türkiyə ilə Ermənistanın ticarət dövriyyəsinin artması deməkdir. Lakin Ankara əvvəlcədən bilirdi ki, bu prosesdə müəyyən eniş və qalxış nöqtələri ola bilər: "Bizim məsələ ilə bağlı narahatlıqlarımız aydındır. Biz Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra yaranmış vəziyyəti bütün maraqlı tərəflərlə açıq müzakirə edirik. Ümid edirik ki, proses düşündüyümüz kimi davam edəcək və sonda həm türklərlə ermənilərin, həm də azərbaycanlıların maraqlarına uyğun bölgədə sülh və sabitlik əldə edəcəyik". Ə.Davudoğlu onu da vurğulayıb ki, prezident İlham Əliyevlə Münhendəki görüşündə Soçi görüşünün nəticələri müzakirə olunub.
Qeyd edək ki, qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan layihə 137 konqresmen tərəfindən imzalanıb. martın 4-də Xarici Əlaqələr Komitəsində təsdiqləndikdən sonra Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunacaq. Bu arada ABŞ mətbuatı jda sözügedən məsələyə xüsusi diqqət ayırıb. "Los Anceles Times" qəzeti Leyspiq Universitetinin professoru Henri Barklinin türk - erməni münasibətlərinin normallaşdırılması və qondarma erməni soyqırımının tanınması ilə bağlı məqaləsini dərc edib. Ekspert vurğulayır ki, qondarma soyqırım faktı münasibətlərin normallaşdırılması prosesinə qara kölgə salır. ABŞ-ın Sürix protokollarını dəstəkləməsi isə Vaşinqtonda güclü erməni lobbisinin olması, Türkiyənin isə Ağ Evin ən yaxın müttəfiqi sayılması ilə bağlıdır: "Ankaranın protokolları imzalamasının başlıca səbəbi qondarma soyqırım faktının Konqresdə tanınmasının qarşısını almaqdır. Lakin Türkiyə bu məsələdə Dağlıq Qarabağ müharibəsinin birinci mərhələsini uduzmuş Azərbaycanın güclü etirazları ilə üzləşdi. Türkiyə rəsmiləri hesab edirdilər ki, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş yaradacaqdı. Lakin onun ümidləri özünü doğrultmadı. Baş nazir Ərdoğan isə protokolların ratifikasiyasının işğal altındakı Azərbaycan torpaqlarından erməni silahlılarının çıxmasından sonra baş tutacağını söyləməklə özünə güclü zərbə vurdu". Məqalədə Ermənistan hakimiyyəti ilə diaspora arasındakı gərgin münasibətlərə də toxunulur. Bildirilir ki, Dağlıq Qarabağ məsələsində güzəştə getmək Ermənistan prezidenti Serj Sarkisyan üçün özünəqəsdə bərabərdir. Ekspertin sözlərinə görə, türk - erməni münasibətlərinin normallaşdırılması prosesinin iflasa uğraması fonunda Vaşinqton qondarma soyqırımla bağlı siyasətinə yenidən baxa bilər. Bu isə Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi deməkdir.