
Azərbaycan Respublikasının Respublika Prokurorluğunda kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən baş prokuror Zakir Qaralov, ilk növbədə, müstəqil inkişaf tarixinin müasir məzmunlu yeni yüksəliş mərhələsini yaşayan müstəqil respublikamızın həyatında 2009-cu hesabat ilinin müstəsna əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Hesabat dövründə ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, əvvəlki dövrlə müqayisədə 2009-cu ildə ibtidai araşdırması yekunlaşdırılmaqla məhkəmələrə göndərilən cinayət işlərinin sayının əhəmiyyətli dərəcədə - 33 fakt artması, ümumilikdə isə rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə, nüfuz alveri, talama və s. faktlar üzrə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsinə və digər məhkəmələrə aidiyyəti üzrə baxılması üçün 176 şəxs barəsində 103 cinayət işinin göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.
2009-cu hesabat ilində xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, cari ilin yanvar ayının göstəriciləri də daxil olmaqla müxtəlif pozuntulara yol verdiklərinə görə 65 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş və onlardan 3-nün barəsində cinayət işi başlanılmışdır. Kollegiya iclasında vurğulanıb ki, prokurorluq orqanlarının vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar 2009-cu ildə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, pozulmuş hüquqlarının bərpasını tələb edən vətəndaşlardan bütövlükdə prokurorluq orqanlarına daxil olan 38,5 mindən çox (2008-ci illə müqayisədə 7,4 faiz çox), o cümlədən Baş Prokurorluqda 28 min 172 ərizə və şikayətə baxılması, vətəndaşlarla ən operativ əlaqə vasitəsi olan "qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 81 müraciətin müvafiq qaydada həlli təmin edilib. O da qeyd edilib ki, 2009-cu hesabat ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15 min 339 cinayət işinin (2008-ci illə müqayisədə 962 iş çox) istintaqı yekunlaşdırılıb, ittiham aktları təsdiq olunan 10 min 420 iş məhkəmələrə göndərilib, xitam edilən cinayət işlərinin sayı keçən illə müqayisədə 852 iş azalmış, müddət pozuntusu ilə istintaq olunma faizi bütün istintaq orqanları üzrə 4,7 faizə bərabər olub. İbtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması və istintaq üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində xüsusi istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının hər birində 2, Nizami, Nəsimi, Suraxanı, Yasamal rayonlarında, Gəncə şəhər, Masallı və Tovuz rayonlarının hər birində isə 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi göstərilib. Əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabelik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayının azalması, cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilmiş, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilən soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xətti ilə axtarışları təmin olunub. Azərbaycanda ötən il korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən cinayət işlərinin sayı artıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci illə müqayisədə korrupsiya cinayətləri ilə bağlı məhkəməyə göndərilmiş cinayət işlərinin sayı 33 fakt artıb.