
Ötən həftə paytaxt ərazisinə yağan qar Bakını bir daha sınağa çəkdi. Ancaq bu dəfə də çoxsaylı problemlərin olması şəhərin qardan üzü ağ çıxmasına imkan vermədi. Bir neçə gün iflic vəziyyətinə düşən şəhər artıq özünə gəlməkdədir. Bu arada isə sinoptiklərin havanın isinəcəyi ilə bağlı verdiyi proqnoz insanlarda isti bir ümid yaratdı. Çünki arxada qoyduğumuz şaxta çoxlarına baha başa gəldi və çətin ki indən sonra kim isə qarlı günləri arzulaya...
Şaxtalar ölümlə
nəticələndi
Qarlı günlərin ən acı xəbəri Qaradağ rayonu ərazisində 2 nəfərin donaraq dünyasını dəyişməsi oldu. Qaradağ rayon Prokurorluğundan aldığımız məlumata görə, rayonun "Çənlibel" daş karxanaları adlanan düzənlikdə Balakən rayonunun Qaysa kənd sakinləri - 1970-ci il təvəllüdlü Hudunov Şəmşir Əli oğlu və 1974-cü il təvəllüdlü Əhmədilov Hüseyn Tamaşa oğlunun donmuş vəziyyətdə cəsədi tapılıb: "Onlar fevralın 4-də karxanadan evə qayıdarkən çovğuna düşüblər. Meyitlər isə bir neçə gün sonra aşkarlanıb".
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə isə soyuq hava şəraiti və yolların buz bağlaması nəticəsində xəsarət alanların sayı 57 nəfər olub: "Xəsarət alanların 27-si qadın, 26-sı kişi, 4 nəfəri isə azyaşlıdır. Onlara əsasən aşağı və yuxarı ətrafların zədələnməsi, sınıq və burxulma diaqnozu qoyulub. Şaxtalı günlərdə "təcili yardım" maşınlarının hərəkətində məhdudiyyət yaranmayıb. Yollar təmizləndiyi üçün çağırış olan ünvanlara xidmətin maşınları vaxtında çatıb. Hazırda da iş öz axarı ilə gedir. "103" xidmətinə gün ərzində 1200 - 1300 çağırış daxil olur".
Yolların hələ də buz bağlaması səbəbindən dünən də bədbəxt hadisələr olmadan ötüşmədi. Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, "Sədərək" ticarət mərkəzinin yaxınlığında "Nissan-tiida" markalı maşın buzlu yolda sürüşərək dərəyə düşüb: "Avtomobildə olan şəxslərin çıxarılması üçün yol polisinin əməkdaşları hadisə yerinə yollanıb. Onların ölməsi və ya xəsarət alması ilə bağlı məlumat yoxdur. Aeroport yolunda 2 sərnişin avtobusu toqquşub. Hava limanı istiqamətində hərəkət edən fəhlə avtobusu əks istiqamətdən hərəkət edən 66 saylı marşrutla toqquşub. Nəticədə 8 nəfər xəsarət alıb".
Dərslər bərpa olunub
Şaxtalardan sonra dünən havanın hərarətinin nisbətən yüksəlməsi nəticəsində vəziyyət nisbətən sabitləşməyə başlayıb. Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, son 2 gündə paytaxtdaxili yollara 100 tona yaxın qum səpilib: "Hazırda yolların qardan və buzdan təmizlənməsi respublika əhəmiyyətli magistral yollarda davam etdirilir".
Qarlı hava şəraiti səbəbindən ötən həftənin sonunda birgünlük tətilə çıxan məktəblərdə dünəndən dərslər bərpa olunub. Artıq ölkənin bütün şəhər və rayonlarında yerləşən təhsil müəssisələri adi rejimdə işləyir. Təhsil Nazirliyindən verilən məlumata görə, respublikanın bütün təhsil müəssisələrində dərslər yaranmış vəziyyətlə bağlı 1 günlük dayandırılmışdı: "Hava şəraitinin qismən də olsa, mülayimləşməsi nəticəsində şəhər və rayon təhsil şəbəkələrinə məktəblərin adi qaydada işləməsini təmin etmək tapşırığı verilib. Hazırda Bakıda bütün təhsil müəssisələrinin fəaliyyəti bərpa olunub. Ancaq hələ də dağlıq ərazilərə qar çox yağdığından ucqar kəndlərdə məktəblərin normal fəaliyyət göstərməsi mümkün deyil. Buna görə də şakirdlərin məktəbə gedə bilməsi çətinləşib".
Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı məktəblərdə tədrisin adi günlərdə olduğu kimi davam etdirildiyini bildirdi: "Dərslərin dayandırılması üçün heç bir əsas yoxdur.
Ancaq bəzi məktəblərdə dərsə davamiyyət adi günlərdəkinə nisbətən xeyli aşağıdır. Bu isə təbiidir. Çünki hələ bəzi ərazilərdə yollarda hərəkət təhlükəlidir. Ona görə də valideynlər uşaqları məktəbə buraxmaq istəmirlər. Hava şəraiti yenidən pisləşməsə, Bakıdakı bütün təhsil müəssisələri qısa müddət ərzində yenidən normal qaydada fəaliyyət göstərəcək".
Gediş-gəliş bərpa
olunub
Bakı Baş Dövlət Yol Polisindən verilən məlumata görə, sürüşkən vəziyyətdə olduğu üçün bölgələrə gedən yollarda avtomobillərin hərəkəti hələ tam normallaşmayıb: "Bu səbəbdən də yollarda nəqliyyat qəzası hadisələri qeydə alınır. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanmış "Ağsu aşırımı"nda nəqliyyatın hərəkəti bərpa edilib. Hazırda Dövlət Yol Polis İdarəsi gücləndirilmiş rejimdə işləyir. Ağır texnikanın köməyi ilə yollardan təmizlənmiş qar və buz yığılaraq kənar ərazilərə daşınır".
Artıq rayonlara gedən avtobus marşrutlarının hərəkəti bərpa olunub. Belə ki, hərəkətinə məhdudiyyət qoyulan Naxçıvan - Bakı - Naxçıvan (İran ərazisi ilə) avtobus marşrutu üzrə gediş-gəlişə başlanılıb və reyslər əvvəlki qrafik üzrə işləyir. Gün ərzində 2 - 3 reys həyata keçirilir.
Artıq Gəncə - Bakı marşrutu üzrə də avtobusların hərəkəti bərpa edilib.
Dünəndən "AzAL"da da hava nəqliyyatına verilən qısa fasilə bərpa olunub. Qurumun məlumatına görə, şaxtalı hava şəraiti ilə bağlı beynəlxalq reyslər təxirə salınmışdı: "Bununla belə, paytaxt ərazisinə uçuş edən təyyarələr qeyri-sabit hava şəraiti ilə bağlı Gəncə şəhərinə eniş etdilər. Artıq bu kimi problemlər aradan qaldırılıb və təxirə salınmış bütün reyslər həyata keçirilib. "AzAL" əvvəlki iş qrafiki ilə fəaliyyətini davam etdirir".