Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Respublika velotreki"ndə münaqişə
    "Qoçu"lar əməkdaşımıza hədə-qorxu gəldilər
    Bir neçə gündür KİV-lərdə "Respublika velotreki" ticarət mərkəzi ilə bağlı müxtəlif məlumatlar dərc olunurə.
       
       Yayılan məlumata görə, sözügedən obyekt cari ilin fevralın 1-dən fəaliyyətini dayandırıb və sahibkarlar başqa ərazilərə köçürülüb. Həmin gündən etibarən adıçəkilən yarmarka hasarlanıb və söküntü işlərinə başlanılıb: "Artıq bir hissəsi ekskavatorlarla dağıdılmış mərkəzin hara köçürüləcəyi hələlik məlum deyil. Məlumata görə, onun yerində yeni yaşayış kompleksi inşa olunacaq". Digər bir məlumata görə isə istifadə edilməməsi, baxımsızlıqdan pis günə düşməsi üzündən "Velotrek" stadionu sökülüb və ticarət mərkəzinin ora köçürülməsi nəzərdə tutulur. Paytaxtda dolaşan bəzi məlumatlarda isə bildirilir ki, "Respublika velotreki" söküldükdən sonra orada bir neçə mərtəbəli ticarət mərkəzi, mehmanxana, yaxud şadlıq evi tikiləcək. Bütün bunlar adıçəkilən məkanın Bakının ən əlverişli və sərfəli yerində - metronun "20 Yanvar" stansiyasının giriş hissəsində yerləşməsi ilə əlaqədardır. Qeyri-rəsmi məlumatlarda vurğulanıb ki, yarmarkanın ərazisi adı ictimaiyyətdən gizli saxlanılan bir iş adamına satılıb və orada istirahət mərkəzi yaradılacaq. Deyilənləri dəqiqləşdirmək üçün "Respublika velotreki"nə yollandıq.
       
       
       
       Dönərxanalar və
       
       dükanlar sökülüb
       
       
       
       Müşahidələrimizə "20 Yanvar" - "Avtovağzal" marşrutu ilə hərəkət edən 284 saylı avtobusların dayanacağından başladıq. Yarmarkanın sağ hissəsindəki ərazi dəmir vasitələrlə hasarlanmışdı. Baxış zamanı gördük ki, son günlərədək fəaliyyət göstərmiş 4 dönərxana, qutab, blinçik və peraşki satılan 2 köşk, 3 ərzaq dükanı, 2 videosalon, dispetçer məntəqəsi və ayaqyolu sökülüb. Xatırladaq ki, hələ ötən ilin sentyabr ayının 29-da sözügedən obyektlərin söküləcəyi ilə bağlı "Həftə içi"ndə məlumat vermişdik. Bu işin sözügedən ərazidə antisanitariya ucbatından aparılacağını da vurğulamışdıq. Müşahidələrimizi tamamlayıb "Respublika velotreki"nə daxil olduq. Hava şəraitinin qarlı, boranlı olmasına baxmayaraq oradakı əksər ticarət köşkləri açılmışdı, alver edənlərə də rast gəldik. Adıçəkilən yarmarkanı başdan-ayağadək gəzdik. Amma sökülən, yaxud boşaldılmış ticarət köşkü görmədik.
       
       Satıcılarla söhbətləşdik. Yarmarkanın köçürüləcəyi və söküləcəyi barədə deyilənləri onların diqqətinə çatdıranda xeyli təəccübləndilər. Hətta KİV-lərdə belə məlumatların yayılmasından da xəbərsiz olduqlarını vurğuladılar. Mehman adlı bir satıcı dedi ki, belə bir şey eşitməmişik: "Qəzetlərdə yazılanlardan da xəbərimiz yoxdur. Köçürülmə və sökülmə ilə bağlı deyilənlərə inanmırıq. Özünüz də şahidsiniz ki, burda hələ də alver gedir. Düzdür, hava şəraiti qeyri-normal olduğundan satıcıların əksəriyyəti işə çıxmayıb. Amma havalar düzələn kimi bütün köşklər açılacaq, alver əvvəlki qaydada gedəcək. Yarmarkanın ləğvi məsələsinə gəlincə isə belə bir şey planlaşdırılsaydı, xəbərimiz olardı. Ən azı kompensasiya, yaxud başqa ticarət mərkəzində köşklə təminat tələbini irəli sürərdik. Hələlik bizə kimsə bir şey söyləməyib və alver getdiyindən deyilənlərə inanmamağı məsləhət görürəm".
       
       
       
       "Qoçu"lar
       
       fotoaparatımızı aldılar
       
       
       
       Yarmarkadan çıxıb "köhnə avtovağzal"ın yanında yerləşən Gənclər və İdman Nazirliyinin (GİN) Respublika Velotrek İdarəsinə üz tutduq. Obyektə baxış keçirərkən gördük ki, həyətdə bir neçə ağır texnika var, böyük bir ərazi dəmir vasitələrlə hasarlanıb. İdarə binasının bəzi yerlərində çatlar əmələ gəlib. Üzərində "Respublika velotreki" yazılmış dəmir çərçivəli giriş qapısının şəklini çəkər-çəkməz binadan çıxan mühafizəçi bizi gördü və yaxınlaşdı. Vəsiqəmizi təqdimləyib rəhbərliklə görüşmək istədiyimizi bildirdik. Mühafizəçi vəsiqəni aldı və onunla birlikdə binaya daxil olduq. Bizi dəhlizdə gözlədib 1-ci mərtəbədəki otaqlardan birinə girdi. Sonra bizi çağırıb kimliyini öyrənə bilmədiyimiz rəhbər işçilərdən birinə təqdimlədi. Onun əmri ilə mühafizəçi fotoaparatı əlimizdən məcburən aldı və orada redaksiyamıza məxsus olan bütün fotoları, hətta fevralın 5-də Bakının müxtəlif yerlərindən reportaj hazırlayarkən çəkdiyimiz "canlı" şəkillərin hamısını pozdu. Əlindəki jurnalist vəsiqəmizə baxa-baxa üstümüzə qışqırdı ki, sən kimsən burdan məqalə yazmağa gəlmisən? Özümüzü bir daha təqdimləyib peşə vəzifəmizi yerinə yetirdiyimizi, obyektivlik nümayiş etdirərək gerçəkləri və həqiqətləri ictimaiyyətə çatdırmaq istədiyimizi bildirdik. O isə əynimizdəki gödəkçənin yaxasından yapışaraq "kəs səsini sən də "reket" jurnalistsən. Səni divara çırparam, parça-parça olarsan" dedi. Sonra yaxamızı buraxıb ratsiyanı götürdü: "Gəl Həsən müəllimin otağına. Polisləri də çağır. Bura "reket" jurnalist gəlib. Aparın basın içəri" dedi.
       
       
       
       Ərazidə idman kompleksi tikiləcək
       
       
       
       Ratsiyanı yerinə qoyub qapını açdı, dəhlizdəki mühafizəçilərdən birini çağırdı və əmr etdi ki, apar bunu döy, ağlı başına gəlsin. Otağı tərk edib dəhlizə çıxdıq. Mühafizəçi də yüksək tonla danışa-danışa hədə-qorxu gəldi ki, sən kimsən, nəyə gəlmisən, səni əzişdirəcəm. Kim olduğumuzu və məqsədimizi açıqlayanda sakitləşdi və dedi ki, baş "prorab" Natiq müəllim səninlə danışmaq üçün bura gəlir, gözlə. 2 - 3 dəqiqə keçməmiş əlində ratsiya olan mülki geyimli bir şəxslə 2 polis idarənin həyətinə girdi. Əl işarəsi ilə bizi yanına çağırdı. Ofisdəkilərdən fərqli olaraq bizimlə səmimi rəftar etdi. O, özünü Elnur Xəlilov kimi təqdimlədi və bildirdi ki, obyektə nəzarət edən şəxsdir. KİV-lərdə yazılanların və qeyri-rəsmi məlumatların həqiqətəuyğun olmadığını vurğulayan müsahibimiz dedi ki, GİN-in sifarişi ilə "Velotrek" stadionunun ərazisinin genişləndirilməsi, yeni idman kompleksinin tikintisi və Respublika Velotreki İdarəsinin binasının təmiri nəzərdə tutulub: "Həmin işlərə yenicə başlanılıb. Amma hava şəraiti imkan vermədiyindən işlər ləngiyir. Bu səbəbdən də prosesin nə zaman yekunlaşacağını bilmirik". Sözügedən stadiona və söküntü yerlərinə baxış keçirməyə yardım göstərməsini xahiş edəndə, nəzarətçi dedi ki, yarım metr qar yağdığından həyətdə və ərazidə sərbəst hərəkət qeyri-mümkündür: "Havalar düzələndən və qar əriyəndən sonra gəlin, mən sizə buranı qarış-qarış göstərim". Fotoaparatdakı önəmli şəkillərin özbaşına silinməsinə, hədə-qorxuya və qeyri-etik davranışa qarşı etirazımızı və narazılığımızı bildirdik. E.Xəlilov könlümüzü ələ almaq üçün dedi ki, bütün yanlışlıqlar anlaşılmazlıq üzündən baş verib: "GİN şəkil çəkməyə icazə vermir. Sizə qarşı yanlış hərəkət edilib. Amma inciməyin, bizi qınamayın. Bura "reket" jurnalistlər gəlir və bizi bezdirirlər. Sizi də onlarla dəyişik salıblar. Bir səhvdir, oldu, üzrlü sayın. İnşallah, idman kompleksi istifadəyə veriləndən sonra gələrsən, burda istədiyin qədər velosiped sürərsən". Baş vermiş insidentlə bağlı GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq sözügedən xidmətin 465-62-76 nömrəli telefonu faksa qoşulduğundan mövqe öyrənmək mümkünləşmədi.
       
       (Mövzuya qayıdacağıq).
       
       
    Təbriz Vəfalı
    Bu yazı 51 dəfə oxunmuşdur.
    Nazirliyin operativ nəzarət tədbirləri
    Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbulu və bu kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, 2010-cu ilin yanvar ayı ərzində keçirilmiş nəzarət tədbirləri zamanı 1496 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb və müvafiq tədbirlər görülüb. Bu zaman 987 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 100 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar pozulmaqla alınıb-satılması, yaxud dəyişdirilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 82 vergi ödəyicisi aşkarlanıb, 221 vergi ödəyicsinin xüsusi razılıqsız (lisenziyasız) məşğul olması faktları müəyyənləşdirilib. Həmçinin vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 24 vergi ödəyicisində 24 nəfər şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 146 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkarlanıb. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədi ilə keçirilən tədbirlər zamanı isə 16 vergi ödəyicisində 9468,2 manat dəyərində 1406 ədədə aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb.
       
       
    Naibə
    Bu yazı 49 dəfə oxunmuşdur.
    2 ana və 5 uşaq ölüb
    GƏNCƏ şəhər Səhiyyə İdarəsindən "Həftə içi"nə verilən məlumata görə, adıçəkilən şəhərdə uşaq ölümünün sayı azalıb. 2008-ci ildə 13 belə hal müşahidə edilmişdisə, ötən il ölənlərin sayı 5 nəfər olub. Son 2 ildə ölənlər 1 yaşdan 5 yaşadək olan uşaqlardır. Məlumatda həmçinin vurğulanıb ki, əvvəlki illərə nisbətən ana ölümünün sayında da azalma var. 2008-ci ildə 3, ötən il isə 2 ana ölümü qeydə alınıb: "Qadınların hamiləlik zamanı vaxtlı-vaxtında qadın məsləhətxanalarına müraciət etməmələri və hamiləlik üçün vacib sayılan qan analizləri və başqa müayinələrdən keçməmələri belə arzuolunmaz halların yaranmasına gətirib-çıxarır. Həmçinin hamiləlik vaxtı ananın qanında hemoqlobinlərin aşağı olması, qanda laxtalanmanın düzgün getməməsi və ya böyrəklərdə olan narahatlıqlar da doğuş zamanı ciddi fəsadlarla nəticələnir". Məlumatda qeyd olunub ki, qədim paytaxtda evdə doğuşların sayında da azalma müşahidə edilir. Gəncədə 2008-ci ildə 150 belə doğuş olmuşdusa, ötən il bu rəqəm 102 olub: "2008-ci ildə evdə tutulan doğuşların sayı ümumi doğuşların 4 faizini təşkil edirdi. Ötən il isə belə halların ciddi azalması qeydə alınıb. Onu da bildirək ki, evdə tutulan doğuşların sayının azaldılması üçün Gəncə şəhər Səhiyyə İdarəsi müvafiq tədbirlər görməkdə davam edir. Bunun nəticəsi olaraq ötən il belə doğuşlar ümumi rəqəmlərin 2 faizini təşkil edib". Məlumatda həmçinin vurğulanıb ki, 2008-ci ildə dəri xəstəliklərindən əziyyət çəkənlər 1505 nəfər idisə, ötən il bunun sayı 974-ə düşüb. 2009-cu ildə Gəncədə 1000-ə yaxın adam dəri xəstəliyindən müalicə olunub. Onlardan 427-si 13 yaşa qədər olan uşaqdır.
       
       
    Təbriz Vəfalı
    Bu yazı 39 dəfə oxunmuşdur.
    Nəzarətçilərə seminar-məşğələlər keçiriləcək
    TƏlƏbƏ Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. Qurumun mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata istinadən, seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar TQDK-nın təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək. Seminar-məşğələlərdə iştirak edən müəllimlər, xüsusən də bu prosesə ilk dəfə cəlb olunan nəzarətçilər apreldən etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiqləməyə imkan yaradacaq. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
       
       
    Sevinc
    Bu yazı 41 dəfə oxunmuşdur.
    111 adda vəsait nəşr ediləcək
    TƏhsil Nazirliyi 2009/2010-cu dərs ilində 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün vəsait nəşr etdirərək məktəblərə çatdırıb. Nəşrlər toplusu II siniflər üçün kurrikulum əsasında 40 adda 1.112.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V - XI siniflər üçün 47 adda 3.144.100 nüsxə dərslikdən ibarət olub. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata istinadən, 2009-cu ildə Gürcüstanın təlim Azərbaycan dilində olan məktəblərinə 43 adda 40.270 nüsxə dərslik, Heydər Əliyev Fondu ilə sözügedən qurumun birgə əməkdaşlığı çərçivəsində hazırlanan 80 adda 125 komplekt tədris plakatı göndərilib. MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim Azərbaycan dilində olan bazargünü məktəblərinə dərsliklər, coğrafi xəritələr və digər tədris vəsaitləri göndərilib. Qurumdan aldığımız məlumata istinadən, 2010/2011-ci dərs ilinə I siniflər üçün 14 adda, III siniflər üçün kurrikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII - XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi, ümumilikdə 2010/2011-ci dərs ilinə 111 adda dərsliyin və müəllim üçün vəsaitlərin çapı nəzərdə tutulub.
       
       
    Sevinc
    Bu yazı 40 dəfə oxunmuşdur.
    Sınaq imtahanları keçiriləcək
    Fevralın 27-də respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq imtahanlarına start veriləcək. Peşə liseylərində yoxlama imtahanı isə fevralın 21-də keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata istinadən, artıq sınaq imtahanlarının keçirilməsinə hazırlıq başa çatıb":Bu günədək imtahanlara hazırlıqla bağlı zəruri tədbirlər yerinə yetirilib. Ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib. Bundan başqa, imtahanların keçirilməsi məqsədi ilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Bu il hər bir imtahan mərkəzinə keçən ildən fərqli olaraq 1 deyil, bir neçə imtahan rəhbəri təyin edilib. Hər mərkəzdə öz biliyini 400 - 500 şagird sınayacaq. İmtahanlara ümumi respublika üzrə 140 minə yaxın 9-cu, 97 mindən artıq 11-ci sinif şagirdi cəlb ediləcək. 9-cular ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla cəmi 50 suala cavab verilməlidir. 11-cilər isə 120 sual olmaqla 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) imtahan ediləcəklər. Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq". Mətbuat xidmətindən onu da bildirdilər ki, monitorinq və qiymətləndirmə şöbəsi həm IX, həm də XI siniflər üçün test külliyyatı tərtib edib. Orta təhsil kursu üzrə 8 fənni əhatələyən testlər I və II hissələr olmaqla 2 kitabda toplanıb. Rus bölməsinin 11-ciləri üçün də ayrıca olaraq 2 kitabdan ibarət test külliyyatı hazırlanıb və nəşrlər yaxın günlərdə məktəblərə çatdırılacaq. Eyni zamanda təhsil kursu üzrə yoxlama imtahanlarına bütün suallar test külliyyatından salınacaq.
       
       
    Sevinc
    Bu yazı 51 dəfə oxunmuşdur.
    Havanın durumu
    EkoloGiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 9-da havanın buludlu, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli, az yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 2-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq. Ayın 10-da havanın dəyişkən-buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, səhər şimal küləyinə keçəcək. Gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacaq. Fevralın 11-də hava dəyişkən-buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq. Ölkənin rayonlarında ayın 9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntı olacağı ehtimalı var. Gecə 3-8 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Fevralın 10-11-də havanın əsasən yağmursuz kecəcəyi, kecə və axşam saatlarında az yağıntı olacağı ehtimalı var. Gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
       
       
    Mirvari
    Bu yazı 40 dəfə oxunmuşdur.
    600-ə yaxın əcnəbi Azərbaycandan deportasiya olunub
    Əlövsət Əliyev: "Əksəriyyəti qanuns əmək fəaliyyəti göstərib"
    "Miqrantların hüquqları ən çox 2009-cu ildə pozulub. Onlara qarşı heç vaxt ötənildəki qədər zorakılıq halları baş verməyib" - bu fikirləri "Həftə içi"nə açıqlamasında Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev səsləndirdi.
       
       
       
       Onun sözlərinə görə, mərkəzə daxil olan müraciətlərin məzmunundan belə nəticə çıxarılır: "Miqrantlar hüquqlarının pozulması ilə bağlı bizə minlərlə müraciət ünvanlayırlar. Eyni zamanda Azərbaycanda vətəndaşlığın verilməsindən imtina halları çoxalıb. Bundan başqa, qaçqın statusunun verilməsi ilə bağlı çox ciddi problemlər var. Bu sahədə beynəlxalq təşkilatların səlahiyyətləri məhdudlaşdırılıb".
       
       Azərbaycanda Çin miqrantlarından ibarət mafioz şəbəkənin fəaliyyət göstərməsi və onların adam oğurluğu ilə məşğul olması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Ə.Əliyev dedi ki, hazırda ölkəmizdə 7 - 8 min Çin vətəndaşı yaşayır: "Azərbaycanda minlərlə çinli yaşayırsa, onlara qarşı və ya onların bir-birinə qarşı cinayətə yol vermələri təbii qəbul edilməlidir. Cinayət sosial hadisədir və cəmiyyətdə olmalıdır. Ona görə də bunu şişirtmək, hansısa mafioz qruplaşmalarla əlaqələndirmək düzgün deyil. Mən buna ciddi hal kimi baxmıram. Bəziləri bunu xüsusi qabardırlar ki, onlara qarşı daha ciddi tədbirlər görülsün. Miqrantların Azərbaycandan deportasiya edilməsi üçün ictimai rəy fomalaşdırılır".
       
       Azərbaycanda hər gün əcnəbilərə qarşı cinayət törədildiyini önə çəkən ekspert onu da əlavə etdi ki, onlar müxtəlif qanunsuz fəaliyyət sahələrinə cəlb edilirlər: "Bir çox yerdə işlədildikdən sonra əməkhaqları ödənilmir. Hüquq-mühafizə orqanları bu məsələlərə bağlı bir dəfə də olsun bəyanat yaymırlar. Amma əcnəbi tərəfindən cinayət törədilən kimi həmin fakt dərhal ictimailəşdirilir". Ə.Əliyev dedi ki, təqribən 1 ilə yaxın müddətdə 600-ə yaxın əcnəbi Azərbaycan ərazisindən deportasiya olunub. Onlardan 300-ə qədəri Pakistan, 100 nəfəri Çin vətəndaşıdır: "Bu siyahını Əfqanıstan, Türkiyə, İran vətəndaşları tamamlayır. Həmçinin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alan təqribən 5 minə yaxın əcnəbi var. Əksəriyyəti isə qanunsuz əmək fəaliyyəti ilə məşğul olandır. Onları qanunsuz əmək fəaliyyətinə cəlb etmək niyyəti ilə Azərbaycana dəvət edən şirkətlər də var. Dövlət kimi istəsə Azərbaycana buraxa və ya buraxmaya bilər. Əslində ölkəyə bütün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin dəvəti ilə gəlməlidir. Amma hələ Azərbaycanda bu sistem qurulmayıb. Kim istəyirsə əcnəbiləri Azərbaycana gətirir, nəticədə onlar da müxtəlif cinayətlərin qurbanına çevrilirlər".
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 48 dəfə oxunmuşdur.
    "Məişət malları" ASC satılır
    Bununla bağlı investisiya müsabiqəsi elan edilib
    Əmlak Məsələləri Dövlət Komitəsi "Məişət malları" ASC-nin səhmlərinin özəlləşdirilməsi ilə bağlı müsabiqə elan edib. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovdan aldığımız məlumata istinadən, şərtlərə əsasən, investisiya müsabiqəsində yerli investorlarla yanaşı, xarici sərmayəçilər də iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyənləşdirilmiş şərtlər daxilində maksimum həcmdə sərmayə qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək. Qeyd edək ki, səhmdar cəmiyyətin əsas fəaliyyətini plastik kütlədən hazırlanmış məmulatlar, ətriyyat məhsulları, habelə kağız məmulatlar və divar kağızlarının istehsalı, satışı təşkil edir. Müsabiqədə iştirak etmək istəyənlər beynəlxalq və müasir tələbləri özündə cəmləşdirən investisiya proqramı hazırlamalıdırlar. Bununla yanaşı, proqramda səhmdar cəmiyyətin səhmlərinin alğı-satqı müqaviləsi imzalandığı tarixdən 60 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 faizə qədərinin) pul vəsaiti şəkilində cəmiyyətin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təkliflər əksini tapmalıdır. İnvestorlar həmçinin dövlət büdcəsinə ödəniləcək 150.000 manat vəsaitdən az olmamaq şərti ilə müvafiq təklif verməlidirlər. Müsabiqənin qalibi səhmlər üzrə alğı-satqı müqaviləsinin imzalandığı tarixdən 60 təqvim günü müddətində təklif etdiyi pulu büdcəyə köçürməlidirlər. Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu 5 mart 2010-cu il tarixinədək, müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə martın 10-dək həyata keçiriləcək.
       
       
    Sevinc
    Bu yazı 42 dəfə oxunmuşdur.
    Sumqayıt varlanıb
    SUMQAYIT şəhər İcra Hakimiyyətindən "Həftə içi"nə verilən məlumata görə, 2009-cu il ərzində adıçəkilən şəhər üzrə ümumi məhsul buraxılışının (ÜMB) həcmi 392 milyon manat təşkil edib. ÜMB-nin tərkibində qeyri-dövlət sektorunun payı 77 faizə çatıb: "Qeyd edək ki, son 6 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2 milyard 440 milyon manat olub. Bundan əlavə, ötən il ərzində Sumqayıtın sənaye müəssisələrində məhsul buraxılışının həcmi isə 155 milyon manat təşkil edib".
       
       
    Təbriz Vəfalı
    Bu yazı 42 dəfə oxunmuşdur.
    Metoro "Məşədi Əzizbəyov"un adı dəyişəcək
    MƏşƏdi Əzizbəyovun xalq düşməni elan edilməsi və onun 1918-ci ildə erməni-rus quldur birləşmələri tərəfindən türk-müsəlman əhalisinin qətliamında iştirakı sübuta yetirildikdən sonra respublika ərazisində onun adını daşıyan obyektlərin adının dəyişdirilməsi, heykəlinin isə sökülməsi məsələsi gündəmə gəldi. Artıq paytaxtın mərkəzi küçələrinin birində yerləşən M.Əzizbəyovun heykəli söküldü. İndi isə metronun "Məşədi Əzizbəyov" stansiyasının adının dəyişdirilməsi ilə bağlı məlumatlar səslənir. Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün Bakı Metropoliteninin mətbuat xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, uzun illər bolşevik kommissar Məşədi Əzizbəyovun adını daşıyan stansiyasının adının dəyişdirilməsi ilə bağlı bu günlərdə müəssisədə müzakirələr aparılıb: "Hələlik adın dəyişdirilməsi məsələsinin nə vaxt və nə ilə əvəz ediləcəyi məlum deyil. Ancaq mümkündür ki, Bakı Metropoliteni yaxın zamanlarda "Məşədi Əzizbəyov" stansiyasının adının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət etsin. Həmin stansiyanın adının dəyişdirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi də nəzərdə tutulur. Yaxın vaxtlarda yeni adla bağlı təklif hazırlanması da gözlənilir".
       
       
    Mirvari
    Bu yazı 41 dəfə oxunmuşdur.
    Balıqçılar dənizə düşüb
    FÖVQƏLADƏ Hallar Nazirliyindən "Həftə içi"nə verilən məlumata görə, Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında dənizdə balıqçı qayığı çevrilib. Nəticədə qayıqda olan 2 nəfər dənizə düşüb. Batdıqları ehtimal edilən həmin şəxslərin axtarışları dalğıc-xilasedicilər tərəfindən aparılır. İlkin ehtimala görə, hadisəyə güclü külək səbəb olub: "Bakının Əzizbəyov rayonunda "Mercedes-Benz" və "İsuzu" markalı 2 minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, xəsarət alanlar olub. Yaralılar xəstəxanaya aparılıb. Bakının Yasamal rayonunda isə ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 3 mənzildən ibarət yaşayış evinin yanar konstruksiyaları və həmin mənzillərdə olan əşyalar ümumilikdə 140 kv.m sahədə yanıb. Dağılmış konstruksiyalar altında qalmış 1 nəfər yaralı şəxs və 1 ev heyvanı yanğınsöndürənlər tərəfindən xilas edilib, 4 nəfər təxliyə olunub, həmçinin bitişik evlərin yanğından mühafizəsi həyata keçirilib. Yaralı xəstəxanaya aparılıb. Yanğınsöndürənlər yanğını söndürüblər".
       
       
    Bu yazı 38 dəfə oxunmuşdur.
    676 cinayət baş verib
    GƏNCƏ şəhər Polis İdarəsindən "Həftə içi"nə verilən məlumata görə, ötən il adıçəkilən şəhərdə törədilən cinayətlərin 95,2 faizinin üstü açılıb. 2008-ci ildə isə bu göstərici 95,1 faiz olub. Ötən il törədilmiş 676 cinayət faktından 9-u qəsdən adamöldürmə, 5-i adam öldürməyə cəhd, 15-i sağlamlığa ağır, 16-sı az ağır zərbəvurma, 190-ı döymə və yüngül xəsarət, 3-ü zorlama, 3-ü seksual xarakterli hərəkətlər olub: "Həmçinin şəhərimizdə 62 oğurluq, 46 dələduzluq, 5 mənimsəmə və israfetmə, 11 soyğunçuluq, 2 quldurluq, 6 avtomobilqaçırma, 47 xuliqanlıq, 93 narkotiklərlə bağlı, 34 ölümlə nəticələnən yol-nəqiliyyat qəzası, 6 vəzifə səlahiyyətlərini aşma, 11 insan alveri və 13 fahişəlik faktı qeydə alınıb".
       
       
    Bu yazı 40 dəfə oxunmuşdur.
    Ərzaq məhsulları bahalaşıb
    SON günlər Azərbaycanda ərzaq mallarının bahalaşması müşahidə edilir. Son 1 ay ərzində kərə yağlarının qiyməti növündən asılı olaraq 8 - 15 faiz artıb. Ən çox bahalaşan "Ankor" yağıdır ki, onun topdansatış qiyməti 6 manatdan 7 manata qalxıb. Zelandiya yağlarının kiloqramı 50 qəpik artıb. Yerli istehsala məxsus duru yağlar isə 5 - 6 faiz bahalaşıb. Qiymət artımı özünü şəkər tozunda da göstərib. Son 1 ayda şəkər tozunun kiloqramının topdansatış qiyməti təqribən 4 faiz bahalaşaraq 79 qəpikdən 83 qəpiyə, qəndin kiloqramı isə 90 qəpikdən 93-ə qalxıb. Ölkənin əsas şəkər tozu istehsalçısı olan "Azərsun" şirkəti şəkərin qiymətinin artmasını dünya bazarında şəkər çuğundurunun bahalaşması ilə izah edir. Amma şirkət əmin edir ki, Azərbaycanda qiymət artımı dünya bazarına nisbətən qat-qat aşağıdır. Çünki dünyada qiymət artımı təqribən 25 faiz olub. Qiyməti artan malların bir hissəsi Rusiyadan gətirilənlərdir. Qonşu ölkədən gətirilən peçenye və un məmulatları 8 - 10, balıq konservləri isə 4 faiz bahalaşıb. Ən çox bahalaşan ərzaq mallarından biri də süd məhsullarıdır. Rusiyadan gətirilən və yerli istehsal olan süd məhsullarının əksəriyyətinin qiyməti təqribən 10 faiz artıb.
       
       
    Bu yazı 46 dəfə oxunmuşdur.
    Daşınmaz əmlak bazarında durğunluqdur
    "V.E.S. Konsaltansi" MMC-nin Gəncə filialından "Həftə içi"nə verilən məlumata görə, qədim paytaxtda daşınmaz əmlakın qiyməti 20 faizədək ucuzlaşsa da, ev alanlar demək olar ki, yoxdur. Məlumatda vurğulanır ki, bu ilin əvvəlindən daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir: "Ötən ilin sonu müəyyən qədər alğı-satqı var idi. Amma bu ilin əvvələrində satış dayanıb. Buna səbəb ipoteka kreditlərinin dayandırılmasıdır. 3 ay öncə 45 min manata satışa çıxarılan həyət evinin qiyməti indi 35 min manata düşüb. 4 otaqlı bina evinin dəyəri isə 80 min manatdan 60 min manata enib. Hazırda Gəncədə yeni tikilən bina evlərinin kvadratmetrinin qiyməti 600 manatdan 500 manata endirilib. Torpaq sahələri isə yerindən asılı olaraq 3 - 15 min ABŞ dolları arasında dəyişir".
       
       
    Bu yazı 38 dəfə oxunmuşdur.
    Şaxta ziyanvericiləri məhv edib
    SAMUX rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun "Həftə içi"nə verdiyi məlumata görə, bir müddət öncə havaların şaxtalı keçməməsi taxıl bitkilərinin inkişafına müsbət təsir edəcək. Çünki sözügedən bitkilər şaxtalar düşənə kimi yarovizasiya mərhələsini keçib, kollanma fazasında olmalıdır ki, erkən yazda da inkişafı davam etsin: "Adətən normal halda oktyabrda səpin aparıldıqda dekabr ayında şaxtalar düşür və bitki 60 günə kollanma fazasında inkişafını dayandırır. Lakin ötən payızda səpin gecikdirilərək noyabrın axırı - dekabrın əvvəlində keçirildiyi üçün yanvarın sonu bitkilər kollanma fazasına daxil olub. Bildirək ki, ötən il ölkənin qərb bölgəsində təxminən 65 min hektar sahədə payızlıq taxıl əkilib. Fevralda müşahidə edilən şaxtalar dənli bitkilərin yerüstü hissəsində heç bir problem yaratmayıb, erkən yazda bitkilərdə normal inkişaf gedəcək. Onu da bildirək ki, havaların şaxtasız keçəcəyi təqdirdə əkin sahələrində ziyanvericilərin sayının çoxalacağından və sonucda məhsuldarlığın aşağı düşəcəyindən ehtiyat edirdik. Amma şaxtalı havalarda zərərvericilərin bir qismi torpağın alt qatlarına keçir, digər qismi də soyuqdan məhv olub gedir. İsti havalarda isə ziyanvericilər bitkilərin yerüstü hissələrini məhv edirlər. Son günlərdə müşahidə edilən şaxta da məhvetmə prosesinə səbəb olub".
       
       
       
       
       
       
       
       
       
       
       
       
    Təbriz Vəfalı
    Bu yazı 40 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2279)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2254)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2251)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2246)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2242)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17