Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Uşaqlar bizim gələcəyimizdir
    Onların hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondu mühüm işlər görür
    İnsan Hüquqları ilə bağlı Milli Fəaliyyət Planında əsas diqqət yetirilməsi vacib sayılan məsələlər sırasında uşaqların hüquqlarının müdafiəsi və mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı beynəlxalq konfransların təşkilidir. Bu işlərin həyata keçirilməsində Azərbaycanın dünyada tanınmış qeyri-hökumət təşkilatı olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.
       
       
       
       Məhz Fondun gördüyü işlərin həcmini nəzərə alaraq onun bu sahədəki fəaliyyətinə ayrıca olaraq diqqət ayırmaq qərarına gəldik. Qeyd edək ki, uşaqların hüquqlarının müdafiəsi, baxımsız uşaqların cəmiyyətə və dövlətə yararlı vətəndaş kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondu bir sıra mühüm layihələr gerçəkləşdirib. Onların arasında oktyabrın 22-də Bakıda, "Gülüstan" sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans xüsusilə qeyd olunmalıdır. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və "Azercell" şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Həmin tədbirdə də vurğulandı ki, son illər ərzində ölkənin iqtisadi-sosial vəziyyətində böyük və əsaslı dəyişikliklər baş verib. Azərbaycan dayanıqlı iqtisadi inkişafa qədəm qoyub və bununla da insanların layiqli həyatı üçün münbit zəmin yaradılıb. Bütün bunlar ilk növbədə ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, xüsusən də uşaqların müdafiəsi sahəsində konkret addımların və ümumilikdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb. Ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində yaxşı irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hərtərəfli dəstək verir. Qeyd edək ki, dövlətin və Fondun bu sahəyə diqqəti beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardın sözlərinə görə, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunvericilikdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yardımla təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş miqyasda inkişaf etdirilməsinə töhfələr verir. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən ölkədə uşaq evləri, uşaq bağçaları, orta məktəblərin yenidən inşası və əsaslı təmiri ilə bağlı artıq neçə illərdir ki, ardıcıl olaraq proqram layihələr reallaşdırılır. Hər il yüzlərlə məktəb Fondun vəsaiti hesabına əsaslı təmir olunur. Bu məktəblərin açılışında Fondun rəhbəri Mehriban xanım Əliyeva da yaxından iştirak edərək şəxsən görülən işlərlə maraqlanır. Uşaqların hüquqlarının müdafiəsi Fondun beynəlxalq əməkdaşlıq əlaqələrində də özünü göstərir.
       
       Məhz 2007-ci ilin noyabrında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin tikintisi ilə bağlı Heydər Əliyev Fonduyla layihənin maliyyə dəstəyini öz üzərinə götürən Rusiyanın "Uralsib" maliyyə korporasiyası arasında anlaşma memorandumu imzaladılar. 2008-ci ilin yanvarın 25-də isə Heydər Əliyev Fondu ilə ABŞ-ın "Uşaqların Xilası" (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumu imzalanıb. Qeyd edək ki, "Uşaqların Xilası" dünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır. Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma memorandumu uşaqların fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyəti nəzərdə tutur.
       
       Fond tərəfindən mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı beynəlxalq konfransların təşkili, bu sahədə Azərbaycanın beynəlxalq aləmdəki rolunun artırılması istiqamətində də mühüm təşəbbüslər reallaşıb. Bu cür konfransların təşkilinə hələ 2006-ci ildən başlanılıb. Belə tədbirlərdən biri də 2006-cı ilin noyabrında təşkil olunan "Gənclər sivilizasiyaların alyansı naminə" adlı beynəlxalq konfransdır. Həmin tədbirdə M.Əliyeva ilə yanaşı, Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd və bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdilər. Həmin konfransda "Gənclər sivilizasiyaların alyansı naminə: arzular həyata keçir" filmi nümayiş olundu. Filmdə Azərbaycanda mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradılması təşəbbüslərinin əsas məqsədləri vurğulanırdı.
       
        Məhz bu konfransda Azçərbaycan gəncləri ilə yanaşı, bütün dünya gənclərinin mədəniyyətlərarası dialoqun inkişafında vacib rol oynamasının əhəmiyyəti vurğulandı. Məhz bu tədbirdən sonra gənclərin bu sahəyə olan diqqətinin artması müşahidə edildi. Artıq müxtəlif beynəlxalq təşkilatların gənclər qolu azərbaycanlı həmkarları da daxil olmaqla bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər. Bu tədbirlər sırasında 2006-cı ilin aprelində Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans da mühüm yer tutur. Bu istiqamətdə dligər mühüm bir tədbir isə 2008-ci ilin iyununda "Gülüstan" sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük beynəlxalq forum oldu. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkələrin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirdilər. Tədbirdə mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmağın vacibliyi önə çəkildi. Bu sahədə qadınların oynaya biləcəyi çox mühüm rollar barədə danışıldı.
       
       
    Azad Əliyev
    Bu yazı 4383 dəfə oxunmuşdur.
    Qəzetlər insan hüquqlarına necə işıqlandırır?
    Baş redaktorlar nəşrlərində bu məsələyə geniş yer ayırdıqlarını deyirlər
    Bu gün insan hüquqlarının qorunmasında kütləvi informasiya vasitələrnin (KİV) rolu əvəzsizdir. Hüquqları pozulan şəxslərin mətbuata müraciət etməsi hallarına az rast gəlmirik. Bir çox hallarda vətəndaşların problemləri mətbuat vasitəsilə öz həllini tapır. Bu səbəbdən də hər bir mətbuat orqanının insan hüquqları sahəsinə önəm verməsi zəruridir. Baş redktorlar arasında keçirdiyimiz sorğuda onların rəhbərlik etdiyi qəzetlərin sözügedən sahəyə nə qədər önəm vermələri ilə maraqlandıq.
       
       ı Gündəlik ictimai-siyasi qəzet olduğu üçün "Mərkəz"in gündəlik xəbərlərə, həmçinin dünyada gedən proseslərə daha çox yer ayırdığını diqqətə çatdıran adıçəkilən mətbu orqanın redaktoru Nəmənt Rüstəmov bildirdi ki, insan haqlarının bütün sahələrini əhatə etməyə çalışırlar: "Uşaqların, qadınların, bir sıra hallarda milli azlıqların hüquqları ilə bağlı yazılar dərc edilir. Amma əsasən işgüzar sahədə olan problemlər, onların həlli yollarını araşdıran mövzulara üstünlük veririk. Fəaliyyətimizin geniş və şaxəli olmasına çalışırıq. Özümüz də "Uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunun artırılması" mövzusunda layihənin qalibi olmuşuq. Yeri gəlmişkən, bu layihə çərçivəsində uşaqların təhsil, əylənmək, düzgün informasiya alması hüququnu araşdırırıq".
       
       ı Azərbaycanda prioritet məsələlərdən birinin insan hüquqları olduğunu önə çəkən "Ölkə" qəzetinin baş redaktoru Rafael Becanov vurğuladı ki, insan hüquqları ilə bağlı mövzuları həmişə gündəmdə saxlamağa çalışırlar: "Bu sahədə baş verən hadisələrin ictimailəşməsində maraqlıyıq. Həmçinin istəyirik ki, insan hüquqları ilə bağlı problemlərin aradan qaldırılmasının iştirakçılarına çevrilək".
       
       ı Azərbaycan mətbuatında insan haqları ilə bağlı yazılara yer verildiyini diqqətə çatdıran "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas dedi ki, daha çox "Yeni Müsavat" bu sahəyə üstünlük verir: "Amma "Yeni Müsavat" və "Azadlıq" qəzetləri insan hüquqları ilə bağlı mövzuları siyasi istiqamətdə işləyirlər. Müstəqil qəzetlər isə bu mövzuya digər formada yanaşırlar". "Ədalət" qəzetinə gəlincə isə A.Abbas söylədi ki, adıçəkilən mətbu orqanın işi elə insan haqlarını qorumaqdan ibarətdir: "İnsan haqlarını qorumağın iki formatı var. Avropa məhkəmələri səviyyəsində səs-küy qaldırmaq və haqqı tapdanan insanlara yardım etmək. Biz ikinci varianta üstünlük veririk. Nahaq həbsə atılan, haqqı tapdanan şəxslərin hüquqlarını qoruyuruq".
       
       ı "Bizim qəzeti açsanız, görərsiniz ki, orada insan hüquqları ilə bağlı kifayət qədər yazılar dərc olunur" deyən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev vurğuladı ki, prokurorluq, məhkəmələr, polis, bələdiyyələr, icra hakimiyyətləri tərəfindən hüquqları pozulan insanlarla bağlı yazılara daha geniş yer verilir. Onun sözlərinə görə, son bir neçə nömrədə silsilə yazılar dərc edilib: "Məsələn, göstərmişik ki, Respublika Prokurorluğunda ittihamçı prokuror vəzifəsində çalışan Şamil Quliyev azyaşlı qızın hüquqlarını tapdalayır. Sonradan da ona cinayət işi qaldırır. Bundan başqa, Şirvan şəhərində hər hansı bir həkimin törətdiyi özbaşınalıqlarla bağlı mövzuya toxunmuşuq. Demək olar ki, hər nömrəmizdə insan hüquqlarının pozulması problemlərinə toxunuruq".
       
       ı "İnsan hüquqlarının qorunması, insanların hüquq və azadlıqları, demokratiya ilə bağlı yazılar veririk" deyən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, bu həm sosial problemlərlə və digər məsələlərlə bağlı ola bilər.
       
       ı "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva isə söylədi ki, kiminsə hüquqları ilə bağlı keçirilən mətbuat konfransları həmişə işıqlandırılır. X.Baxşəliyevanın sözlərinə görə, oxucuların qarşılaşdıqları problemlər, onların hüquqlarının pozulması ilə bağlı qəzetə şikayətlər daxil olur: "Qarşı tərəfin mövqeyini öyrənmək şərti ilə bu müraciətlərin hamısıyla bağlı yazılar dərc edilir. Bununla da biz problemli şəxslərin hüquqlarının müdafiəsinə kömək etmiş oluruq, eyni zamanda, digərlərini də buna dəvət edirik. Bu yazıların dərc edilməsi həmin şəxslərin köməyinə çatır. Müxbirlərin özləri də bu sahəyə maraqlıdır. Əksər hallarda planlaşdırmada belə təkliflər müxbirlərdən gəlir. Əgər müxbir şikayətçinin məktubunu araşdırmağa maraq göstərirsə, həm də özü üçün informasiya mənbəyi də əldə edir. Problem həll ediləndə isə jurnalist nəyəsə nail olduğuna görə sevinir".
       
       ı "Ekspress"də cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir şəxsin hüququnun müdafiəsinə önəm verildiyini deyən adıçəkilən qəzetin redaktoru Qalib İbrahimoğlu söylədi ki, bundan sonra da bu missiya davam edəcək: "Müxbirlərimiz də bu sahədə yazmağa maraqlıdır. Hətta əməkdaşlarımızdan biri bu yazılarda qeyri millətlərdən olan bir nəfərin hüquqları ilə bağlı araşdırma yazıb".
       
       ı "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da bu sahəyə önəm verdiklərini dedi: "Müxtəlif ekspertlərin münasibəti öyrənilir. Demək olar ki, hər gün insan hüquqları mövzusunda yazılar veririk".
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 4401 dəfə oxunmuşdur.
    QHT-lər MFP-dən necə istifadə edir?
    Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 28 dekabr 2006-cı ildə imzalanmasından sonra hökumət tərəfindən MFP-nin icrasına yönəlik bir sıra addımların atıldığını görmək olar. Bu prosesdə insan haqları ilə məşğul olan QHT-nin işinə gəldikdə isə bunu onların özündən soruşmaq istədik.
       
       
       
       ı Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (AQHMC) sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu rəhbərlik etdiyi QHMC-nin gördüyü işlər barədə danışarkən bunları bildirdi: "Biz ölkə prezidentinin 2006-cı ildə imzaladığı insan haqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planından istifadə edirik. Amma MFP-dəki bir sıra məsələlərə əməl edilmir. Misal üçün, qadınların zorakılığa məruz qalmasının qarşısını almaq məqsədilə hüquqi bazanın yaradılması vacibdir. Bu yöndə qanunun qəbul ediləcəyi də bildirilib. Hətta demişdilər ki, oktyabr - noyabrda bu yöndə qanun müzakirəyə çıxarılacaq. Biz bu qanunun adının qadınların zorakılığa məruz qalmasının qarşısının alınması ilə bağlı olmasını istəyirdik. Amma dedilər ki, qanunun adı "Məişət zorakılığı haqqında" olacaq. Biz bununla da tam razılaşdıq. Ancaq konkret demirlər ki, bu qanun nə zaman qəbul ediləcək, mexanizm necə işləyəcək, kim buna cavabdeh olacaq. İcrasına nəzarət necə olacaq, hamısı bilinməlidir. Ümumi mexanizm olmadan qanunun qəbulunun əhəmiyyəti itə bilər. Bu yöndə mövcud vəziyyət ictimaiyyətə bəlli deyil. Mən hesab edirəm ki, qanunun qəbulundan öncə ictimai müzakirələr keçirilməli və əhali bu yöndə maarifləndirilməlidir".
       
       Hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın MFP-dən irəli gələn məsələləri necə yerinə yetirdiyinə gəldikdə isə vurğuladı ki, QHMC əsasən qadınlara qarşı zorakılığın aradan qaldırılması yönündə seminarlar, konfranslar, "dəyirmi masa"lar, qadınların iştirakı ilə treninqlər keçirmək yolu ilə müəyyən işlərə üstünlük verir: "Eyni zamanda, erkən nikahların qarşısının alınması, bu yöndə maarifləndirmə işinin sürətləndirilməsinin də həyata keçirilməsində aktiv rol oynaya bilirik. Həmçinin qadınların seçkilərdə aktiv rolunun artırılması işini həyata keçiririk. Yəni qadınlar seçkilərdə aktiv olsunlar, namizədliklərini irəli sürmə qaydalarına yiyələnsinlər". Hüquq müdafiəçisi qeyd etdiyi işləri reallaşdıran zaman dövlət qurumları ilə əməkdaşlıq edib-etmədiklərinə gəldikdə isə vurğuladı ki, QHMC vasitəsilə keçirilən bütün seminarlar, treninqlər, "dəyirmi masa"lar dövlət qurumlarının iştirakı ilə reallaşdırılır: "Bizim üçün vacib olan odur ki, dövlət qurumları mövcud problemlərə görə onları dinləyə bilsinlər. Mən sizi əmin edim ki, elə dövlət qurumları var ki, məhz bizim keçirdiyimiz həmin tədbirlər zamanı 2006-cı ildə ölkə prezidenti tərəfindən belə bir MFP-nin imzalandığı haqqında məlumatlanırlar. Erkən nikahlarla bağlı olan tədbirlərimizdə paytaxt rayonlarının, eyni zamanda əyalət rayonlarında yerləşən Vətəndaş Vəziyyəti Aktları Qeydiyyatı Şöbəsinin (VVAQ) əməkdaşları da iştirak edirlər. Ona görə də həmişə çalışmışıq ki, dövlət orqanları ilə işləyək".
       
       ı Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli isə MFP-dən irəli gələn işləri təşkilat olaraq gördüklərini bildirsə də, əsasən dövlət qurumları ilə deyil, beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiklərini bildirdi. Təşkilat rəhbəri bütün bunlara baxmayaraq, insan hüquqularının pozulması yönündə qarşılaşdıqları məsələlərlə bağlı dövlət qurumlarına müraciət etdiklərini də vurğuladı. M.Mütəllimli hazırda bir sıra sahələr üzrə layihələrinin olduğunu desə də, bu layihələrin maliyyələşməsi üçün beynəlxalq donor fondlara müraciət etdiklərini və onların ayıracağı maliyyə dəstəyi hesabına bu işlərin görülməsini vacib saydı.
       
       ı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da QHT olaraq MFP-dən irəli gələn məsələlər və görülən işlər barədə məlumat verdi: "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planında bir çox aspektlər öz əksini tapıb. Amma orada əsas vurğulanan odur ki, Azərbaycanın hər bir vətəndaşının konstitusiya ilə təsbit edilən hüquqları müdafiə edilməlidir. Təəssüflər olsun, ölkəmizdə bu mümkün olan məsələ deyil. Hər bir vətəndaşın hansısa anda hər hansı bir dövlət məmuru tərəfindən hüquqları tapdalanır. Yəni bu gün MFP-nin üzərində işləmək lazımdır. İşləyən də bizlər olmalıyıq, vətəndaş cəmiyyətinin təmsilçiləri. Belə hallarla qarşılaşan, üzə çıxaran, insanlara yardım əlini uzadan bizlərik. Çünki etiraf etmək lazımdır ki, dövlət strukturları bir çox hallarda məhz o planın əksinə olaraq insanların hüquqlarının müdafiəsini ləngidirlər. Ona görə də sözsüz, bizə müraciət edən vətəndaşların pozulan hüquqları ilə bağlı işlər görürük. Yəni biz də öz səlahiyyətlərimizdən istifadə edərək müvafiq orqanlara, Ombudsmana, DİN-ə, Respublika Prokurorluğuna, məhkəmələrə, Ədliyyə Nazirliyinə müraciət edib çalışırıq ki, o halları aradan qaldıraq". Hüquq müdafiəçisi dövlət orqanları ilə görülən işlər zamanı əməkdaşlıq edib-etmədiklərinə gəldikdə isə vurğuladı ki, bir çox nazirliklər QHT-lərlə, xüsusilə də hüquq müdafiəsi ilə məşğul olan QHT-lərlə əməkdaşlıqdan qaçırlar: "Bunu etiraf etmək lazımdır. Yəni onlar hələlik MFP-nin qiymətini anlamırlar. Amma həmin nazirliklərə örnək Ədliyyə, DİN ola bilər. Bildiyiniz kimi, ƏN ilə İctimai Komitə çərçivəsində bir çox məsələləri həll edirik. Misal üçün, hər hansı bir pozuntu olanda DİN-ə müraciət edəndə onlar çalışırlar ki, həmin halı nəzarətə alsınlar, mümkün qədər kömək etsinlər. Amma elə nazirliklər var ki, bizi qabağa belə buraxmır. Belə halların qarşısını almaqdan ötrü MFP ilə bağlı həmin nazirliklərdə iclaslar, toplantılar keçirilməlidir ki, o məmurlar anlasın ki, MFP nədir? Ümumiyyətlə, insan hüquqları nədir?".
       
       ı Qadın Konsensus Mərkəzinin rəhbəri, millət vəkili Aynur Quliyeva (Camalqızı) ilə danışaraq onun rəhbərlik etdiyi QKM-in bu yöndə fəaliyyəti ilə maraqlandıq. A.Camalqızı bildirdi ki, rəhbərlik etdiyi mərkəzin Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə bölgələrdə həyata keçirdikləri insan hüquqları, gender balansının qorunmasına dair layihələri qalib gəlib: "Bu da ondan ibarət idi ki, biz bilək ki, gender bərabərliyi haqqında Azərbaycan Respublikası qanunu barədə bölgələrdə insanlar nə dərəcədə məlumatlıdırlar. Biz bu yöndə monitorinqlər keçirdik. Eyni zamanda, bölgələrdə vətəndaşlarla "dəyirmi masa"lar və seminarlarda bu yöndə müzakirələr apardıq".
       
       Millət vəkilinin sözlərinə görə, layihənin birinci mərhələsində əhali arasında sorğular aparıblar. Bu sorğularda vətəndaşlara gender, qadın-kişi bərabərliyi ilə bağlı hökumət tərəfindən görülən işlər barədə suallar veriblər: "Amma çox təəssüflər olsun, nəticə ürəkaçan olmadı. Demək olar əksər rayonlarda keçirdiyimiz sorğularda insanların əksəriyyəti gender haqqında qanunun mövcudluğundan xəbərdar deyildilər. Hətta onlar Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin fəaliyyət göstərdiyindən də xəbərsiz idilər". A.Camalqızı seminar və konfransları əsasən Şirvan şəhərində, Tərtər rayonunda keçirdiklərini bildirdi. Onun sözlərinə görə, Tərtərdə keçirilən konfransda Ombudsman Elmira Süleymanova da iştirak edib. Bu tip tədbirləri mərkəz olaraq həyata keçirən zaman dövlət və hökumət orqanları ilə əlaqəli işləyib-işləmədiklərinə gəldikdə isə mərkəz rəhbəri vurğuladı ki, QKM bütün keçirdiyi tədbirlərə dövlət və hökumət orqanlarının nümayəndələrini dəvət edir və onlar da bu işdə iştirak edirlər. A.Camalqızı dövlət və hökumət orqanlarının mərkəzin keçirdiyi tədbirlərdə iştirak etmələrinə onun özünün millət vəkili olmasının da müsbət təsir etdiyini vurğuladı. Maarifləndirmə işlərinə gəldikdə isə bildirdi ki, təəssüflər olsun, MFP-nin imzalanmasından sonra mövcud QHT-lərin bolluğuna baxmayaraq, elə də müsbət irəliləyişlərə nail olunmayıb.
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 4395 dəfə oxunmuşdur.
    Milli azlıqların mədəni irsi qorunur
    Azərbaycan "Milli azlıqların hüquqlarının müdafiəsi haqqında" çərçivə Konvensiyasına Cənubi Qafqazda ilk olaraq qoşulub və respublikamızın müvafiq qanunvericiliyində, o cümlədən ölkəmizdə təsdiq olunmuş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP) milli azlıqların, etnik qrupların da hüquqlarının müdafiəsi, mədəni irsinin qorunub-saxlanılması, eləcə də daha da inkişaf etdirilməsi ilə bağlı müddəaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Beynəlmiləlçi (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər, udinlər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar, ruslar, malakanlar) ölkə olan Azərbaycanda bu məsələyə diqqətin necə ayrıldığı və ölkədə yaşayan etnik azlıqların mədəni irsinin qorunub-saxlanılması ilə bağlı hansı səviyyədə işlərin görüldüyü haqda məlumatları elə onların özlərindən aldıq və bu istiqamətdə bir sıra araşdırmalar apardıq.
       
       
       
       ı Əvvəlcə ölkə əhalisinin 178 min nəfərini təşkil edən ləzgilərin Mədəniyyət Mərkəzinin sədri Şair Həsənovla söhbətləşdik. Ş.Həsənov bildirdi ki, MFP çərçivəsində nəzərdə tutulan insan haqları ilə bağlı bütün müddəalar onlara da tətbiq edilir. Onun sözlərinə görə, ləzgilərin yığcam yaşadıqları bütün bölgə və rayonlarda bu məsələ ilə bağlı yerli icra strukturları tərəfindən maarifləndirmə işləri aparılır: "Ləzgilərin hüquqları Azərbaycan konstitusiyası və digər qanunvericilikdə nəzərdə tutulan hallarla qorunur. Bu məsələdə heç bir problem yoxdur". Ləzgilərin mədəni irsinin qorunub-saxlanılması məsələsinə gəldikdə isə həmsöhbətimiz bildirdi ki, bu işdə də dövlətin köməkliyi hiss edilir. O, bunu təkcə ləzgilərin yox, bütövlükdə Azərbaycanın tarixi abidələri kimi əsaslandırdı. Onu da bildirək ki, ləzgilərin əksəriyyəti Qusar rayonunda məskunlaşıb. Ş.Həsənov bildirdi ki, tarixən Azərbaycanda məskunlaşan ləzgilər mədəni irslərini, adət-ənənələrini, din və dillərini bu vaxtadək qoruyub-saxlayıblar. Onun sözlərinə görə, ləzgilərin "Samur" adında qəzeti nəşr edilir, "Suvar" adlı ansambl fəaliyyət göstərir. Əksər məktəblərdə təhsil ləzgi dilində aparılır. Tarixi abidələrə gəldikdə isə təkcə Qusarda onların yaşı b.e.ə. II minilliklərə gedib çıxır. Qusar ərazisi dəmir dövrünü əhatə edən abidələrlə zəngindir. "Quru pel" ( Hil kəndi ərazisində) yaşayış yeri tarixi baxımdan maraqlıdır. Abidənin maddi-mədəniyyət nümunələrinə əsasən burada təxminən 3000 il fasiləsiz həyatın olduğu sübut edilib.
       
       "Ruşarin pel", "Piren xev", 1544-cü ildə tikilmiş Şeyx-Cüneyd türbəsi ərazinin ən qiymətli abidələrindəndir. Samur çayının sağ sahilində oriyinal tarixə malik qədim Yargun (Həzrə) kəndində ucalan bu abidə bir çox cəhətdən dəyərlidir. Kəndin ən qədim adı "qırmızı" mənasını verən Yargundur. Sonralar isə bu kənd Həzrə adlandırılıb. Türbə günbəzli abidələrdən biri olmaqla, orta əsr Şərq memarlığının ən xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Türbənin içində Şeyx Cüneydin məzarı üstündə qoyulmuş sənduqə (qəbrin üst qapağı) gözəl sənət nümunəsidir. Onu da bildirək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bölgələrdə muzey yaratmaq sərəncamına əsasən 1980-ci ildə Qusar rayonunda Tarixi Diyarşünaslıq Muzeyi yaradılıb. Muzeyin ekspozisiya sahəsi 266 kvadratmetrdir. Muzeyin əsas fondunda 3000-ə yaxın eksponat var ki, bunlardan da1000-nə yaxın ekspozisiya nümayiş etdirilir. Onu da öyrənə bildik ki, rayon ərazisində turist marşrutuna salınmış Qusar rayon Dövlət Rəsm Qalereyası mövcuddur. Qalereya 1986-cı ildə rayonun Hil kəndində açılıb. 1998-ci ildə qalereya Qusar şəhərinə köçürülüb. Hazırda qalereyanın fondunda 101 əsər var. Bunlardan 7-si heykəltəraşlığa, 22-si qrafikaya, 72-si isə boyakarlığa aiddir. Ümumiyyətlə, rayon ərazisində 48 adda ölkə əhəmiyyətli və 18 adda yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri mövcuddur.
       
       ı Azərbaycanda sayca ikinci xalq ruslardır. Onların sayı 141 mindir. Rus İcmasından Azərbaycanda onların da mədəni irsinə böyük qayğı ilə yanaşıldığı bildirildi. Onu da bildirək ki, rusların pravoslav və katoliklərə bölünməsinə baxmayaraq, hər iki tərəfin adət-ənənələri və tarixi abidə kimi sayılan kilsələri qorunub-saxlanılıb, yeniləri tikilib. Hətta bu kimi işlərdə azərbaycanlı iş adamları da köməklik göstəriblər. Məsələn, Bakıda Tbilisi prospektindəki 110 yaşlı rus pravoslav kilsəsini Moskvada yaşayan azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi mərhum Aydın Qurbanov təmir etdirib. Xatırladaq ki, Azərbaycanın bütün ümumtəhsil məktəblərində rus dilinin tədris edilməsi, Bakı Slavyan Universitetinin fəaliyyəti, adət-ənənələri, mərasimlərinin yerinə yetirilməsi onların mədəni irsinin qorunmasına xidmət edən amillərdən biridir. Rus icmasından bildirdilər ki, Azərbaycanda yeddi rus pravoslav kilsəsi fəaliyyət göstərir və onların işində hər hansı problem yoxdur. Bakının mərkəzində, Şamil Əzizbəyov küçəsində yerləşən Müqəddəs Məryəm kilsəsi də bir neçə dəfə təmir edilib. Bakıdakı rus pravoslav kilsələrinin katibi Mifodi Ata deyib ki, ötən il Sumqayıtda da bir rus pravoslav kilsəsi tikilib. Bakıdakı Mixail Arxangel kilsəsi də təmir edilib. Azərbaycandakı rus pravoslav kilsələri həm də qədim mədəni abidə kimi qorunur. Onların hamısı tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Katoliklərin kilsəsi də bu sıraya aiddir.
       
       ı Ölkənin əsasən cənub bölgəsində məskunlaşan talışların sayı isə 70 mindən çoxdur. Talışların da mədəni irsinin qorunub-saxlanılmasında heç bir problemin olmadığı bildirilib. Ölkədə Talış Mdəniyyət Mərkəzi, "Talişi sədo" qəzeti, Dövlət radiosunda talış dilində verilişlər verilir. Talışlar yığcam yaşadıqları Lənkəran - Masallı - Lerik bölgəsində öz adət-ənənəlrini, mədəni irslərini qoruyub-saxlaya biliblər. Məsələn, vaxtilə Lerikdə xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq çox inkişaf edib. Burada geniş yayılan sənət sahələrindən biri də dəmirçilik olub. Bu da ərazidə atçılığın inkişafı ilə bağlı olub. Cənub bölgəsində geniş yayılan el sənətkarlığı nümunələrindən biri də sandıqçılıqdır. Masallının Ərkivan qəsəbəsində qədim el sənətkarlığının bir neçə nümunəsi var: dulusçuluq, dülgərlik, bənnalıq, həsir toxuma. Bölgədə olan xalq yaşayış arxitekturası özünəməxsusluğu ilə seçilir. Bura Ləm adlanan yay evləri də daxildir. 18-19-cu əsrlərdən qalan bu tikililərə daha çox Lənkəran, Astara, Masallı rayonlarında rast gəlinir. Vaxtilə təkcə Astaranın Ərçivan kəndində 50-yə yaxın Ləm mövcud olub. Sonralar təbii fəlakətlərin təsirindən və ya baxımsızlıqdan tikililər dağıntıya məruz qalıb. Yay fəslində ailənin rahat oturub-durması, qonaq qəbul etməsi və gecələməsində Ləmlərin rolu böyük olub.
       
       ı 1999-cu ilin statistikasına əsasən, ölkədə 50 min avar məskunlaşıb. Avar Mədəniyyət Mərkəzinin sədri Maqama Xizriyeviç bildirdi ki, avarlar əsasən yığcam şəkildə Qax - Balakən - Zaqatala bölgəsində yaşayırlar. Milli irsin qorunub- saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində hər bir millətin adət-ənənələri təbliğ olunur: "Belə ki, milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qabaqçöl qəsəbə mədəniyyət evində "Cahan" folklor ansamblı, Şambul kənd mədəniyyət evində "Qızlar" rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində "Təbəssüm" rəqs qrupu fəaliyyət göstərir". Avar xalqına məxsus mədəni-tarixi abidələrin qorunmasına gəldikdə isə öyrəndik ki, Qax rayonunun ərazisində bir sıra tarixi abidələr, qala xarabalıqları var, arxeoloji qazıntılar nəticəsində aşkarlanmış kurqanlar tunc dövrünə aiddir. Məsələn, 10 metr hündürlüyündə dördbucaqlı keşikçi qülləsi (XIV əsr) və mərkəzində məscid yerləşən Sumuq qalası var. Sumuq qalası xalqın yaddaşında Şeyx Şamilin igid məsləkdaşı İlisunun sonuncu sultanı Daniyal bəyin dayağı kimi qalıb. Qaxdan Zaqatalaya gedən yolun kənarındakı Tirməçi kəndi yaxınlığında qocaman palıd meşəsinə gedən ensiz bir cığır var. Bu cığırın sonunda Şamilin naibi Hacı Muradın məzarı yerləşir. Məzarın üstündəki daşın üzərində ərəb dilində bu sözlər yazılıb: "Burada böyük cəfakeş, avar Hacı Murad Xunzaklı dəfn edilmişdir". Balakən rayonunda isə 14 millətin nümayəndəsi yaşayır. Milli irsin qorunub-saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət Sasani dövrünə aid Böyük Sədd - bu qədim tarixi abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı - Balakən magistral yolu boyunca yolun şimalındadır. Minarəli məscid, Nur kilsəsi, Gül qala, Noxo mağarası, Pəri qala XIII - XV əsrlərə aid bir sıra məbədlər tarixi abidə kimi qorunur. Onu da öyrəndik ki, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində isə "Şəlalə" rəqs studiyası fəaliyyət göstərir.
       
       ı 30 min kürdün yaşadığı Azərbaycanda isə yalnız Ronahi Kürd Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzin sədri Kamil Həsənov bizimlə söhbətində bildirdi ki, kürdlərin mədəni irsinin qorunması bir qədər problemə çevrilib. O, bunu kürdlərin yaşadığı Azərbaycan torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğalı ilə bağlayıb: "Kəlbəcər, Laçın və Zəngilanda kürdlərə məxsus bütün mədəni-tarixi abidələr, qəbiristanlıqlar, 14 - 15-ci əsrlərə aid Məlikəjdər, Ciciboğazı, Minkənd, Kotos kəndində o qədər tarixi abidələrimiz var idi ki, hamısını ermənilər dağıdıblar. Bircə Goranboyda Səfikürd kəndində Şəddadilər dövründən qalan abidəmiz qorunub-saxlanılır". K.Həsənov bütün bunlara baxmayaraq həm işğal dövrünədək, həm də bu gün doğma torpaqlarından qaçqın düşən kürdlərin adət-ənənələrinin qorunub-saxlanıldığını dedi: "Mədəniyyət Mərkəzimiz, "Dange Kürd" adlı qəzetimiz, ansamblımız var". K.Həsənov onu da dedi ki, kürdlərin hüquqlarının qorunub-saxlanılması məsələsində də heç bir problem yoxdur.
       
       ı 60 mindən çox Axıska türkünün bir çoxu respublikamızın Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Şamaxı, Şəmkir, Gəncə bölgələrində məskən salıb. Lakin Azərbaycan və Türkiyə türklərinin hər ikisinə eyni dərəcədə yaxın olan bu elin tarixi, özünəməxsus maddi-mənəvi mədəniyyəti hələ də dərindən araşdırılmayıb. Buna baxmayaraq ölkəmizə köç edən Axıska türkləri də özləri ilə adət-ənənələrini, mədəni irslərini gətiriblər. Milli mətbuat, məktəb, ərazi birliyindən məhrum olan Axısla elinin qəriblik həyatında folklor müstəsna rol oynayır, milli varlığı, etnik yaddaşı qoruyan ən önəmli qüvvə kimi inkişaf edir. Azərbaycanda onların "Vətən" cəmiyyəti fəaliyyət göstərir. Folkloru ilə zəngin olan axıskalılar bu sənəti Azərbaycanda da yaşadırlar. Cəmiyyətin sədri İbrahim Burhanov bildirib ki, bu çağdaş folklor nümunələri Türk Dünyasının ən faciəli günlərinin yadigarıdır, türk ruhunun əbədiliyinə böyük abidədir: "Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın müxtəlif bölgələrində məskunlaşmış Axıska türklərinin milli ruhunu, birliyini qoruyan, onları Vətənə bağlayan əsas amillərdən biri xalq sənəti, folklordur. Yanr etibarilə çox zəngin olan Axısqa türk folkloru bir çox cəhətdən diqqəti cəlb edir. Buna görə Axısqa folkloru günümüzə qədər canlılığını qoruyub-saxlayıb, dinamik sosial-mədəni amilə çevrilib. Axısqa türklərinin etnik şüurunda obyektiv tarixlə yanaşı, ideal poetik aləm, mif-folklor dünyası mühüm yer tutur. Xalq ənənəvi mərasim-folklor mühitini gündəlik həyatında, xəyal və düşüncəsində yaşadır və özü də bu mühit daxilində yaşayır". Onu da qeyd edək ki, "Axıska türk folkloru" kitabı da nəşr edilib.
       
       ı Yəhudilərin azərbaycanlılarla qaynayıb-qarışdığı və onların da məskunlaşdıqları ərazilərdə özünəməxsus mədəni irslərinin qorunub-saxlanılması faktdır. Elə bundan irəli gəlib ki, Azərbaycanda üç yəhudi icması - dağ, aşkinaz və gürcü yəhudiləri də fəaliyyət göstərir. Dağ yəhudilərinin sinaqoqunun ravvini Rubin İzmailov bildirdi ki, Azərbaycanda onlar aşkinaz və gürcü yəhudilərinə nisbətən çoxdur. Əsasən də Qubanın "Qırmızı qəsəbəsi"ndə (18-ci əsrdə qubalı Hüseyn Əli xan və oğlu Fətəli xanın himayəsi altında) məskunlaşıblar. Sayları 5 mindir: "Hüquqlarımız və mədəni irsimiz, dilimiz, dinimiz, adət-ənənələrimizin qorunub-saxlanılmasında və daha da inkişaf etdirilməsində heç bir maneə yoxdur. Əksinə, bu işdə dövlət bizə köməklik göstərir". R.İzmayılovun sözlərinə görə, dağ yəhudilərinin Bakıdakı sinaqoqundan başqa, "Qırmızı qəsəbə"də də üç sinaqoq, ayinçilik məqsədilə tikilmiş mikva, kollec, "Səadət sarayı" var. Aşkinaz və gürcü yəhudilərinin də Bakıda sinaqoqları mövcuddur. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib. Onların mədəniyyət mərkəzlərinə gəldikdə isə Yəhudi icmasının mədəniyyət mərkəzi, "Həvva" qadın cəmiyyəti, "Hesed-Herşon" xeyriyyə cəmiyyəti, "Əlef", "Kilel" gənclər klubları, "Mişpaha" videoklubu, "Az-İz", "Başnya", "Amişav" qəzetləri mövcuddur. Bundan əlavə, "Soxnut" yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub-saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. Ümümilikdə isə Azərbaycanda yəhudilərin sayı 16 mindir.
       
       ı 10 min tatın yaşadığı ölkəmizdə onların mədəniyyət mərkəzləri olmasa da, yığcam yaşadıqları ərazilərdə bu vaxtadək mədəni irslərinin qorunmasında heç bir problemlə üzləşməyiblər. Məsələn, İsmayıllının Lahıc kəndində Zəvəro, Muradan, Ağalı, Bədəvan və Piştə məhəllələri var ki, onların öz küçələri, dalanları, bulaqları, dəyirmanları, hamamı, məscid və mədrəsəsi mövcuddur. Lahıc öz arxitekturası, adət-ənənələri, sənətkarların yaratdıqları tətbiqi-sənət nümunələri ilə məşhurdur.
       
       İndiyə kimi misgərlik sənəti qorunub-saxlanılıb. Qəsəbə tarixi abidələrlə zəngin olduğundan muzey tipli qoruq və Şahdağ Milli Parkının hissəsi sayılır. Lahıcın yaxınlığında Girdiman Alban dövlətinin şahı Cavanşirin qalası var.
       
       ı Xınalıqlıların yaşadığı Xınalıq kəndi isə Qudyalçayın dağlıq düzündə yerləşir. Evlərin hamısı qədimdir, onların 200 - 300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz arxitektura stilini itirməmiş, ümumi görünüşdə özündə tamamlanmış ansamblı əks etdirir. Mədəni və tarixi irslərini qoruyub-saxlayan xınalıqlıların xarakterik xüsusiyyətlərdən biri - həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm gizəydən yaradılmış divarlaırn olmasıdır. Kəndin mərkəzində, ən yüksək yerdə Cümə məscidi var. Kəndin daha qədim hissəsində zərdüştlərin məbədinin yerində (od məbədi) b.e.ə Vll əsrdə "Bürc" piri adlanan müsəlman ibadətgahı tikilib. Bu pir yalnız müsəlmanların böyük bayramlarında ziyarət edilir. Xınalığın 2 kilometr yüksəkliyində qayalıqda, içərisində müqəddəs sayılan bulağı olan bir mağara var. Orada böyük bayramlar və təntənələr zamanı kəndin bütün əhalisi toplaşır. Kəndin mərkəzində, ən qədim binada etnoqrafik muzey yerləşir, indi orada bərpa işləri aparıldığından muzeyin eksponatları xınalıqlıların evlərində yerləşdirilib. Öz aralarında əhali yerli xınalıq dilində danışır. Qonaqlarla Azərbaycan dilində ünsiyyətdə olurlar.
       
       Xınalıqlılar qədim adət-ənənələrinə hörmətlə yanaşıb, qoruyub-saxlayıblar. Toylar və digər mərasimlər əvvəllər olduğu kimi keçirilir. Qədim sənətlərdən heç biri qorunmayıb. Yalnız yundan toxuculuq, əsasən rəngli corablar toxunur. Kəndə olan diqqət artdığından buraya turist axını da çoxalıb.
       
       ı Onu da qeyd edək ki, MFP-də milli azlıqların, etnik qrupların hüquqlarının müdafiəsi, mədəni irsinin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində də bir sıra layihələr həyata keçirilib. "Azərbaycan - doğma diyar" devizi altında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycandakı azsaylı xalqların II ümumrespublika incəsənət festivalını buna misal göstərmək olar. Festivalda Lənkəranın "Bacılar" folklor kollektivi, Bakının "Ukrayna" mahnı ansamblı, Saatlı rayonunun Axıska türklərinin rəqs kollektivi, Qax rayonunun "Şvitqastra" xor kollektivi, İsmayıllı rayon İvanovka qəsəbəsinin xor kollektivi, Rus Mədəniyyət Mərkəzinin "Həmyaşıd" məktəb studiyası, Masallı rayonunun "Halay" mahnı və rəqs kollektivi, Qəbələ rayon Nic qəsəbəsinin folklor ansamblı, Balakən rayon "Şəlalə" avar rəqs kollektivi, Laçın rayonunun "İşıqlı aşıqlar" kollektivi adından aşıq Nizami Şirinovun çıxışı, Tatarıstan Mədəniyyət Birliyinin "Dubante" folklor ansamblı, Astara rayonunun "Ələfsur" folklor kollektivi, Yəhudilərin Azərbaycandakı Mədəniyyət Mərkəzinin "Xadima" teatr-studiyası, "Aliluya" vokal ansamblı, İsrail səfırliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin kollektivi, Zaqatala rayon Solovir mədəniyyət evinin "Ceyranım" folklor kollektivi, Zaqatala rayon Suvagil kənd "Ruduki" mahnı və rəqs ansamblı və başqaları çox maraqlı proqramlarla çıxış edərək öz adət-ənənələrinin, mahnılarının, rəqslərinin bu vaxtadək qorunub-saxlanılmasını nümayiş etdiriblər. Digər müddəalarla yanaşı, milli azlıqların hüquqlarının müdafiəsi, mədəni irsinin qorunub-saxlanılması ilə bağlı MFP-nin həyata keçirilməsi ona gətirib-çıxarıb ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü süurunda 3 komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, tatar, avar, ləzgi, talış, istərsə də rus olsun), öz milli adət-ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir. Şübhəsiz, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın. Məlumdur ki, ümumi amal insanları birləşdirir. Əsas məqsəd - millətin və onun mədəniyyətinin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm də indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub-saxlanılması ilə bağlıdır.
       
       
       
       
    Elnur
    Bu yazı 4352 dəfə oxunmuşdur.
    Qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir
    Rəbiyyət Aslanova: "Qanunlar hazırlanarkən Konstitusiyadakı insan hüquq və azadlıqları əsas meyar kimi götürülür"
    İnsan hüquqlarının qorunması üzrə Milli Fəaliyyət Planında (MFP) göstərilən əsas istiqamətlərdən biri də normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyətdir. Məhz bu istiqamət üzrə müvafiq dövlət qurumlarına ölkə qanunvericiliyinin Azərbaycanın insan haqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulması, müxtəlif sahələrlə bağlı ayrıca qanunların hazırlanıb qəbul edilməsi tapşırılıb.
       
       
       
       Bu sahədə görülən işlərlə bağlı isə suallarımızı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova cavablandırdı. Onun sözlərinə görə, MFP-yə uyğun olaraq qanun layihələri hazırlanarkən məhz Konstitusiyamızda əks olunmuş insan hüquq və azadlıqları əsas meyar kimi götürülür. Bu Fəaliyyət Planı 2006-cı ildə təsdiqləndikdən sonra mart referendumunda Konstitusiyaya bəzi dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra da qısa zaman ərzində qanunvericilik aktlarının müddəaları yenidən ölkənin əsas qanununun tələblərinə uyğunlaşdırıldı. Komitə sədri onu da bildirdi ki, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaları da mütəmadi olaraq ratifikasiya edir və qoşulmasını təsdiqləyir. Onun sözlərinə görə, Milli Məclis tərəfindən 2008-ci ilin 30 dekabrında MDB iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Planı təsdiqlənib. Bundan əlavə, parlamentin təsdiqlədiyi sənədlər arasında 2008-ci ilin 2 noyabrında iclasın gündəliyinə salınmış İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakultətiv Protokolu da var. Azərbaycan 2008-ci ilin 2 noyabrında parlamentin müvafiq qərarlarıyla "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakultətiv Protokoluna və "Əlillərin hüquqları haqqında" Konvensiyaya da qoşulub. Parlamentin 2008-ci ilin 1 aprel tarixli qərarıyla isə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın 20-ci maddəsinin 1-ci bəndinə təklif edilən dəyişikliyi də təsdiqlənib.
       
       R.Aslanova bildirdi ki, MFP-nin 5-ci bəndinə müvafiq olaraq "Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında" qanun layihəsini hazırlayaraq da qəbul edib. Həmçinin azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə müvafiq olaraq humanistləşdirilməsi istiqamətində qanunvericiliyə də müvafiq dəyişikliklər edilib.
       
       R.Aslanovanın sözlərinə görə, Milli Məclis tərəfindən son illərdə insan hüquqlarının qorunmasının daha da təkmilləşdirilməsini nəzərdə tutan bir sıra vacib qanun layihələri də qəbul olunub. Bu qanun layihələrindən biri 2009-cu ilin 26 mayında Saxta və keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdir. Həmçinin ölkədə polislə vətəndaşlar arasında münasibətlərin daha sivil qaydada təşkili, hüquq pozuntularının qarşısının alınması məqsədi ilə həmin tarixdə "Polis haqqında" qanuna əlavə və dəyişikliklər də edilib. Bu dəyişikliklərə əsasən yerli polis orqanları yanında ictimai şuralar yaradıla bilər. Bu Şuralar könüllülük prinsipi əsasında təşkil olunur. İctimai Şuralara aşağıdakı səlahiyyətlər verilib: Hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışların qarşısının alınması istiqamətində təbliğat işlərinin aparılması, yetkinlik yaşına çatmayanların baxımsızlığının, hüquq pozuntularının profilaktikası. Məhz bu qanun nəticəsində cəmiyyətdə könüllülük prinsipi əsasında yaradılacaq ictimai şuralar vasitəsi ilə vətəndaşların da hüquq pozuntularına qarşı mübarizəyə cəlbi sürətlənib.
       
       R.Aslanovanın sözlərinə görə, MFP-yə uyğun olaraq ölkədə dini etiqad azadlığı sahəsində də qanunvericilik tamamilə yenilənib. Məhz Milli Məclisin qərarı ilə 2009-cu ilin mayın 8-də "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edildi. 1992-ci ildə qəbul olunmuş qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün demək olar ki, yeniləndi. Nəticədə bu gün Azərbaycanda sağlam dini etiqad mühiti yaradılıb. İnsanlar sərbəst şəkildə dövlətin təhlükəsizliyinə zərər verə bilməyəcək şəkildə öz dini etiqadlarını həyata keçirirlər. Ölkədə dini ibadət evlərinin fəaliyyəti də qanunla tənzimlənir.
       
       Komitə sədri bildirdi ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsinə, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkilinə xüsusi diqqət yetirilir: "Məişət zorakılığının qarşısının alınması əslində cəmiyyətin saflaşması uğrunda atılan addımdır. Fiziki zorakılıqdan tutmuş mənəvi zorakılığa qədər o münasibətlərin aradan qaldırılmasıdır. Bir sivil cəmiyyətdəki insanın insana hörməti, ehtiramı olmayacaqsa, hüquqların pozulması üzə çıxacaq. Mənim hüquqlarım sizin hüquqlarınız başlayan yerdə bitir prinsipi mövcuddur. Biz də bu məsələ ilə bağlı qanun qəbul etmək istəyirik ki, hər kəs qarşısındakı ilə özünün hüquqları arasındakı səddi dəqiq görsün. Anlasın ki, bu səddi kimliyindən asılı olmayaraq zorla keçmək olmaz. Bu gün Azərbaycanın ailə-məişət səviyyəsində olduqca gözəl adət-ənənələri var. Bizim üzərimizə düşən ən böyük məsuliyyətdən biri də gələcəyə nə cür transformasiya edəcəyimizdir. Söhbət ənənələrimiz, əxlaqımız və adətlərimizdən gedir. Əgər bizim sabah üçün itirə biləcəyimizdən qorxduğumuz heç nə yoxdursa, olanlar da bu gün batacaqsa, bu milləti onda çox böyük ağrılar gözləyir. Biz bu qanunu ATƏT-in ekspertizasına göndərmişik və artıq onların cavablarını da almışıq. Orada bildirilir ki, qanun çox yüksək səviyyədə hazırlanıb. Orada qadınlara qarşı zorakılıqdan söz açılsa da, adı məişət zorakılığı adlanır. Artıq ekspertizadan müsbət cavab aldığımız üçün yaxın vaxtlarda geniş müzakirəyə çıxara bilərik".
       
       R.Aslanova onu da vurğuladı ki, MFP-yə uyğun olaraq Milli Məclis Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədi ilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması istiqamətində mühüm addımlar atır. Məhz bu məsələ ilə bağlı Milli Məclisin müxtəlif beynəlxalq təşkilatların - ATƏT, NATO, MDB, Avropa Şurası və s. Parlament Assambleyalarındakı nümayəndə heyətləri qarşısında hər iclas öncəsi ciddi tapşırıqlar qoyulur. Nümayəndə heyətləri bütün sessiyalarda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqlarının bərpası məsələlərini qaldırırlar. Bu fəaliyyət nəticəsində konkret sonluqlar da əldə olunur. Müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işi üçün beynəlxalq hüquqi zəmin yaradacaq müxtəlif qətnamələr qəbul edilir və orada Ermənistandan qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası tələb olunur.
       
       MFP-nin tələblərinə uyğun olaraq uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər də gücləndirilir. Bu istiqamətdə müvafiq addımlar atılır. Hətta ölkə prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.
       
       Komitə sədri onu da dedi ki, artıq MFP-yə uyğun şəkildə qəbul olunmuş qanunlardan əlavə də onların nəticələri kimi yeni qanun layihələri hazırlanır. Bu cür qanun layihəsindən biri də "Məhkəmələrin fəaliyyətinə dair informasiya əldə etmək haqqında"dır. Bu qanuna əsasən hər bir insan müraciət edərək məhkəmə iclaslarının vaxtı, qərarın nə vaxt veriləcəyi və s. barədə prosesin gedişatına dair məlumatlar əldə edə biləcək. Bunun özü də insan hüquqlarının qorunması deməkdir. Bu qanun MFP-də nəzərdə tutulmayıb: "Lakin biz ondan çıxış edərək yeni qanun layihələri hazırlayırıq. Bu gün dünya informasiya texnologiyalarının sürətli inkişafına şahidlik edir. Biz bu yaxınlarda fərdi məlumatların avtomatlaşdırılmış bazada cəmlənməsini nəzərdə tutan bir konvensiyaya qoşulduq. Buna müvafiq olaraq da "Fərdi məlumatların qorunması haqqında" qanun qəbul edəcəyik. Biz şəffaf bir cəmiyyət qururuq. Belə bir cəmiyyətdə isə hər bir insanın informasiya almaq hüququ var".
       
       
    Azad Əliyev
    Bu yazı 4345 dəfə oxunmuşdur.
    Universitetlərdə hüquq klinikaları varmı?
    Ölkə prezidentinin 2006-cı ildə imzaladığı "İnsan haqlarının müdafiəsi üzrə milli fəaliyyət planı"nda yer alan əsas məsələlərdən biri də ali təhsil ocaqlarında hüquq klinikalarının yaradılmasıdır. Bu klinikalar vasitəsilə tələbələrin hüquqlarının öyrənilməsi nəzərdə tutulduğundan hüquq klinikalarının yaradılıb-yaradılmadığını elə universitet rəhbərlərindən soruşduq. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov məsələ ilə bağlı bildirdi: "Bakı Dövlət Universitetində 2007-ci ildən sonra müvafiq qərara əsasən Hüquq Klinikası fəaliyyət göstərir. Düzdür, ilk növbədə biz bunu proqram şəklində, yəni beynəlxalq qrant şəklində həyata keçirmişik. Artıq bu öz bəhrəsini verir. Ora müraciətlər çox olur, məsləhətlər alırlar, xüsusilə də universitetin tələbə və müəllimləri. Bu məsələnin praktiki tərəfi. İkincisi, görünməyən tərəf ondan ibarətdir ki, nəzəri biliklərlə elmi bilikləri hüquq sahəsində real praktika ilə bir müstəviyə gətirməkdir. Yəni uzlaşdırma məsələsidir. Bəzən yazılan qanunlar həyatın reallığını tam əks etdirə bilmir. Bu klinikada real həyat hadisələrinin, xüsusilə də hüquq-mühafizə müstəvisində baxılan məsələlərin onun nəzəri əsaslarla uzlaşdırılması olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan da ümumiyyətlə hüquq klinikalarının sayını artırmaq məqsədəuyğundur. Bizim də bu sahədə fəaliyyət göstərən klinikamız var və bundan sonra da fəaliyyət göstərəcək. İstək və arzumuz onun əsasən masştabının böyüdülməsi istiqamətindədir".
       
       "Kənar şəxslərin (vətəndaşların) universitet binasına məhdudiyyətlər çərçivəsində girib-çıxdığını nəzərə aldıqda, hüquq klinikasından adi vətəndaşlar necə istifadə edirlər" sualımıza rektorun cavabı isə belə oldu: "Əlbəttə ki, universitet açıq qapı deyil. Klinikaya yazılı şəkildə xüsusi müraciətlər olur. Onlar rəsmi şəkildə buraxılış vəsiqəsi aldıqdan sonra klinikaya müraciət etmək imkanı qazanırlar. Siz təsəvvür edin ki, klinika prosesi bizə nəyi müəyyən etdi? Müəyyən etdi ki, insanlar öz hüquqlarının müdafiəsi prosesini dərindən dərk etməlidirlər. Misal üçün, BDU-da məhkəmə salonu yaradılıb. Bu qeyri-adi bir şeydir. Klinikada olan təcrübə bizə onu verdi ki, mütləq məhkəmə salonu yaratmalıyıq. Həm tələbələr orada proses aparmalıdır, həm də ümumiyyətlə, vətəndaşların özlərini məhkəmə salonunda necə aparması görünür. Yəni məhkəmə prosesinin mədəniyyəti, hüquq-mühafizə davranışları, hamısı burada praktiki şəkildə insanların nəzərinə çatdırılır ki, real məhkəmə prosesində onlar özlərini necə aparmalıdırlar". A.Məhərrəmov klinikada dərs keçən universitet müəllimləri ilə yanaşı, kənardan da təcrübə üçün mütəxəssislərin dəvət olunduğunu dedi: "Düzdür, hələlik bu prosesə təzə başladığımızdan işi müəllimlər aparırlar. Amma proqramda Ali Məhkəmədən mütəxəssislərin dəvət olunması da öz əksini tapıb. Bu işdə digər orqanlardan mütəxəssislərin dəvət olunmasında məqsəd ondan ibarətdir ki, istər tələbələrin hazırlanması, istərsə də klinikanın necə fəaliyyət göstərməsi haqqında real məlumatları olsun".
       
       Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə bildirdi ki, universitetdə artıq 7 ilə yaxındır ki, Hüquq Klinikası fəaliyyət göstərir: "Burada həm tələbələrə, eyni zamanda müəllimlərə, kənar şəxslərə belə hüquqi yardımlar göstərilir". Ə.Vəliyev kənar şəxslərin universitetə girişinin qadağan olunmasını desə də, klinika tərəfindən onlara da hüquqi yardımların edilməsində heç bir maneənin olmadığını bildirdi: "Bizdə xüsusi giriş vərəqələri var. Bu vərəqəsi olan vətəndaşlar maneəsiz şəkildə Hüquq Klinikasına gəlib məsləhət ala bilirlər". Klinikanın fəaliyyətinin nəticəsinə gəldikdə isə rektor bildirdi ki, bu 7 ildə həm tələbələr, həm müəllimlər, həm də kənar şəxslər klinikanın məsləhətlərindən yararlanıblar: "Bunun xeyrini isə həmin klinikadan istifadə edən tələbələr, müəllimlər və universitetdən kənar, yəni vətəndaşlar bilərlər. Amma əsas məsələ işə başlamaq və onun müsbət nəticələrini əldə etmək idi".
       
       "Xəzər" və "Təfəkkür" universitetlərində hüquq fakültələri olmadığından onlarda hüquq klinikaları yaradılmayıb. Qərb Universitetinə gəldikdə isə bu ali təhsil ocağından verilən məlumatda deyilir ki, universitetdə hüquq fakültəsi fəaliyyət göstərsə də, Hüquq Klinikası yaradılmayıb.
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 4354 dəfə oxunmuşdur.
    Sahibkarların hüquqları özləri tərəfindən də qorunur
    Azərbaycan prezidentinin 1880 nömrəli sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi də öz əksini tapıb.
       
       
       
       Yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətinin əsas vəzifələrdən biri kimi qarşıya çıxdığı bir zamanda - 12 oktyabr 1992-ci ildə "Azərbaycan Respublikasında Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi"nin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulub. 2002-ci ildə isə prezident Heydər Əliyevin müvafiq fərmanı ilə fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olub. Qaydaların tətbiqi güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynayıb. 2006-cı ildə yenidən fondun fəaliyyət mexinizmində dəyişiklik olunaraq regionlarda fondun nümayəndələliklərinin yaranması və sahibkarlıq subyektlərinin birbaşa fonda və regionlarda yaranmış nümayəndəliklərinə müraciət etməsi, fondun idarəetmə orqanı olan müşahidə şurasının yaranması və güzəştli kreditlərin verilməsi kimi dəyişikliklər baş verdi. Bu kimi əhəmiyyətli dəyişikliklər sahibkarlara əlavə hüquqların verilməsi və onların fəaliyyətinin inkişaf etdirilməsi ilə yadda qaldı. Fondun sahibkarların fəaliyyət mexanizminə təsiri, onların hüquqlarının qorunmasında rolu barəsində məlumat almaq üçün qurumun özünə müraciət etdik. Fonddan bildirdilər ki, hazırda ölkədə sahibkarların hüquqlarının qorunması bir neçə istiqamətdə təmin edilir. Onların hüquqlarının dövlət tərəfindən, ictimai birliklər vasitəsi ilə və sahibkarların özləri tərəfindən qorunması həyata keçirilir. "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmana əsasən bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlar ləğv edilib və hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edilib. Fərmana əsasən dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yalnız İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər.
       
       Sahibkarların hüquqlarının dövlət tərəfindən qorunmasının digər bir aspekti isə sahibkarlarla dövlət arasında operativ əlaqə mexanizminin qurulmasıdır. Bu məqsədlə "Sahibkara dövlət himayəsi" internet saytı və operativ telefon xətti yaradılıb. Qaynar xətt (97-13-32) vasitəsi ilə sahibkarlar onların fəaliyyətinə qanunsuz müdaxilələr barədə iradlarını bildirir və onları maraqlandıran suallarla müraciət edə bilərlər.
       
       Sahibkarların hüquqlarının qorunmasında digər bir istiqamət İctimai Birliklərin yaradılmasıdır. İctimai birliklər eyni peşə sahibi və ya sahələrdə çalışan sahibkarların birlikdə ümumi maraqlarını və hüquqlarını müdafiə etmək üçün təsis etdikləri qurumlardır. İctimai birliklər yaradıldığı ərazidə və regionda sahibkarlığa maddi, texniki və mənəvi dəstək vermək, onlar üçün maarifləndirici treninq-kurslar və seminarları keçirmək, sahə ilə bağlı mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq təkliflərlə çıxış etmək kimi funksiyalara malikdir.
       
       Sahibkarların huquqlarının bilavasitə onların özləri tərəfindən qorunması da vacibdir. Bunun üçün sahibkarların mövcud qanunvericiliklə bağlı mütəmadi olaraq maarifləndirilməsi aparılır.
       
       Fondun vəsaitlərinə gəlincə, onun fondun müşahidə şurasının ölkə iqtisadiyyatının sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərinə aid sahələrin inkişafında istifadə olunduğu bildirilir. İqtisadiyyatın prioritet sahələri kimi isə bunlar seçilib: informasiya texnologiyalarının inkişafı, turizm sektoru, kənd təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, kimya sənayesi, iqtisadiyyatın əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan sahələri, kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar təsərrüfatı infrastrukturunun yaradılması.
       
       Ölkə başçısının 2006-cı il tarixli 504 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında əsasnamə"yə əsasən fond sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil edib, ölkədə və xaricdə keçirilən bu qəbildən olan tədbirlərdə iştirak edib. Fondun təşkilatçılığı və Bakı Biznes Tədris Mərkəzinin, İqtisadi İnkişaf Nazirliyinin regional bölmələrinin nümayəndələrinin iştirakı ilə "Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda respublikanın bir çox regionlarında treninq-kurslar keçirilib. Cari ilin əvvəlində Bakı şəhərində, Lənkəran, Sumqayıt, Horadiz, Göyçay şəhərlərində baş tutan treninq-kurslar sonradan davamlı olaraq Xaçmaz, Qazax, Şamaxı, Yevlax və İsmayıllıda keçirilib. Fondun təşkilatçılığı və müvəkkil-kredit təşkilatlarının iştirakı ilə qeyd olunan rayonlarda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi ilə əlaqədar tədbirlər keçirilib və sahikarlıq subyektlərinin investisiya layihələri yerində maliyyələşdirilib. İl ərzində Aran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Yuxarı Qarabağ iqtisadi rayonlarında fondun vəsaitləri hesabına güzəştli kredit almış müəssisələrin məhsullarının və xidmətlərinin sərgisi təşkil olunub.
       
       İl ərzində fonda daxil olan suallara gəlincə, sahibkarları daha çox fondun vəsaiti hesabına verilən güzəştli kreditləri əldə etmək üçün sahibkarın hara müraciət etməli olması maraqlandırıb. Bundan başqa, sahibkarlıq subyektlərinin fondun vəsaitlərindən istifadə ilə bağlı müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən hansı müddət ərzində baxılması, fondun güzəştli kredit vəsaitlərinin hədlərinin nə qədər olması və hansı müddətə verilməsi, kreditlərə tətbiq edilən illik faiz dərəcələrinin məbləği ilə bağlı fonda suallar daxil olub.
       
       Ölkə başçısının bu ilin 7 oktyabr tarixli fərmanı ilə fondun fəaliyyət mexanizminin, hüquq və vəzifələrinin, fəaliyyətinə dair qanunvericilik bazasının və idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, o cümlədən fəalyyəti üzrə nəzarətin daha dəqiq və effektiv həyata keçirilməsi kimi mühüm əhəmiyyət kəsb edən tədbirlər nəzərdə tutulub.
       
       
    Naibə
    Bu yazı 4333 dəfə oxunmuşdur.
    Arxiv
    Uşaqlar bizim gələcəyimizdir
    Qəzetlər insan hüquqlarına necə işıqlandırır?
    QHT-lər MFP-dən necə istifadə edir?
    Milli azlıqların mədəni irsi qorunur
    Qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir
    Universitetlərdə hüquq klinikaları varmı?
    Sahibkarların hüquqları özləri tərəfindən də qorunur
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2279)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2254)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2251)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2246)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2241)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17