
Bu gün gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni informasiya inqilabı baş verir.
Bu yeni sosial-texniki inqilab bəzən "elektron inqilab" da adlandırılır. Bütün elmi-texniki inqilablar kimi, cəmiyyətin həyatında köklü dəyişikliklər edən bu inqilaba da ilk yaxın olan ölkələr ABŞ, Fransa, İngiltərə, İtaliya, Sinqapur, Avstraliya, Almaniya oldu. Onlar vətəndaşların marağını nəzərə alaraq dövlət idarəçiliyi sistemində və hökumət orqanlarında islahatlara başladılar. İslahatların əsasını mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi, dövlət məsuliyyətinin artırılması, vəsaitlərin idarə edilməsinin təkmilləşdirilməsi, bazar münasibəti elementlərinin tətbiqi təşkil edirdi. Bu tədbirlərlə yanaşı, dövlət idarəetmə sisteminin elektron infrastrukturunun inkişaf etdirilməsi, inzibati idarəetmə fəaliyyətinin bir hissəsinin avtomatlaşdırılması, yəni onun "kağız dünyası"ndan rəqəmsal məkana keçirilməsi də həyata keçirilirdi. "Elektron hökumət (e-hökumət)" və ya "elektron idarəetmə" adlanan bu mərhələni, sadə şəkildə, dövlət təşkilatları və vətəndaşların qarşılıqlı əlaqəsini təmin edən müəyyən kommunikasiya infrastrukturunu yaratmaq kimi də izah etmək olar.
Azərbaycanda da "e-hökumət" layihəsi "Elektron hökumət" dövlət proqramı çərçivəsində həyata keçirilir. Bir neçə il öncə Cenevrə sammitinin plenar iclasının açılış sessiyasında çıxış edən prezident İlham Əliyevin informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirilməsi barədə söylədiyi fikir bu gün artıq reallaşmaqdadır. Belə ki, 2003 - 2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə qəbul olunmuş milli strategiya həyata keçirilməkdədir. Bu strategiyanın davamı olaraq dövlət başçısının sərəncamları ilə 2004-cü ildə RİTN yaradıldı. 2005 - 2007-ci illərdə isə ümumtəhsil məktəblərinin İKT ilə təminatı, 2005 - 2008-ci illərdə rabitə və informasiya texnologiyalarının ("Elektron Azərbaycan") inkişafı və 2008 - 2012-ci illər ücün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramları təsdiq edilib.
Ümumiyyətlə, "e-hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir və bu işdə ümumdünya internet şəbəkəsinin imkanlarından istifadə edilir. İnternet vasitəsilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının yerləşdirilməsi, internet vasitəsilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online reyimində öyrənilməsi, elektron seçkilərin keçirilməsi və s. misal ola bilər. Bunlardan əlavə, virtual kitabxanaların yaradılması, qəzet və yurnalların elektron variantlarının internetdə verilməsi oxucuları evdən çıxmadan kitabxana xidmətindən yararlanmağa, gündəlik xəbərlərlə, ölkədə baş verən hadisələrlə tanış olmağa imkan verir.
Yeni sistem - yeni problemlər
O da məlumdur ki, hər yeni keyfiyyətə keçid zamanı bir sıra problemlər və çətinliklər yaranır. Bəzi ekspertlər bu sahədə görülən işləri o qədər də dəyərli hesab etmir və bu işlərin lazımi səviyyədə olmadığını bildirir. Nəzərə alınmalıdır ki, "e-hökumət" dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsi olduğu üçün onun qurulması da problemsiz ötüşmür; məsələn, "e-hökumət" sisteminin qurulması və saxlanılması çox baha başa gəlir. Çünki müasir İKT vasitələrinin qiyməti bahadır: avadanlığın quraşdırılması, şəbəkədə əlaqənin yaradılması, işçilərə əməkhaqqının verilməsi xeyli maliyyə tələb edir. Mütəxəssislər bu səbəbdən dövlət büdcəsinin səmərəli sərf olunması üçün qabaqcadan planlaşdırmanı vacib sayır. O da təklif olunur ki, "e-hökumət"in bəzi xidmətlərini pullu etməklə bu sahədən qazanc da götürmək olar; məsələn, müəlliflərlə şərtləri razılaşdırılmış şəkildə intellektual mülkiyyət məhsulları olan elektron kitablar, proqramlar, audio, video fayllar və digər materiallardan ibarət verilənlər bazası yaradıla bilər və müəyyən məbləğdə pul ödəməklə istənilən materiallar elektron formada kompüterə yüklənilə bilər.
İKT vasitələrinin hər hansı bir sahəyə tətbiqi həm də bu vasitələrdən düzgün istifadə etməyi bacaran mütəxəssislər də tələb edir. Bu məsələlərin həllinə orta məktəblərdə informatika fənni dərslərinin sayının artırılması, ali məktəblərdə güclü proqramçıların hazırlanması, xarici ölkələrin təhsil və staykeçmə kurslarının təşkili köməklik edə bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, ABŞ, İsveç və digər ölkələrin tanınmış müəssisələri ilə razılaşmaya əsasən, hazırda azərbaycanlı gənclər həmin ölkələrdə bu istiqamətdə təkmilləşirlər.
"Vahid pəncərə" sistemi bürokratiyanın qarşısını alır
Üçüncü problem bürokratizmin müqavimətidir. Bu problemin həlli üçün bəzi dövlət təşkilatlarının vətəndaşların problemlərinin həllinə yönəlmiş fəaliyyətə keçidi zəruridir. Yəni dövlət məmurları öz fəaliyyətlərində daxili idarə maraqlarını deyil, vətəndaşların da maraqlarını nəzərə almalıdırlar; məsələn, iş və arayış üçün vətəndaşlar get-gələ salınmamalıdırlar. Məlumdur ki, bəzi arayış və ya sənədləri almaq ücün 1 ay qabaqcadan növbəyə yazılmaq, sonra isə o qədər də gözləmək lazım gəlir. Bu müddət ərzində vətəndaşın işi, əsəbləri pozula, həm də korrupsiyaya əlverişli şərait yarana bilər. Ona görə də ölkə başçısının "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 25 oktyabr 2007-ci il tarixli sərəncamına əsasən biznesmenlər, sahibkarlar, vergi ödəyiciləri üçün tətbiq edilən "vahid pəncərə" sistemi bürokratiyaya qarşı mübarizədə nümunəvi misaldır. Bu sistem vətəndaşların məmurlardan asılılığını minimuma endirir, sahibkarların işini xeyli yüngülləşdirir, onların vaxtına və puluna qənaət etməyə xidmət edir.
Dördüncü problem dövlət qulluqçularının İKT ilə işləməyə adaptasiyasındadır. "E-hökumət"də sənəd və məlumatların kompüterdə hazırlanması, təşkilatlar arasında əlaqələrin internet vasitəsilə həyata keçirilməsi və s. məmurlardan informasiya texnikaları ilə işləmək bacarığı tələb edir. Heç kimə sirr deyil ki, kompüter savadı olmayan şəxsin yaxşı vəzifə tutmaq şansı sıfıra bərabərdir. Hətta Rusiyanın dövlət başçısı kompüterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən azad edilməsi barədə təklif irəli sürmüşdü. Çünki informasiya texnikasından istifadə edə bilməyən məmur bu proseslərdə öz rolunu da çətin ki başa düşər. Belə məmurlar ya innovasiyanı qəbul etməli, ya da öz yerlərini daha perspektivli kadrlara verməlidirlər.
Beşinci problem vətəndaş iştirakının zəif olmasıdır. Hər bir vətəndaş imkan daxilində yaşadığı ölkənin həyatında aktivlik göstərməlidir. "E-hökumət" vətəndaşların həyatının yaxşılaşdırılmasına hesablanmış, eyni zamanda hələ tam sınaqdan çıxmamış yeni mexanizmdir. Hər yeni mexanizmin mənfi və müsbət cəhətləri isə onlardan istifadə zamanı daha aydın üzə çıxır. Çünki ən mükəmməl sayılan sistem də istifadə zamanı gözlənilməz çatlar verə bilər. Əgər vətəndaşlar "e-hökumət"lə bağlı öz rəy və təkliflərini bildirsələr, əlbəttə, bu sistemin də təkmilləşdirilmə işləri daha səmərəli aparılar. Yox, əgər vətəndaşlar biganəlik göstərsə, bu sistem öz əhəmiyyətini itirər və iflasa uğrayar. RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə keçirdikləri bir sira tədbirlər vətəndaşların "e-hökumət" quruculuğunda iştirakının aktivləşdirilməsində mühüm rol oynaya bilər. Altıncı problem dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklinə salınması, onlara hüquqi statusun verilməsi, hər təşkilatın özünün "elektron imza"sının təsdiq edilməsi və tanınmasıdır. "Elektron imza və elektron sənəd haqqında" qanunun qüvvəyə minməsinə baxmayaraq, hələ də bu mexanizm tam gücü ilə işə düşməyib. Bunlardan əlavə, ümumi, məxfi, idarələrarası, mütəxəssislər, məhkəmə və hüquq orqanları üçün nəzərdə tutulmuş sənədlər müəyyənləşdirilməli, onların istifadəyə verilmə qaydaları dəqiqləşdirilməlidir. Bununla da vətəndaşlar üçün ən böyük problemlərdən biri olan dövlət idarələrindən sənəd alınması prosesini xeyli yüngülləşdirmək olar.
Məlumatların düşmən
əlinə keçməməsi üçün
ciddi nəzarət olmalıdır
Yeddinci problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. Dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca, verilənlər bazası yaradıldıqca onların təhlükəsizliyini təmin etmək, hakerlərdən qorumaq əsas şərtlərdəndir. Dövlət informasiyanın təhlükəsizliyini və məxfiliyini fiziki, texniki, təşkilati, struktur, həmçinin heyəti seçimlə və digər təhlükəsizlik tədbirləri ilə təmin etməlidir. Xüsusi informasiyalar yalnız qeydiyyata alınmış istifadəçilər üçün açıq olmalı, giriş şərtləri müəyyənləşdirilməli və onlara icazə yalnız bu şərtlərə əsasən müstəqil komissiya tərəfindən verilməlidir. Bu informasiyalar qanunsuz istifadə olunduqda bunun kim tərəfindən edildiyini öyrənmək üçün qeydiyyat aparılmalıdır. Həmçinin dövlət əhəmiyyətli məlumatların şəbəkə vasitəsilə düşmən əlinə keçməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə mənfi fəsadların qarşısını almaq üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri quraşdırılmalı, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar bloklanmalıdır. Bu cur təhlükələrin qarşısının alınması üçün Azərbaycan Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq haqqında konvensiya"ya qoşulub.
Səkkizinci problem isə informasiya bərabərsizliyidir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması, bəzi ərazilərdə internetdən tam yararlanmağa imkan vermir. "E-hökumət"in əsas prinsiplərindən biri ölkənin hər nöqtəsində internetə girişi təmin etməkdir. Ona görə də bütün respublikada informasiya infrastrukturunun inkişafı problemin həllinə yönələ bilər. Dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilmiş respublikamızda yoxsulluğun azaldılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və yuxarıda adı çəkilən təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramları informasiya bərabərsizliyinin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Bu işdə internetdən istifadə qiymətlərinin aşağı salınması və RİTN tərəfindən həyata keçirilməsi nəzərdə tutulan "Xalq kompüteri" layihəsi də ölkədə informasiya bərabərsizliyinin aradan qaldırılmasına yardım edə və kəndlərdən şəhərə kompüter biliyi tələb edən işlər axtarmaq üçün gələn insanların qarşısını müəyyən mənada ala bilər.
Yuxarıda göstərilənlərdən əlavə, onlardan da daha böyük bir problem olan Ermənistanın torpaqlarımıza təcavüz etməsi, 1 milyondan çox azərbaycanlının doğma yurdundan qaçqın və köçkün düşməsi, ölkəmizin bir hissəsinin işğal altında olması "e-hökumət" şəbəkəsini bütün respublika ərazisində tam tətbiq etməyə imkan vermir. Göründüyü kimi, problemlər az deyil, ancaq bu problemlərin hamısını birdən həll etmək də qeyri-mümkündür. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanda "e-hökumət" sistemi işə salınıb, hazırda əsas məsələ odur ki o daha da inkişaf etdirilsin.