
"Hazırda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı aparılan işlər davam edir" - bu fikirləri dünən jurnalistlərin suallarını cavablandıran xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev səsləndirdi. Onun sözlərinə görə, ilk növbədə xidmətlər sahəsində təkliflər hazırlanıb: "ABŞ,Yaponiya və Cənubi Koreya, eləcə də Avropa İttifaqı bu sahədə bir sıra təkliflər irəli sürüblər. Bu təkliflərə hazırda tərəfimizdən baxılır. Yaxın günlərdə təkliflərimizi ikitərəfli əsasda bu ölkələrə təqdim edəcəyik. Suallara cavablar isə hazırlanma mərhələsindədir. Avropa Birliyinin verdiyi suallar artıq hazırlanıb. Biz də onları nəzərdən keçirib ÜTT katibliyinə təqdim edəcəyik. ABŞ sualları verməkdə bir qədər gecikmişdi, artıq onlar da hazırlanıb təqdim olunacaq. Mallar üzrə də yeni təkliflər hazırlanıb.
Azərbaycan tərəfindən sabah (bu gün - red.) ÜTT-yə daxil olma üzrə hökumət komissiyası Şahin Mustafayevin rəhbərliyi ilə öz iclasını keçirəcək. Burada yeni təkliflər müzakirə olunacaq, əgər qəbul olunsa, onları da təqdim edəcəyik". M.Məmmədquliyev onu da vurğuladı ki, marta qədər növbəti iclaslar, görüşlər keçirilməyəcək. Ancaq ilin birinci yarısında Cenevrədə, həmçinin digər ölkələrdə ikitərəfli tədbirlər, görüşlər təşkil olunacaq və nəhayət, Azərbaycan üzrə işçi qrupun 8-ci iclası olacaq. Azərbaycanın ÜTT-yə üzv qəbul olunması məsələsinə gəlincə, nazir müavini qeyd etdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və o statusla da təşkilata daxil olmalıdır. Nazir müavini bildirdi ki, qanunvericiliyin ÜTT-nin qanunvericiliyinə, sazişlərinə uyğunlaşdırılması istiqamətində də işlər aparılır: "Hələlik ÜTT ilə razılaşdırılmamış bir çox təklif qalıb. Biz bu təkliflərin hamısını qəbul edə bilmərik. Bu təkliflər mallar, xidmətlər, kənd təsərrüfatına daxili yardımla bağlıdır. Biz çalışacağıq ki, kompromis variantlar tapaq".
Nazir müavini İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrdən də danışdı. Bildirdi ki, 2012-ci ildən İƏT-də baş katiblik Azərbaycana keçəcək. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın İƏT-ə münasibəti olduqca ciddidir: "İqtisadi Əməkdaşlıq Təşkilatının təmsil olunduğu region çox mühüm üstünlüklərə malikdir. İlk növbədə bu ölkələrin coğrafi yerləşməsi, ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olması, təbii sərvətlərlə zənginliyi mühüm əhəmiyyət daşıyır. Amma hesab edirik ki, bu təşkilatın effektlivliyi hələ çox aşağı səviyyədədir". M.Məmmədquliyev onu da bildirdi ki, təşkilatın effektiv fəaliyyət göstərməsi üçün mühüm layihələrin hazırlanmasına ehtiyac var: "Azərbaycan hökuməti bu təşkilatda ciddi islahatların aparılmasının tərəfdarıdır və bunu hər zaman açıq şəkildə bəyan edir. Təşkilat 20 ilə yaxındır fəaliyyət göstərir. Əlbəttə 20 il ərzində müəyyən işlər görülüb. Amma yenə də İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəliliyi artırılmalıdır". Onun sözlərinə görə, insanlar həqiqətən də belə bir təşkilatın varlığını və onun fəaliyyəti nəticəsində hansısa işlərin aparıldığını görməlidirlər.