
Vaşinqton Əfqanıstana yükdaşımalarla bağlı Rusiyanı tənqid atəşinə tutub. "İnterfaks"ın məlumatına görə, ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi təmsilçisi Riçard Holbruk jurnalistlərə açıqlamasında deyib ki, iki ölkə arasında Əfqanıstana hava yolu ilə yükdaşımalara dair saziş mövcuddur. Lakin Rusiyadakı bürokratik əngəllər bu dəhlizin işləməsinə mane olur:
"Bu məsələ ilə bağlı suallar Rusiya tərəfinə yönləndirilməlidir. Mən bürokratik əngəllərin bu uçuşları nə üçün dayandırdığını bilmirəm. Bu işlə məşğul olmuram". Qeyd edək ki, bir müddət əvvəl xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Əfqanıstana hava yolu ilə hərbi yüklərin daşınması Mərkəzi Asiyanın bəzi dövlətləri ilə texniki məsələlərin həll edilməməsi ilə bağlıdır. "Rusiya Əfqanıstana hərbi yüklərin daşınması ilə bağlı ABŞ-la əldə etdiyi razılaşmanı yerinə yetirməyə hazırdır", - deyə Lavrov vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə əsas maneçilik Qazaxıstanla bağlıdır. Lavrov deyib ki, Rusiya ərazisindən hərbi yüklərin daşındığı bir ABŞ təyyarəsinə uçmağa icazə verib. İkinci dəfə analoji müraciət daxil olsa da, sonradan bu müraciət geri çəkildi. Bunun ardınca isə Rusiyadakı ABŞ səfiri Con Beyerli iki ölkə arasında Əfqanıstana yüklərin daşınması ilə bağlı razılaşmanın işləməməsi barədə məlumatları təkzib edib. "Bu marşrutun işləməməsi ilə bağlı bir çox yoxlanılmamış məlumatlar yayılır. Bu vaxta qədər 5 ABŞ təyyarəsi bu marşrutdan istifadə edərək Əfqanıstana uçub. Növbədə isə hələ 11-i var. Hesab edirəm biz bu marşrutdan bu il hələ çox istifadə edəcəyik. Çünki prezident Obama Əfqanıstandakı qoşunların sayının artırılmasına qərar verib. Bu isə o deməkdir ki, Rusiya üzərindən hava dəhlizinin açıq olması hərbçilərimizin təminatı baxımından çox əhəmiyyətlidir". Qeyd edək ki, iki ölkə arasında bu cür razılaşma keçən ilin yayında Moskvada ikitərəfli zirvə toplantısında əldə olunub. Həmin razılaşmaya əsasən, Rusiya hər gün içində 4000 ton yük olan 12 ABŞ təyyarəsinin onun hava məkanından istifadə edərək Əfqanıstana uçmasına icazə verəcək.
"Əfqanıstandakı vəziyyət böhranlı dərəcədə pisləşib" - bu fikirləri Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikolay Bordyuja səsləndirib. Onun sözlərinə görə, bu artıq ölkə rəsmilərinin də dilindən səsləndirilməkdədir. Əfqanıstandakı vəziyyətin günü-gündən pisləşməməsi üçün isə əlavə qüvvələrə ehtiyac duyulur: "İstənilən münaqişəni yalnız dialoq və siyasi yolla həll etmək mümkündür". Bordyuja Əfqanıstanla sərhəd olmasına baxmayaraq, rəhbərlik etdiyi quruma üzv dövlətlərin ərazisində hansısa müharibənin və hərbi toqquşmaların baş verməyəcəyini söyləyib: "KTŞ ilə NATO arasında rəsmi əlaqələr yoxdur. Bunun başlıca səbəbi isə NATO-nun mövqeyidir. Biz dəfələrlə təklif etmişik ki, Əfqanıstanda narkotik qaçaqmalçılığı və terrora qarşı mübarizə kimi aktual məsələlərin həllində birgə fəaliyyət göstərə bilərik. Ümid edirəm alyansın rəhbərliyi dəyişəndən sonra KTŞ ilə NATO arasındakı münasibətlərə baxış dəyişəcək".
Bu arada isə Əfqanıstanda NATO qüvvələri itkilər verməkdə davam edir. Keçən sutka ərzində koalisiya qüvvələri 2 əsgərini itirib, 5-i isə yaralanıb. Gilmənd vilayətinin Sangin qəsəbəsində patrul xidməti çəkən iki ABŞ hərbçisi fuqasın partlaması nəticəsində həyatını itirib. Heratda isə mina partlaması nəticəsində içində italyan hərbçiləri olan zirehli maşın qəzaya uğrayıb. Nəticədə 5 italiyalı əsgər ağır yaralanıb. Gündüz vilayətində isə almaniyalı hərbçilərin maşını atəşə tutulsa da, heç kim xəsarət almayıb. Cavab atəşi nəticəsində 2 terrorçu öldürülüb. Bu arada isə Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatı yayılıb. Vurğulanır ki, yaxın vaxtlarda Gilmənddə "Taliban" döyüşçülərinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq. Bu əməliyyatlara koalisiya qüvvələrinin minlərlə hərbçisi, o cümlədən Əfqanıstan ordusu və polisi də qatılacaq. RİA "Novosti" isə hərbi mənbələrə istinadən xəbər verir ki, "Taliban" rəhbərliyi Gilmənddəki səhra komandirlərinə bu olayla bağlı gizli tapşırıqlar verib. Əmrə əsasən, talibançılar koalisiya qüvvələri ilə açıq döyüşdən qaçacaq, yalnız fuqasların partladılması ilə kifayətlənməyəcəklər. Onlara hücum ediləcəyi təqdirdə isə bir qədər geri çəkilməli, əməliyyatlar başa çatdıqdan sonra həmin ərazilərə qayıtmalıdırlar.