İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həsən Qaşqavinin "SİA"ya eksklüziv müsahibəsi
- Cənab Qaşqavi, Azərbaycan və İran arasında mövcud münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Azərbaycan və İran İslam Respublikası (İİR) arasında mövcud olan münasibətlərin çox böyük perspektivi mövcuddur. Azərbaycan və İran arasında, siyasi, iqtisadi, mədəni, tarixi dostluq və tərəfdaşlıq əlaqələri var. Bu əməkdaşlıq bu gün də yüksələn xətlə uğurla davam etdirilir. Bundan əlavə, Azərbaycan və İranın xarici işlər nazirləri bir-biri ilə yaxından dostdurlar. Məhz buna görə də 2 ay əvvəl Azərbaycanın xarici işlər naziri, cənab Elmar Məmmədyarov İranda səfərdə olub. Həmin səfər zamanı bütün sahələrdə mövcud olan əməkdaşlığa dair, o cümlədən Azərbaycan və İran arasında vizanın ölkəmiz tərəfindən aradan qaldırılması məsələləri müzakirə olunub. Bu görüşdə ikitərəfli əməkdaşlığa dair münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib.
Ümumiyyətlə, Azərbaycana səfərim çərçivəsində mən xarici işlər naziri, cənab Elmar Məmmədyarov, Milli Məclisin sədri, cənab Oqtay Əsədov və digər rəsmilərlə görüşlər keçirmişəm. Bu görüşlər çox səmərəli olub.
- Yaxın vaxtlarda iki ölkə arasında hansı səfərlər təşkil olunacaq?
- Gələn ay Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikasına səfər edəcək. Sözügedən səfər cavab xarakteri daşıyır. Çünki 2009-cu ildə İran parlamentinin sədri Azərbaycanda səfərdə olub və cənab Oqtay Əsədovu öz ölkəsinə dəvət edib. Artıq mən cənab Oqtay Əsədova İrana səfər etməsi ilə bağlı dəvəti çatdırmışam. Bu səfər çərçivəsində paytaxt Tehranda Azərbaycan və İran parlament rəhbərlərinin növbəti görüşü də olacaq. Bu ilin fevral ayının 4-də isə İran İslam Respublikasının (İİR) səhiyyə naziri Mərziyyə Vəhid Dəstgerdinin rəhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Səfər zamanı Bakıda keçiriləcək İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin səhiyyə nazirlərinin toplantısına qatılacaq. Bundan əlavə, İran nümayəndə heyəti Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmilərlə də görüşəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə səhiyyə sahəsində İran - Azərbaycan münasibətlərinin perspektivləri və digər sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan əlavə, yaxın vaxtlarda İran parlamentinin dostluq qrupu üzvləri Azərbaycana səfər edəcəklər.
- İran dövləti yaxın perspektivdə Azərbaycanda hansı böyük layihələri həyata keçirməyi planlaşdırır?
- Ötən gün Bakı şəhərində İranın "Saderat" bankının dəstəyi ilə Azərbaycanda inşa ediləcək 27 mərtəbəli qoşa biznes mərkəzi binasının təməlqoyma mərasimi keçirilib. Həmin binaların reallaşması üçün 200 mln. dollar məbləğində vəsait sərf olunacaq. Bu binanın konstruksiyasının hazırlanmasında bir-birinə boltla bağlanan dəmir və digər tikinti materiallarından istifadə olunacaq. Sözügedən bina inşa olunub başa çatdıqdan sonra burada istənilən adam biznes mərkəzi və ofislər ala bilər. Azərbaycanda ilk dəfə olaraq binanın tikintisində metal konstruksiyalardan istifadə olunur. Ötən gün həmçinin Yasamal rayonu ərazisində yerləşən İranın Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə mən və İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami iştirak edib. Bu binada səfirliyin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcək. Məhz mənim Azərbaycana səfərimin də məqsədi səfirliyin binasının açılış mərasimində iştirak etmək və ayətulla Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaq idi. Biz belə layihələri mütəmadi olaraq Azərbaycanda reallaşdıracağıq.
- Azərbaycanla İran arasında ümumi ticarət dövriyyəsinin həcmi nə qədərdir?
- Azərbaycanla İran arasında ümumi ticarət dövriyyəsinin həcmi 600 mln. dollara çatıb. Amma təbii ki, bu bizi qane etmir. Biz Azərbaycanda iqtisadi fəaliyyətimizi daha da artıracağıq.
- İran tərəfi Azərbaycanla vizanı aradan qaldırıb. Amma burada bəzi çətinliklər hələ də qalmaqdadır; məsələn, insanlar tibbi arayış almaq üçün vizanın qiyməti məbləğində əlavə pul ödəməli olurlar...
- Biz insanlardan tibbi arayış almırıq. O vəsaiti sizin tərəfin nümayəndələri alır. Bizlik olsa, insanlardan tibbi arayış üçün bir qəpik də istəmərik. Bu sualı öz tərəfinizin nümayəndəsinə ünvanlasan, daha düzgün olardı. Qaldı vizanın aradan qaldırılmasına, artıq 2010-cu il fevralın 1-dən etibarən İran tərəfi Azərbaycanla viza reyimini birtərəfli olaraq ləğv edib. Artıq insanlar İrana 1 ay ərzində sərbəst gedib-gələ bilərlər. Əminəm ki, bizim tərəfdən atılan bu addım Azərbaycanla dosluq əlaqələrimizi daha da gücləndirəcək. Amma viza reyiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan yurnalistlərinə şamil edilməyəcək. Yurnalistlər üçün viza ləğv olunmur. Onlar İrana getmək üçün viza almalıdırlar. Biz bu yaxınlarda azərbaycanlı yurnalistlərin İrana səfərini də təşkil edəcəyik.
Qərara gəlmişik ki, 30 nəfər yurnalistin İrana və 30 iranlı yurnalistin Azərbaycana səfəri təşkil olunsun. Biz bu barədə Azərbaycan tərəfinə təklif vermişik. Hazırda onların cavabını gözləyirik.
- Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın növbəti iclası ilə bağlı hazırlıq işləri nə yerdədir?
- Nəzərinizə çatdırım ki, ötən il Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclasları keçirilib. Eyni zamanda Azərbaycanın xarici işlər naziri, cənab Elmar Məmmədyarov və İranın xarici işlər naziri, cənab Mənuçöhr Möttəki müştərək komissiyanın iclasına həmsədrlik ediblər. İclasın gündəliyinin müzakirəsinə keçməzdən əvvəl, tərəflər ölkələrinin iqtisadi vəziyyəti, müxtəlif sahələrdə aparılan islahatlar barədə fikir mübadiləsi aparıblar. Tərəflər dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əvvəlki iclasların nəticələrinə dair memorandumda əks olunan məsələlərin icra vəziyyətini müzakirə ediblər və gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində sənaye və energetika, nəqliyyat, iqtisadi və ticarət əlaqələri, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, sərhəd məsələləri, mədəniyyət, turizm, təhsil və səhiyyə sahəsində razılıq əldə ediblər. Müştərək komissiyanın növbəti iclasının yaxın zamanlarda keçirilməsi barədə hazırda bir sıra işlər görülür.
- Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti zirvə toplantısının dəqiq tarixi məlumdur?
- İlk olaraq onu deyim ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı çox yaxşı müzakirələr aparılır. Bu müzakirələr əvvəl də olub, indi var, gələcəkdə olacaq. Bu məsələ ilə bağlı ötən il Tehranda təşkil olunan zirvə toplantısı çox yaxşı görüş idi. Növbəti zirvə toplantısı isə Bakıda keçiriləcək. Hazırda mütəxəssislər tərəfindən növbəti toplantının vaxtının təyin olunması istiqamətində müvafiq işlər aparılır. Ümüd edirik ki, yaxın vaxtlarda Xəzərin hüquqi statusi ilə bağlı Bakı zirvə toplantısının dəqiq vaxtı məlum olacaq. Biz bu danışıqlarda müsbət irəliləyiş əldə olunmasına ümid edirik. Xəzər dənizinin hüquqi statusunun təyin olunması məsələsi çox mühüm və uzun prosesdir. Çünki adətən qapalı göllərin statusunu təyin etmək daha çox danışıqlar aparılmasını tələb edir. Təbii ki, İran dövləti Xəzər dənizinin hüquqi statusu məsələsinin tezliklə həll olunmasını istəyir. Amma çox təəssüf ki, burada söhbət yalnız İran - Azərbaycan məsələsindən getmir. Burada Xəzər dənizi hövzəsində olan 5 ölkənin bu məsələyə ayrı-ayrı baxışları var. Ona görə də bu 5 ölkə birgə razılığa gəlməlidir.