
Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin (KTN) ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin baş məsləhətçisi, respublika içki qrupunun və monitorinq komissiyasının icraçı katibi İlham Hidayətovdur.
- İlham müəllim, öncə ötən ilin yekun nəticələri barədə məlumat verməyinizi istərdik.
- Ötən il alkoqollu içkilər, pivə də daxil olmaqla etil (yeyinti) spirti üzrə istehsalçıların sayı 83, idxalçıların sayı 24, tütün məmulatları üzrə isə istehsalçıların sayı 1, idxalçıların sayı isə 3 hüquqi şəxs olub. 2009-cu ildə vodka (araq) 817,7, konyak spirtli içkilər 43,3, konyak materialı 13,4, təbii üzüm şərabları 738, şərab materialları 2862,3, şampan tipli şərablar 24,3, konyak spirti (üzüm mənşəli) 375, xam spirt (üzüm və meyvə mənşəli) 73,9, spirt-rektifikat 265,1, səməni pivəsi isə 3528 min detalitr həcmində istehsal edilib. Bundan əlavə, 2300,8 milyon ədəd tütün məmulatı istehsal olunub.
- Ötən il keçirilmiş monitorinqlər zamanı hansı qanun pozuntuları aşkarlanıb?
- Biz respublika üzrə 325 ədəd topdan və pərakəndəsatış mərkəzində monitorinq aparmışıq və müəyyən çatışmazlıqlar, qanunsuzluqlar aşkarlamışıq. Təsəvvür edin ki, bu obyektlərdə alkoqollu içkilərin və tütün məmulatlarının əksəriyyəti sənədsiz satılır. 132 obyektdə xüsusi razılıq, yəni lisenziya olmayıb. 307 obyektdə hesab-faktura sənədlərinə rast gəlməmişik. 22 obyektdə alkoqollu içkilərin üzərində aksiz markalar olmadan satışını müəyyənləşdirmişik. Bir sözlə, sənəd olmadığından istehsalçının həqiqi kimliyinin müəyyənləşdirilməsi ciddi problemə çevrilib. 8 obyektdə istifadə müddəti bitmiş pivələr, 4 obyektdə isə xarici görünüşü dövlət standartlarına cavab verməyən alkoqollu içkilər satılırdı. 2 obyektdə kassa aparatı olmayıb, 5 obyektdə kassa aparatı olsa da işləməyib. 2 obyekt vergi orqanlarında qeydiyyatdan keçmədən, yəni VÖEN almadan qanunsuz fəaliyyət göstərib. Biz sözügedən qanunsuzluqlar barədə aktlar tərtibləmişik, tədbir görülməsi üçün lazımi sənədləri Bakı şəhər Ticarət və Xidmət Departamentinə, Vergilər Nazirliyinin yerli şöbələrinə və yerli icra hakimiyyəti orqanlarına ünvanlamışıq. Çünki bizim həmin obyektlər barədə ölçü götürməyə, onları inzibati cəzalara cəlb etməyə səlahiyyətimiz yoxdur.
- Sənədsiz satılan mallardan istifadə nəticəsində törənə biləcək fəsadlara görə kim məsuliyyət daşıyır?
- Əsl problem də bundadır. Çünki satıcılar məhsulu müəyyən şəxslərdən sənədsiz alır və satırlar. Nəticədə təhlükə yaşananda istehsalçılar deyil, onlar ittihamlanırlar. Ona görə də biz çalışırıq əmtəə bazarında sənədləşdirmə olmadan sözügedən məhsulların satışını birdəfəlik ləğv edək. Bu istiqamətdə maarifləndirmə işi də aparırıq. Amma bununla belə, problem hələ də var.
- Fərdi və hüquqi şəxslərə lisenziyaların verilməsində hansı problemlər yaşanır?
- 2005-ci ilin aprelin 20-nə kimi alkoqollu içkilərin və tütün məmulatlarının istehcalına və idxalına lisenziyaları İqtisadi İnkişaf Nazirliyi verirdi. Lakin aprelin 20-də prezidentin imzaladığı fərmana görə bu iş bizə həvalə edildi. Ötən il məhsulları keyfiyyətlərə və standartlara uyğun olmadığından, avadanlıqlar müasir tələblərə cavab vermədiyindən istehsal həcmlərini yerinə yetirməyən 41 fiziki şəxsin lisenziyasının fəaliyyəti dayandırılıb, 10 fiziki şəxsin lisenziyası isə ləğv edilib. Lazımi sənədləri qaydasına saldığından və yol verilmiş nöqsanları aradan qaldırdığından 20 fiziki şəxsə lisenziyanın verilməsi təmin olunub. Müşayiətedici sənədləri olmayan 46 fiziki şəxsə cərimə tətbiqlənib. 52 fiziki şəxsə ciddi xəbərdarlıq olunub. 24 obyektdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən akt və protokol tərtiblənib. Xüsusi razılıq, yəni lisenziya olmadan fəaliyyət göstərən 6 obyektdə alkoqollu içkilərin və tütün məmulatlarının satışı dayandırılıb. Satış yalnız lisenziya alınandan sonra bərpa ediləcək. Digərləri isə problemləri çözdükdən sonra lisenziya ala bilərlər. Bildirim ki, lisenziya fəaliyyətlərini ildə 1 dəfə olmaqla ilin sonunda yoxlayırıq. Qeyd etdiyim problemlər yaşanan istənilən müəssisənin lisenziyası hökmən əlindən alınacaq. Bildirim ki, müraciət edənlərin müvafiq sənədlərinin yoxlanılması 5 gün, lisenziyanın hazırlanması və verilməsi isə 10 gün ərzində reallaşır.
- Bəzi obyektlərdə monitorinqlərin keçirilməməsi üçün yoxlama komissiyasına təzyiq göstərildiyi söylənilir...
- Biz dövlət başçısının "Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 avqust 2005-ci il tarixli 289 saylı fərmanına əsasən monitorinqlər keçiririk. Ona görə də kimsə monitorinq komissiyasına təzyiq göstərə bilməz. Əgər təzyiqlər olsaydı, yuxarıda qeyd etdiyimiz tədbirlər həyata keçirilə bilməzdi. Qeyd etdiyimiz sahədə ciddi nöqsanlara yol verən, qayda-qanuna məhəl qoymayan bütün müəssisələr onların sahibilərinin kimliyindən və vəzifəsindən asılı olmayaraq bağlanacaq. Xəbərdarlığımıza məhəl qoymayanlar olarsa, bağlanan obyektlərin sayı ilin sonuna qədər bir neçə dəfə arta bilər.