"Nabukko" yerində sayır"
"Nabukko" layihəsinin dalana dirənməsi ilə bağlı müxtəlif fikirlər formalaşır. Bəzi qüvvələr isə iddia edirlər ki, bu layihə artıq baş tutmaya bilər. Avstriyanın "OMV" şirkətinin neft-qaz bölməsinin sədri Verner Aulinin kifayət qədər təklif daxil olmazsa, layihənin ləğv olunacağını açıqlamasından sonra "Nabukko"nun taleyinə dair şübhələr artdı. Ceymstaun Fondunun əməkdaşı, politoloq Vladimir Sokorun "Eurasia Daily Monitor" nəşrində də bu məsələyə geniş yer ayrılıb. Politoloq bildirib ki, "Nabukko" layihəsi istehsalçılar, tranzit ölkələr və eneryi daşıyıcıları istehlakçıları arasında koordinasiya mexanizminin olmaması və layihəyə Avropa İttifaqı tərəfindən faktiki rəhbərlik edilmədiyinə görə yerində sayır. Sokorun fikrincə, layihənin reallaşmasına siyasi problemlər də öz mənfi təsirini göstərir: "Bu problemlərdən biri layihənin iştirakçıları və digər avropalı müşahidəçilər tərəfindən tam etiraf edilən, lakin Vaşinqton tərəfindən qiymətləndirilməyən amildir - ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə nəzərən son siyasəti nəticəsində Azərbaycanın layihəyə siyasi soyuqluq nümayiş etdirməsi. Bu siyasət nəticəsində Azərbaycan və Türkiyənin münasibətlərində soyuqluq yaranıb, bu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda Rusiya və Ermənistanın mövqelərini möhkəmlədib. Mümkün təcrid və Avropaya çıxışdan məhrum olma risqini nəzərə alan Azərbaycan öz qazını Rusiya və İran istiqamətində nəql etmək təkliflərinə açıqdır". Politoloq qeyd edib ki, Avropa İttifaqı ilə İraq arasında eneryi sahəsində tərəfdaşlıq və qarşılıqlı anlaşma memorandumu imzalanmasına, Avropa İttifaqının İraqın eneryi resurslarını "Nabukko" üçün potensial mənbə saymasına rəğmən İraqın bu layihəyə qoşulmasına hələ uzun illər var: "Buna görə də Azərbaycan qazı ən azı ilk mərhələdə "Nabukko" üçün həyati əhəmiyyət daşıyır. Türkmənistan qazının Azərbaycan ərazisindən ötürülməsi həm "Nabukko" layihəsinin ikinci mərhələsi, həm də "Cənub dəhlizi" layihəsi üçün həyati əhəmiyyətə malikdir".
Elnur