Qazaxıstan "Alternativ" Aktual Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Andrey Çebotaryovun "Həftə içi"nə eksklüziv müsahibəsi

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevralın 14-də Azərbaycana ikigünlük səfərə gələcək.
Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində K.Saudabayevin ilk səfəri Azərbaycana olacaq. Sonra isə o, Ermənistan və Gürcüstana gedəcək. Qeyd edək ki, Qazaxıstan quruma sədrliyi dövründə uzadılmış münaqişələrin həllinə diqqət ayıracağını bəyan edib. Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində hansı dəyişikliklərin ola biləcəyi və rəsmi Astananın Bakıya bu məsələdə nə kimi yardımlar edəcəyi hələ bilinmir. Qazaxıstan "Alternativ" Aktual Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Andrey Çebotaryovla müsahibəmizi bu istiqamətdə qurduq. İlk sualımız K.Saudabayevin Cənubi Qafqaza səfərindən gözləntilərlə bağlı oldu.
- Hələ bu il yanvarın 14-də ATƏT-in daimi nümayəndəliyinin Avstriyada keçirilən yekun iclasında Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ATƏT-in sədri kimi bildirdi ki, o, Cənubi Qafqazda dondurulmuş münaqişələrin həllinə çalışacaq və təmsil etdiyi dövlətin gücünü bu istiqamətə yönəldəcək. Cənubi Qafqaza səfəri çərçivəsində ATƏT sədri Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. Saudabayev bu səfər çərçivəsində ilk olaraq gözlənilən heç nə edə bilməyəcək. İlk növbədə o, tərəflərin fikirlərini dinləyəcək və Cənubi Qafqazın münaqişəli olan dövlətlərinin rəhbərləri ilə məsləhətləşmələr aparacaq, onların mövqeləri ilə tanış olacaq. Səfəri ərəfəsində ATƏT tərəfindən münaqişələrin həlli ilə bağlı xüsusi təkliflərin hazırlanacağı da istisna edilmir. İstənilən halda, yanvarın 22-də Minsk Qrupu həmsədrlərinin Astanada məsləhətləşmələrindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Saudabayevin Bakı və İrəvana hazırlıqlı gedəcəyi görünür. Bundan başqa, yanvarın 25-də Ermənistan və Azərbaycan prezidentlərinin rusiyalı həmkarları ilə birgə Soçi danışıqlarının nəticələri də ATƏT sədrinin bu məsələdə mövqeyinin nədən ibarət olacağını müəyyənləşdirə bilər. Saudabayev üçün çətin də olsa, analoji danışıqları Tbilisidə də aparacaq. Artıq bu məsələdə iki bərabərhüquqlu dövlət arasındakı münaqişədən söhbət getmir. Bu məsələdə Rusiya faktoru da yaddan çıxarılmamalıdır. Qazaxıstan Rusiya ilə Gürcüstan arasında münasibətlərin normallaşması üçün vasitəçilik missiyasını yerinə yetirmək şansı qazana bilər. Beləcə deyə bilərik ki, bir tərəfdən ATƏT sədrinin Cənubi Qafqaz səfərinə "növbətçi" kimi baxmaq olmaz. Digər tərəfdən isə səfərin nəticələrinə görə, hərbi-siyasi münaqişələrin həllində hansısa ciddi irəliləyiş gözlənilmir.
- Necə fikirləşirsiniz, ATƏT-ə sədrlik edən Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa köməklik edəcəkmi?
- Qazaxıstan münaqişələrin həll olunması prosesində fəallıq nümayiş etdirəcək. ATƏT-ə sədrlik edən Qazaxıstan səlahiyyətlərindən istifadə edib Minsk Qrupunun fəaliyyətində hansısa korrektələr, eyni zamanda ATƏT-in himayədarlığı ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı tərəflər arasında xüsusi konfransın keçirilməsi təşəbbüsündə çıxış edə bilər. O da qeyd olunmalıdır ki, Kanat Saudabayev Qazaxıstanın Cənubi Qafqazdakı bu və ya digər münaqişələrin həllində "əlavə resurslara" malik olduğunu təsdiqləyir. Bundan başqa, prezident Nursultan Nazarbayevin postsovet məkanında münaqişələrin tarixi və hazırkı vəziyyətini dərindən bilməsi, MDB ölkələrində onun şəxsiyyətinə inam və hörmətin olması Astananın ATƏT-in sədri qismində həmin münaqişələrin həllinə yeni impuls verə biləcəyinə ümid yaradır. Lakin bütün bu məqamlar digərləri ilə birlikdə ən yaxşı halda yaxın perspektivdə Bakı və İrəvan arasında gərginliyin artmasının qarşısını alacaq. Bu məsələdə bir çox şey fəaliyyət göstərən dövlətlərin əhvali-ruhiyyəsindən, onların xalqlarının və xüsusilə də liderlərinin bir-birinə münasibətindən asılıdır. Bu halda Dağlıq Qarabağ münaqişəsinin həllində kimin vasitəçi olması o qədər də böyük əhəmiyyət kəsb etmir.
- Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu necə qiymətləndirirsiniz?
- Bu məsələdə Rusiya çətin vəziyyətdə qalıb. Bir tərəfdən Ermənistan Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi müttəfiqidir, digər tərəfdən də Azərbaycan var ki, Rusiya ilə münasibətlərində istiləşmə müşahidə olunur. Bakı və Moskvanın Xəzər məsələsində mövqeləri üst-üstə düşür. Ona görə də Rusiya bölgədə öz strateji maraqlarını qorumaq üçün hər iki dövlətlə münasibətlərini pozmaq istəmir. Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün təhlükəli sayılmır. Ona görə də məsələlərə obyektiv yanaşıldıqda Dağlıq Qarabağ münaqişəsinin Rusiya üçün mühüm mövzu sayılmadığı qənaətinə gəlmək olar. Hətta mümkündür ki, Bakı və İrəvan arasında münaqişənin həlli ilə bağlı vasitəçi qismində çıxış etmək Moskva üçün rahatdır. Bir tərəfdən ciddi narahat olmamaq və öz üzərinə maksimal məsuliyyət götürməmək lazımdır. Digər tərəfdən isə Gürcüstanla hərbi-siyasi münaqişədən sonra Rusiya üçün aktual sayılacaq sülhməramlı imic qorunub-saxlanılmalı və inkişaf etdirilməlidir. Tərəflərin sadəcə bir masa arxasında oturması üçün Rusiyanın göstərdiyi səylərin əvəzinin verilməsi lazımdır. Məhz Soçidə üçtərəfli görüşdə də bu məqam nümayiş etdirildi. Aydındır ki, Rusiyanın bu məsələdə atdığı addımlar boş yerə deyil. Ümumilikdə isə sözügedən məsələdə heç nə Rusiya və digər vasitəçilərdən asılı deyil.
- Türkiyənin Minsk Qrupunun dördüncü həmsədr seçilməsi istəyinə münasibətiniz necədir?
- Prinsipcə bu, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması fonunda optimal addım ola bilərdi. Bununla yanaşı, Ankara bu məsələni gündəmə gətirmək istəsə, ATƏT sədri kimi Qazaxıstanın yardımına ümid bəsləyə bilər. Bu addımın atılmasının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir etməsi isə başqa məsələdir. Ankaranın Minsk Qrupunun dördüncü həmsədr ölkə olacağı siyasi yox, daha çox təşkilati-texniki əhəmiyyət daşıya bilər.
- ABŞ-ın son zamanlar müşahidə olunan Cənubi Qafqazdakı fəallığı və Xəzər hövzəsində möhkəmlənməsi Azərbaycana nə verə bilər?
- Burada hər şey ilk növbədə ABŞ-ın baxdığı perspektivdə Azərbaycanı hansı rolda görmək istəməsindən asılıdır. Bakının beynəlxalq terrora qarşı mübarizə, Əfqanıstanda vəziyyətin sabitləşməsi ilə bağlı hava məkanını Amerika təyyarələri üçün açması məsələsində Vaşinqtonun müttəfiqi qismində çıxış etməsi məsələnin bir tərəfidir. Pentaqon və NATO-nun planlarında Rusiya və İrana qarşı hərbi-siyasi fəaliyyətdə Azərbaycana plastdarm kimi baxılması digər məsələdir. İkinci ən başlıca məqam isə Azərbaycanın özünün bununla bağlı nə düşünməsidir. Məlumdur ki, Xəzərin cənub hissəsinə amerikalıların daxil olması Bakının iştirakı olmadan mümkün deyil. Bakı ilə Tehran arasında münasibətlərin ciddi şəkildə pozulması risqi Azərbaycanı Vaşinqtonun sözügedən bölgədə mövqelərinin gücləndirilməsi istiqamətində fəaliyyətdən çəkindirir.
- "Transxəzər" qaz layihələrinin reallaşdırılması Cənubi Qafqazda gərginlik yaradır. Qərblə Rusiya arasında bu məsələ ilə bağlı qarşıdurma nə qədər uzağa gedə bilər?
- Fikrimcə, sözügedən məsələ süni şəkildə siyasiləşdirilib. Təbii ki, hansısa bir qaz kəmərinin tikintisi və istifadəyə verilməsi rəqabət aparan tərəflərin iqtisadi və geosiyasi maraqlarına zərbə endirəcək. Lakin bu gün Qərb və Rusiya tərəfindən lobbiləşdirilən "Nubokko" və Xəzərətrafı qaz kəməri qüvvədə olan bəzi səbəblərə görə faktik olaraq dondurulub. Belə bir təsəvvür yaranır ki, bu layihələrin əsas təşəbbüskarlarının yalnız maraqları var ki, onları hərəkətə gətirir. Lakin bu dövlətlərin qarşılarına qoyduqları məqsədləri sonadək reallaşdırmaq üçün prinsipiallıqları yoxdur. Bütövlükdə hər iki layihə özündə həm müsbət, həm də mənfi cəhətləri cəmləşdirir buraya müəyyən siyasi və iqtisadi risklər də daxildir. Lakin təşəbbüskarlar arasındakı rəqabətin bir-birlərinə qarşı güc tətbiqetmə səviyyəsinə qədər qalxacağını düşünmürəm. Çünki bu qaz kəmərlərinin tikintisi uzunmüddətli prosesdir.
- Bu il Qazaxıstanın xarici siyasətində hansı dəyişikliklər gözlənilir? Astana hansı prinsiplərə əsasən öz müttəfiqini axtaracaq?
- ATƏT-ə sədrlik və Gömrük İttifaqına üzvlük Qazaxıstanın bu ilin başlanğıcında xarici siyasətində uğurlu addımlarından biridir. Bu da imkan verir ki, rəsmi Astana xarici siyasətini möhkəmləndirsin. Bundan başqa, Qazaxıstan bu ildən İslam Konfransı Təşkilatına 2011-ci ildə sədrlik hazırlığına başlayacaq. Bütövlükdə Qazaxıstan öz xarici siyasi kursunda çoxistiqamətlilik prinsipinə sadiqdir. Bu çoxistiqamətlilik bəzən xarici amillərin təsirindən asılı olaraq müəyyən korrektələrə məruz qalır. Ümumilikdə siyasi prioritet Rusiya meyillidir. Lakin enerji sahəsində beynəlxalq əməkdaşlıqda daha çox Çinlə münasibətlər qurulur.
- 2010-cu ildə Qazaxıstan - Azərbaycan münasibətlərində hansı əlamətdar hadisələr baş verə bilər?
- Sözsüz, Qazaxıstan ATƏT çərçivəsində Azərbaycana dəstək olacaq. Hər iki dövlət arasında siyasi, ticari-iqtisadi məsələlərlə bağlı heç bir problem yoxdur. Xüsusilə də Xəzərin dibinin bölüşdürülməsi məsələsində mövqelər üst-üstə düşür. Eyni zamanda Qazaxıstanın Xəzərdə nəqliyyat daşımaları sisteminin yaradılmasıdır ki, buradan bizim dövlətin neftinin Bakı - Tbilisi - Ceyhan marşrutu ilə xaricə ötürülməsidir. Mənə elə gəlir ki, Qazaxıstanla Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlıq mövcud olub və ildən-ilə inkişaf edir.