
Premyerliqanı tərk etməyə real namizədlərdən biri də "Karvan"dır. Mövsümün ilk yarısını turnir cədvəlinin sonuncu pilləsində başa vuran Yevlax təmsilçisi tarixində ilk dəfə hazırlıqlarını ölkə daxilində keçirdi.
Yoxsa "Pro" kateqoriyalı məşqçi Yunis Hüseynov "silah"ı yerə qoyub? Livesport.az saytının suallarını cavablandıran təcrübəli mütəxəssis yeni transferlərini, ümumiyyətlə, hazırlıq prosesini dəyərləndirib.
- Niyə hazırlıq dövrundə ölkədən kənara çıxmaq istəmədiniz? Axı əvvəlcədən belə bir planınız var idig
- Başda Şahmar müəllim olmaqla klubun rəhbərliyi təkid etdi ki, əvvəlki kimi Antalyaya gedək. Ancaq bldiyiniz kimi, qış hazırlıq dövrü qısaldılıb. Həm vaxt az idi, həm də heyəti vaxtında komplektləşdirə bilmədim. Transferlərin çoxunu bu yaxınlarda reallaşdırdıq. Buna görə də Antalyaya getməyib Bakıda hazırlaşdıq. Buradakı təlim-məşq toplanışı da pis keçmədi. Şəxsən hazırlıqdan razı qaldım.
- Yeni transferlərinizi necə dəyərləndirirsiniz?
- Əsasən yerli futbolçulara üstünlük verdim. Çünki onlara güvənirəm.
- Amma əksəriyyəti əvvəlki klublarında ehtiyatda qalan oyunçulardır...
- Əgər onların keçmişinə baxıb qiymətləndirirsinizsə, onda unutmayın ki, demək olar, hamısı millinin üzvləri olub. Zaur Ramazanov da, Emin Quliyev də, Xaqani Məmmədov da. Mən bu uşaqlara inanmasaydım, komandama göturməzdim. Mənə tez-tez sual verirlər ki, 4 - 5 aydı ayağına top dəyməyən futbolçularla hara qədər gedə biləcəksiniz? Hazırda hamısı forma yığıb. Bunu çempionatın gedişində özünüz də görəcəksiniz.
- Zaur demişdi ki, "Standard" autsayder olduğuna görə orada oynamağı özümə sığışdırmadım". Bəs nə əcəb "Karvan"a - əyalət komandasına gəlməyə razılıq verdi? Onun keçidində Yunis Hüseynov amilinin nə dərəcədə rol oynadığını deyə bilərsiniz?
- "Karvan" Ramazanov üçün yad komanda deyil. O, əvvəl də burada oynayıb və hətta 2004-cü ildə bizdə bombardir olub. Yevlax onun üçün doğma şəhərdir.
- Amma o, həmçinin Emin də intizamsız futbolçulardır. Onlarla yola getmək çətin olmayacaq?
- Mənim yanımda nə Zaur, nə də Emin özlərini intizamsız aparmayacaq. Buna əmin ola bilərsiniz.
- Komandada hansı mövqelərdə problem qalıb?
- Demək olar, bütün mövqeləri gücləndirmişik. Yalnız qapıçıyla bağlı çətinliyimiz var. İnşallah, onu da həll etməyə çalışırıq.
- Əldə etdiyimiz bilgiyə görə, Rauf Mehdiyevi "İnter"dən icarəyə götürməklə "çərçivə" problemini yoluna qoymağa çalışırsınız...
- Bu məsələ hələ konkretləşməyib. Yəqin, qısa vaxtda danışıqlar müsbət nəticələnər.
- Transfer pəncərəsi fevralın 4-də bağlanacaq. Başqa transferiniz olacaq?
- "Qarabağ"dan ayrılan Ceyhun Adışirinovu da heyətimizə qatmışıq. Qapıçı problemini də yoluna qoysaq, daha heç kimi almayacağıq.
- Deməli, heyəti tam komplektləşdirmisiniz...
- Həqiqi mənada - hə. 80 - 90 faiz 2-ci dövrəyə hazırıq.
- Premyerliqada qalacağınıza əminsiniz?
- Əksini düşünmürəm də. İnanıram ki, yeni ildə çıxışımız uğurlu alınacaq. "Karvan" əvvəlki iddiasını qaytarmaq uğrunda vuruşacaq. Heyətə də iddialı futbolçuları yığmışıq.