Roman Pokora: "Ümid edirəm ki, Gürcüstanda keçirdiyimiz toplanış yalnız komandanın xeyrinə olacaq"

"Simurq" futbol klubunun baş məşqçisi Roman Pokoranın saytımıza verdiyi müsahibəni sizə təqdim edirik.
- "Simurq" çempionata uğursuz başlasa da, qısa zamanda toparlanmağı bacardı və artıq liderlər sırasında yer alıb. Buna necə nail oldunuz?
- Mövsümün əvvəli həmişə çətin olur. Unutmayaq ki, avrokuboklarda iştirak üzündən ənənəvi hazırlıq planımızda xeyli dəyişiklik etmişdik. Üstəlik, heyətə yeni qoşulan oyunçulara da uyğunlaşmaq üçün vaxt tələb olunurdu. Bir sözlə, mövsümün əvvəlində hər bir komandanın üzləşdiyi problemlər bizdən də yan keçməmişdi. Amma indi onlardan keçmiş zamanda danışmalıyıq. Problemlər artıq arxada qalıb.
- Amma etiraf etmək lazımdır ki, çempionatda bu 3 həftəlik fasilə heç yerinə düşmədi...
- Heç kimi tənqid etmək istəməzdim, lakin belə pauzalar futbolçuların oyun ritmini pozur. Fasilə yerinə düşmədi, amma bunu faciəyə də çevirməyə dəyməz. Güclü komandalar çətin vəziyyətlərdən çıxmağı bacarmalıdır. Medalın digər üzü də var; toplanışlar nə qədər rəsmi oyunların yerini verməsə də, ümid edirəm ki, Gürcüstanda keçirdiyimiz toplanış yalnız komandanın xeyrinə olacaq. Bunun üçün çalışacağıq.
- Bu toplanış digərlərindən nə dərəcədə fərqlənəcək? Hər halda, oktyabr toplanışlar üçün spesifik ay sayılmır...
- Fərq yalnız müddətin azlığındadır. Başqa dəyişikliklərə lüzum görmürəm. 1 həftə ərzində 2 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Gürcüstan klubları kifayət qədər rəqabətə davamlıdır, onlarla qarşılaşmalar futbolçuların yalnız xeyrinə işləyər. Tbilisini seçməyimizin səbəbləri çoxdur: Zaqatalaya yaxındır, orada çoxlu tanışlar var, bizə istədiyimiz şəraiti yaradırlar. Eyni vaxtda gələcək üçün seleksiya işi ilə məşğul ola bilərik. Azərbaycan çempionatında oynamaq istəyən səviyyəli gürcüstanlı futbolçuların sayı çoxdur.
- Seleksiyadan söz düşmüşkən, ötən illə müqayisədə "Simurq"un heyətində xeyli dəyişiklik var. Yeni transferlər ümidləri doğrulda bilir?
- Məncə, bu suala oyunlarımızın statistikasına baxaraq cavab tapmaq olar. Bu mövsüm start heyətində 5 - 6 yeni transfer etdiyimiz futbolçular çıxır. Bu nədən xəbər verir? İstənilən məşqçi heyət qurarkən həftəlik hazırlıq tsiklinə əsaslanır və ən layiqlilərə, ən güclülərə şans verir. Deməli, bu gün ilk "11-lik"də meydançaya çıxanlar ixtiyarımızda olanlar arasında ən yaxşılardır. Daha bir məqam: hazırda "Simurq"da Latviya, Gürcüstan və Azərbaycan yığmalarında çıxış edən və ya namizəd olan 6 - 7 futbolçu var. Bu bizim klub üçün fəxr edilməli olan amildir.
- İndi əliniz altında olan heyət daha genişdir. Bu, sizə taktiki manevrlər etməyə imkan verirmi; məsələn: "Bakı" və "Neftçi" ilə qarşılaşmaların gedişində "Simurq" bir neçə dəfə taktikanı dəyişdi və bu, bəhrəsini verdi...
- Taktika nisbi anlayışdır. Görüşün gedişindən, rəqibin hansı cür oyuna üstünlük verməsindən çox şey asılıdır. "Simurq"un isə ən böyük üstünlüyü ondan ibarətdir ki, nə olur-olsun, üslubunu dəyişmir, öz futbolunu oynayır. Mövsümdən əvvəl də seleksiya zamanı daha çox universal, həm oyun qurmağı, həm də top almağı bacaran futbolçulara üstünlük verdik. Biz yaxşı nəticə qazanmağı sevirik. Bunu bacarırıq. Kimsə bizi buna görə tənqid etsə də, unutmayaq ki, tarixdə məhz nəticə qalır.
- Yenidən fasilə mövzusuna dönməli oluruq, amma bu dəfə digər aspektdən. Hazırda yığmaların düşərgəsində 3 oyunçu var: Teymuraz Qonqadze, Gennadi Solonitsin və Daniel Axtyamov. Onlar ən yaxşı halda düşərgəyə "Karvan"la görüşə kimi qatılacaqlar. Bu, planlarınızı pozurmu?
- Düzü, artıq öyrəşmişik. Bir neçə dəfə futbolçular belə ekstremal şəraitdə oyunlara hazırlaşıblar. Amma çox çətindir. Həftəlik məşq prosesini buraxmış oyunçuya necə şans verəsən? Lap həmin oyunçunu 3 gün sonra məcbur olub sonra start heyətində buraxsan da, zəif oynasa belə, irad tutmağa adamın dili gəlmir. Çünki hardan və necə gəldiyini bilirsən.
- "Karvan"la bu gün oynayacaqsınız. Lakin yəqin ki, artıq bu qarşılaşmada qarşıda duran məqsəd barədə danışmaq olar...
- Hamı bilir ki, biz məğlub olmağı sevmirik. Özü də doğma azarkeşlərimiz qarşısında. Yeganə məqsəd qələbədir. Başqa cür ola da bilməz.