
MƏhmƏt Əli Ağcanın vəkili Şövkət Can Özbay dünən qatıldığı televiziya proqramında tamaşaçıları heyrətə gətirən bir sirr açıqlayıb. O, müdafiə etdiyi Əli Ağcanın vaxtilə Sabina Castelfranco adlı italiyalıya yazdığı məktubun əl yazısını ekranlarda nümayiş etdirib. "İnternethaber"in məlumatına görə, sonra isə 2001-ci ildə ingiliscə yazılmış məktubun tam mətnini oxuyub: "Sevgili Sabina, Roma papasını sovet "KQB"sinin tapşırığı ilə vurdum. Sui-qəsd planını reallaşdırmaq göstərişini isə Bolqarıstanın məxfi idarəsində çalışan cənab Kuzinskidən aldım. Daha sonra Bolqarıstan məxfi idarəsinin Roma şöbəsinin rəhbəri Donchevle görüşdüm. O, Roma papasından sonra polşalı siyasətçi Lex Valensanı öldürməyi planlaşdırmışdı. İmza: Məhmət Əli Ağca". Məhmət Əli Ağca 2001-ci ildə İtaliya həbsxanasından çıxıb Türkiyəyə döndüyü əsnada yazıçı-jurnalist Abdi İpəkçini öldürdüyünə görə yenidən həbs olunub. Ağca məhbəsdə olarkən sözügedən məktubu Castelfrancoya çatdırmaq məqsədilə vəkilinə vermişdi. Amma C.Özbay məktubu itirdiyi üçün lazımi ünvana çatdıra bilməmişdi. Buna baxmayaraq o, 10 il sonra - bu yaxınlarda arxivində səliqə-sahman yaradarkən məktubun əlyazmasını tapıb və ekranlara çıxarıb. Onu da deyək ki, Özbay proqram əsnasında Əli Ağcanın ona vəkil haqqı olaraq indiki dəyərlə 7500 lirə (3500 dollar) borcu qaldığını bildirərək ondan həmin pulu ödəməsini tələb edib.