
Türkdilli ölkələrin parlament sədrlərinin Bakıda keçirilən toplantısında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) katibliyi Bakıda yaradıldı. Qurumun ilk baş katibi də Azərbaycandan Ramil Həsənov seçildi. TürkPA-nın yaradılmasından sonra baş katib kimi fəaliyyəti, eyni zamanda qurumla bağlı digər məsələlərə aydınlıq gətirmək üçün R.Həsənovla görüşüb söhbətləşdik.
- Mart ayında səfərimiz nəzərdə tutulub. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının hüquq katibliyinin növbəti plenar iclası Moldovada keçiriləcək və orada iştirak edəcəyik. Bundan sonra Türkiyə Böyük Millət Məclisinin 90 illiyi ilə bağlı İstanbulda və Ankarada böyük tədbirlər planı nəzərdə tutulub. Bununla bağlı səfərlərimiz var. Həmçinin TürkPA olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu parlament assambleyaları ilə əməkdaşlıq qurmaq üçün həmin ünvanlara məktublar göndərilib.
Bu məktublar TürkPA-nın rəsmən fəaliyyətə başladığını göstərir. Bunlar NATO, ATƏT, İKT, MDB və QDİƏT PA-ya da ünvanlanıb. Hesab edirəm ki, bununla bağlı bizim bir neçə səfərimiz olacaq. Həmçinin may ayında ATƏT-in növbəti sessiyası Qazaxıstanda keçiriləcək. Bununla bağlı da bizim səfərimiz nəzərdə tutulub. Təbii ki, burda söhbət təkcə məndən getmir, eyni zamanda baş katib olaraq mənim 3 müavinim var və onlarla bölgü əsasında fəaliyyətimizi həyata keçirəcəyik. Amma fevralda biz təşkilati məsələlərlə məşğul olduğumuz üçün təşkilatın illik iş planına uyğun olaraq müəyyən layihələr hazırlandığından harasa səfər etməyi nəzərdə tutmamışıq. Hesab edirik ki, mart ayına kimi müəyyən işlərimizi yekunlaşdırdıqdan sonra səfərlərimizə başlayacağıq.
- TürkPA yaradılan zaman onun büdcəsi də təsdiq edildi. Bilmək istəyirik, bu günə kimi üzv dövlətlər üzvlük haqlarını ödəyiblərmi?
- Üzv dövlətlər vəsaitlərini ödəməyə hazırdırlar. Sadəcə, biz Azərbaycan hökuməti ilə müqavilə imzalamalıyıq. Bu müqavilənin imzalanması texniki prosesdir. Yəqin ki, bu müqavilə yaxın vaxtlarda imzalanacaq və bundan sonra hesablarımızı aça bilərik. Biz gözləyirik ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq müqavilə imzalansın. Həmin prosedurdan sonra Milli Məclis müqaviləni ratifikasiya etməlidir. Ratifikasiyadan sonra isə Azərbaycan tərəfi rəsmən TürkPA-nı beynəlxalq təşkilat kimi tanıyacaq. Bu, hüquqi tərəfdir. Faktik olaraq biz fəaliyyətdəyik. Azərbaycan tərəfi bizə bütün köməkliyi göstərir, parlament rəhbərliyi tərəfindən bizə bütün şərait yaradılıb və biz əməkdaşlıq imkanlarımızı genişləndiririk. Amma bunun hüquqi tərəfi var və bu, müəyyən zaman tələb edir. O zaman içərisində də bu proses bitdikdən sonra üzv ölkələrin üzvlük haqlarını ödəməsi ilə bağlı problem qalmayacaq. Parlamentlər artıq bizə müraciət ediblər ki, vəsaitlərini ödəməyə hazırdırlar. Sadəcə, hesab açılmalıdır ki, o hesaba pullar köçürülsün.
- TürkPA-nın baş katibi olaraq rəsmi bir dəvət necə, almısınızmı?
- Biz ötən il rəsmi səfərlərə getmişik. Mən TBMM-in sədri Məhməd Əli Şahinin dəvəti ilə Ankarada, eyni zamanda Qazaxıstan senatının sədri Qasımcomərt Tokayevin dəvəti ilə noyabrda həmin ölkədə rəsmi səfərdə olmuşam. Bunlar artıq TürkPA-nın baş katibi kimi şəxsən mənə yox, TürkPA-ya olunan dəvətdir. Bu səfərlər zamanı keçirilən görüşlər içərisində əsasən 2010-cu ildə TürkPA-nın fəaliyyəti ətrafında müzakirələr aparmışıq.
- Bu günlərlə TürkPA xətti ilə Bakıda, yaxud assambleyaya üzv ölkələrin birində hansısa tədbirlər planlaşdırılıbmı?
- Xeyr. Biz ilk olaraq bayaq qeyd etdiyim təşkilati məsələləri bitirməliyik ki, ondan sonra konkret sizin qeyd etdiyiniz beynəlxalq tədbirləri keçirək.
- Müqavilənin bağlanması və ratifikasiya olunmasını dediniz. Bu proses niyə yubanır?
- Azərbaycan parlamentində sənədin ratifikasiya edilməsi üçün heç bir problem yoxdur. Sadəcə, texniki bir prosesdir və buna da müəyyən dövr lazımdır. Müqavilə birinci Xarici İşlər Nazirliyi, Azərbaycan hökuməti ilə TürkPA arasında imzalanmalıdır ki, ondan sonra hökumət ratifikasiya edilməsi üçün həmin sənədi parlamentə göndərsin. Bilirsiniz ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının sədri Milli Məclisin sədri Oqtay Əsədovdur. O bizə hərtərəfli köməklik göstərir, şərait yaradıb. Ona görə də biz əminik ki, müqavilə parlamentə gəldiyi zaman qanuna müvafiq surətdə ratifikasiya ediləcək və biz də faktik fəaliyyətimizin hüquqi tərəfini təsdiq etmiş olacağıq.