Natiq Əliyev: "Azərbaycan nefti Gürcüstan, Rusiya, İran və Türkiyə bazarlarına çıxarılır"

Dünən Sənaye və Energetika Nazirliyində Rumıniyanın ticarət, iqtisadiyyat və biznes mühiti nazirinin müavini, Azərbaycan - Rumıniya enerji məsələləri üzrə işçi qrupunun sədri Tudor Serbanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşün məqsədi haqqında məlumat verən sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Rumıniya Azərbaycandan təbii qaz almaq istəyir. O bildirib ki, Rumıniya prezidenti iki ölkə arasında enerji sahəsində əməkdaşlıq edilməsini təklif edib. Azərbaycan prezidentinin də bununla bağlı nazirliyə tapşırıqlar verdiyini deyən nazir Azərbaycanın hasil etdiyi təbii qazın həcminin bu əməkdaşlığa imkan yaratdığını bildirib: "Azərbaycan dünyanın enerji təhlükəsizliyində getdikcə daha önəmli rol oynamağa başlayır. 2009-cu ildə dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artıb. Təbii ki, bu artımda hasil etdiyimiz xam neft və təbii qazın xüsusi rolu olub. 2009-cu ildə 51,25 milyon ton xam neft, 23 milyard kubmetr təbii qaz hasil etmişik. Bu göstəriciləri neft sahəsində 2010-cu ildə 52,5 milyon tona və təbii qaz hasilatında 28,5 milyard kubmetrə qaldırmaq niyyətindəyik. Azərbaycan gündə 900 min barrel xam nefti dünya bazarına çıxarır. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə böyük önəm verir. Fəxr ediləsi haldır ki, bu gün Azərbaycan nefti Gürcüstan, Rusiya, İran və Türkiyə bazarlarına çıxarılır".
Hazırda əsas müzakirə edilən məsələnin Azərbaycan qazının maye qaz şəklində Rumıniyaya çatdırılması olduğunu deyən N.Əliyev vurğulayıb ki, qazın maye formasına çevrilməsi üçün Gürcüstanda maye qaz zavodunun tikintisi müzakirə obyektidir: "İlkin təhlillər aparılıb və bu təhlillər göstərir ki, belə bir zavodun tikintisi mümkündür. Rumıniya Azərbaycana üçtərəfli anlaşma memorandumu göndərib. Eyni zamanda Azərbaycan və Rumıniya arasında enerji sahəsində əməkdaşlıq protokolunun imzalanması müzakirə olunur. İki ölkə arasında razılaşma olarsa, bizə daha sonra Gürcüstan da qoşula bilər".
İki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini deyən Rumıniya nümayəndə heyətinin rəhbəri Tudor Serban isə ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkəsi olduğunu vurğulayıb. O, Rumıniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Müzakirələr daha sonra kütləvi informasiya vasitələrinin iştirakı olmadan davam etdirilib. Tədbirin fasiləsində jurnalistlərə açıqlama verən N.Əliyev deyib ki, nümayəndə heyətləri arasında enerji əməkdaşlığı ilə bağlı müzakirələr davam edir. Nazir Azərbaycanın üzərinə düşən əsas işin təbii qazı maye qaz zavoduna çatdırmaq olduğunu qeyd edib: "Əsas işimiz ondan ibarətdir ki, müqavilənin qüvvədə olduğu müddətdə öhdəlikləri yerinə yetirək. Müqavilənin yerinə yetirilməsində lazım olan maliyyə xərcləri özəl şirkətlərin hesabınadır. Qazın da qiyməti var - dünya bazarında hansı qiymətədirsə, həmin qiymətə qazı emal müəssisəsinə çatdıracağıq. Biz Rumıniya tərəfi ilə bu haqda danışmışıq".