
Son illər dəmir yolu xətlərinə buraxılan qatarlarda sərnişinlərin rahat gedib-gəlməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Məsələn, Bakı - Mingəçevir qatarlarının vaqonlarında sərnişin mənzil başına çatana kimi rahat kürsülərdə əyləşir, 6 - 7 saatlıq yolboyunca televiziyaya tamaşa edir, çayla təmin olunur.
Qatarın sanitar vəziyyəti və digər xidmətləri də yüksək səviyyədədir. Bakı - Gəncə qatarlarının vaqonlarında salon avtobus tipli olsa da, xidmət 90-cı illərlə müqayisədə xeyli yaxşılaşıb. Ancaq bütün bunlara baxmayaraq hələ də sərnişinlərin daşınması istiqamətində dəmir yolunda göstərilən xidmətin səviyyəsi bəzi inkişaf etmiş xarici ölkələrlə müqayisədə xeyli geridədir. Burada əsas problem isə qatarların sürətinin az olmasıdır. Son vaxtlar respublikamıza da xarici ölkələrin təcrübəsinə əsaslanaraq sürət qatarlarının gətiriləcəyi ilə bağlı məsələ gündəmə gətirildi. Ancaq nədənsə sonradan bu məsələnin nə vaxt reallaşdırılacağı ilə bağlı məlumat verilmədi. Məsələ ilə bağlı məlumat almaq üçün Dövlət Dəmir Yolu İdarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədova müraciət etdik. Qurumun sözçüsü ölkəyə sürət qatarlarının gətirilməsi məsələsinin diqqətdə olduğunu ancaq maliyyə problemi üzündən hələlik reallaşdırmağın mümkünləşmədiyini dedi: "Gələcəkdə Bakı - Böyük Kəsik - Bakı dəmir yolu xətti ilə sürət qatarları xəttinin çəkiləcəyi planlaşdırılır. Bunun üçün sözügedən istiqamətdə dəmir yolu xəttinin açılışı də nəzərdə tutulub. Qeyd edim ki, artıq bu ideyanın reallaşdırılması üçün paytaxta koreyalı mütəxəssislər dəvət olunublar. Onlar ölkənin dəmir yolu xətlərinin vəziyyəti ilə tanışlıqdan sonra bildirdilər ki, yüksək sürət qatarlarının işini reallaşdırmaq üçün ilk növbədə yeni dəmir yolu xətlərinin salınmasına ehtiyac var. Bu işlərin həyata keçirilməsi üçün isə Dünya Bankının Azərbaycana 450 milyon dollar həcmində kredit ayıracağı ilə bağlı razılaşması əldə olunub. Həmin vəsait hesabına 240 kilometr uzunluğu olan dəmir yolunun tikintisi nəzərdə tutulub. Bununla yanaşı, yeni lokomotivlər alınacaq, siqnalizasiya, enerji sistemi quraşdırılacaq. Qeyd edim ki, hazırda sərnişin qatarlarının sürət xətti saatda 100 kilometr təşkil edirsə, sözügedən layihə həyata keçiriləndən sonra sürət həddi saatda 120 - 150 kilometrə çatacaq. Nəticədə sürət qatarları xəttə buraxılandan sonra - məsələn, Gəncədən sərnişinlər Bakıya və oradan geriyə cəmi 4 - 5 saata gedib-gələ biləcəklər. İndi isə təkcə Gəncədən Bakıya 6 - 7 saata çatmaq mümkündür". N.Əzməmmədov sözügedən layihəninin nə vaxt reallaşdırılma vaxtının dəqiq məlum olmadığını da dedi: "Hələlik Beynəlxalq Bank tərəfindən kredit üçün nəzərdə tutulun vəsait ayrılmayıb. Pul ayrılandan sonra bu barədə dəqiq məlumat veriləcək və həmin istiqamətdə işlərə başlanılacaq".