
Dünən səhər saatlarında Binəqədi rayonunda ağır yol qəzası baş verib. Belə ki, 165 saylı sərnişin avtobusu 106 saylı sərnişin avtobusu ilə toqquşub. Olay Binəqədi rayonunun ərazisindəki yanacaqdoldurma mənitəqəsinin yaxınlığında törəyib. Hər iki avtobusun sürücüsü hadisə yerində keçinib. Eyni zamanda sərnişinlərdən 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. 106 saylı avtobus boş, 165 saylı avtobus isə sərnişinlə dolu olub. Dünyasını dəyişənlər Binəqədi rayonunun Məhkəmə-Tibbi Ekspertizasına (MTE) göndərilib. MTE-nin şöbə müdiri Zahir Hüseynov bildirdi ki, ölənlərin 4-ü kişi, 1-i qadındır - 1954-cü il təvəllüdlü Rasim Cümşüd oğlu Seyfullayev (106 saylı avtobusun sürücüsü), 1955-ci il təvəllüdlü Ağabala Surxay oğlu Əhmədov (165 saylı sərnişin avtobusunun sürücüsü), 1950-ci il təvəllüdlü Minaxanım Ağaqulu qızı Quliyeva, 1983-cü il təvəllüdlü Murad Teymur oğlu Məlikov və hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş 40 - 45 yaş arasında olan 1 kişi.
Yaralananlar (Natiq Şirinov (33 yaş), Tərzan Aydınov (36 yaş), qardaşı Tərlan Aydınov (35 yaş)) Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına göndəriliblər. Xəstəxananın şöbə müdirinin "Həftə içi"nə verdiyi məlumata görə, 35 yaşlı Tərzan və 37 yaşlı Tərlan Aydınov qardaşları ambulator müayinədən sonra evə buraxılıblar. 33 yaşlı Namiq Şirinov isə kəllə-beyin travmasi ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Bildirilib ki, Binəqədi rayonunda "Daewo" və "İveko" markalı 2 sərnişin avtobusu toqquşub. Nəticədə "Daewo" markalı avtobusun sürücüsü və 1 nəfər sərnişin (həlak olaraq) deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər həmin şəxsləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin yanacaq-sürtkü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədi ilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Eləcə də həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayonunun Polis İdarəsində AR CM-in 263.30-cu maddəsi ilə cinayət işi açılıb. Bu barədə "Həftə içi"nə adıçəkilən polis idarəsinin müstəntiqi Rauf Süleymanov məlumat verdi. Onun sözlərinə görə, hadisənin səbəbi hələlik məlum deyil.