Ədliyyə Nazirliyi fəaliyyətini MFP-nin
tələblərinə uyğunlaşdırıb
İnsan hüquqlarının müdafiəsi üzrə milli Fəaliyyət planında (MFP) nəzərdə tutulan əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin icrası - xarici ölkələrdə cəza çəkən Azərbaycan vətəndaşlarının və Azərbaycanda cəza çəkən əcnəbilərin cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, azadlıqdan məhrum edilmiş vətəndaşların beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi və digər məsələlərin həyata keçirilməsi ilə bağlı "Həftə içi" Ədliyyə Nazirliyinə müraciət edib.
Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirdilər ki, xarici ölkələrdə cəza çəkən Azərbaycan vətəndaşlarının və Azərbaycan Respublikasında cəza çəkən xarici ölkə vətəndaşlarının cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ədliyyə Nazirliyi bir sıra tədbirlər həyata keçirib. Öncə qeyd etmək lazımdır ki, məhkumların verilməsi sahəsində Azərbaycan Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və Litva ilə ikitərəfli müqavilələr bağlayıb. Eyni zamanda Azərbaycan "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" 21 mart 1983-cü il tarixli Avropa Konvensiyası və "Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" 06 mart 1998-ci il tarixli Moskva Konvensiyasının iştirakçısıdır. Ədliyyə Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində 2005-ci ildən 2009-cu ilin oktyabr ayına kimi keçən dövr ərzində müxtəlif ölkələrə 109 məhkum təhvil verilib, ölkəmizə isə 204 məhkum qəbul edilib. Məlumatda həmçinin bildirilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında 2008-ci ildə Milli Məclis tərəfindən cəzaların çəkilməsi və icrası qaydalarının humanistləşdirilməsi ilə bağlı "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun qəbul edilib. Bu əlavələr və dəvişikliklərlə məhkumların təhsil almaq hüququnun genişləndirilməsi, yazışmalarda senzuranın məhdudlaşdırılması, əməklə məşğul olan məhkumların əməkhaqlarından tutulmaların azaldılması, onların maddi-məişət təminatlarının dövlət tərəfindən ödənilməsi, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün əlavə güzəştlər və s. nəzərdə tutulub. Penitensiar sistemin infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə onların maddi-məişət və sanitariya-gigiyena şəraiti köklü surətdə yaxşılaşdırılıb, göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib, bütün bunlara gündəlik nəzarət təşkil olunmuş, regionlarda beynəlxalq standartlara cavab verən yeni müasir tipli penitensiar komplekslərin inşasına başlanılıb. 2008-ci ildə Naxçıvanda qarışıq rejimli cəzaçəkmə müəssisəsi, 2009-cu ildə isə Bakı istintaq təcridxanası inşa edilərək istifadəyə verilib. Lənkəran və Şəki şəhərlərində bu tipli komplekslərin, habelə Umbakı qəsəbəsində yeni həbsxananın tikintisi aparılır. Gəncədə və Kürdəmirdə yeni qarışıq rejimli cəzaçəkmə müəssisələrinin, Bakı şəhərinin Sabunçu rayonunda qadınlar və yetkinlik yaşına çatmayan şəxslər üçün yeni cəzaçəkmə müəssisələrinin, eləcə də müalicə müəssisəsinin tikintisi nəzərdə tutulur. Penitensiar müəssisələrdə təmir-tikinti və abadlıq işləri aparılıb, tibb sanitariya hissələri zəruri avadanlıqlarla təchiz edilib, müəssisələrdə psixoloq ştatı açılmış, məhkumlar mütəmadi olaraq kütləvi müayinələrdən keçirilib, məhkumlar ictimai faydalı əməyə cəlb olunub, müəssisələrdə kompüter kursları, bədii-konsert proqramları, idman yarışları təşkil edilmiş, kitabxana fondu zənginləşdirilib. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər, həmçinin 6 fevral 2009-cu ildə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün dövlət proqramı"nda da öz əksini tapıb. İctimai nəzarət mexanizmlərinin tətbiqi məqsədilə 2006-cı ildə ədliyyə nazirinin əmri ilə "Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi qaydaları" təsdiqlənib və həmin ildə tanınmış hüquq müdafiəçilərindən ibarət müvafiq İctimai Komitə formalaşdırılıb. Oktyabrın 28-də ölkə ictimaiyyəti və media nümayəndələrinin, xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə İctimai Komitə üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşü keçirilib. Ölkəmiz beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində BMT, ATƏT, Avropa Komissiyası, Avropa Şurası, o cümlədən İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 2000-ci ildə bağlanmış sazişə əsasən BQXK-nın nümayəndələri azadlıqdan məhrum etmə yerlərində monitorinqlər aparır, maneəsiz məhkumlarla təklikdə görüşlər keçirir, monitorinqlərin nəticələri üzrə hesabatlarla bağlı təhlillər aparılır, tövsiyələr üzrə müvafiq işlər görülür. 2009-cu ildən etibarən Avropa Komissiyası ilə birgə həyata keçirilməsi nəzərdə tutulan "Ədliyyə İslahatlarına dəstək proqramı"nda əsas istiqamətlərdən biri kimi penitensiar sistemin müasirləşdirilməsi müəyyən edilir. Bununla yanaşı, Azərbaycan Respublikası hökumətinin YUNİSEF-lə əməkdaşlığına dair 2005-2009-cu illər üzrə ölkə Proqramı çərçivəsinə daxili işlər və ədliyyə nazirlikləri arasında yuvenal ədliyyə sisteminin islahatı üzrə birgə layihə icra olunur. "Hüquqi maarifləndirmə ilə bağlı vəziyyətin nə yerdə olması"na gəlincə isə qurumun rəsmi mövqeyində bildirilir ki, əhalinin hüquqi maarifləndirilməsi, hüquq düşüncəsinin və hüquqi mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə nazirliyin mətbu nəşrlərindən, internet səhifəsinin, eləcə də "e-qanun.az" internet saytının imkanlarından geniş istifadə olunur, ədliyyə orqanlarının əməkdaşları tərəfindən müxtəlif hüquqi mövzularla bağlı kütləvi informasiya vasitələrində, maarifləndirmə tədbirlərində çıxışlar edilir. Hüquqi maarifləndirmənin və informasiya təminatının təşkili məqsədilə 2006-2008-ci illər ərzində ədliyyə nazirinin əmri ilə "İnternet-saytın reqlamenti", "İnformasiya xidmətinin təşkili ilə əlaqədar daxili icraat qaydaları" təsdiqlənib, nazirliyin kollegiyasında müvafiq məsələlər müzakirə edilərək "Ədliyyə orqanlarının fəaliyyətində aşkarlığın gücləndirilməsi və hüquqi maarifləndirmə işinin gücləndirilməsi üzrə əlavə tədbirlər haqqında", habelə "İnternet-səhifənin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" qərarlar qəbul edilib. Bu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsinin (referendumun) keçirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər, o cümlədən rerefendum aktının əhali arasında geniş izahının təşkili istiqamətində zəruri işlər görülüb. Nazirliyin kollegiya iclasında referendum aktının layihəsi ilə bağlı məsələ, bununla əlaqədar ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub, bu sahədə hüquqi maarifləndirmə işinin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib, silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər planı təşdiq olunub. Eyni zamanda, ədliyyə işçiləri tərəfindən referendum aktının dərindən öyrənilməsi və hərtərəfli təhlil edilməsi məqsədilə xüsusi iclas keçirilib. Referendumla bağlı nazirliyin mətbu nəşrlərinin, internet səhifəsinin imkanlarından geniş istifadə edilib, "Qanunçuluq" jurnalının xüsusi buraxılışı hazırlanıb. Maarifləndirmə sahəsində beynəlxalq təsisatlar və QHT-lərlə əməkdaşlıq davam etdirilir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində "İnsan hüquqları və həbsxanalar - ədalət mühakiməsinin həyata keçirilməsinə dair beynəlxalq insan hüquqları sənədlərinin məcmuəsi" Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib, dövlət orqanlarına və digər təşkilatlara göndərilib. Bu ilin iyul ayında İctimai Komitə ilə birlikdə penitensiar sistemin fəaliyyətini işıqlandıran jurnalistlər üçün Ədliyyə Akademiyasında seminar təşkil edilib, interaktiv dialoq aparılıb, media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. Məhkumlara hüquqi yardımın göstərilməsi məqsədilə cəzaçəkmə müəssisələrində komitə üzvləri tərəfindən "hüquqi yardım" günlərinin keçirilməsinə şərait yaradılıb. Eyni zamanda, Ədliyyə Akademiyasında nazirliyin Penitensiar Xidmətinin, Tibb Baş İdarəsinin əməkdaşlarının, digər ədliyyə işçilərinin, bələdiyyə üzvlərinin və qulluqçularının insan hüquqları və digər sahələrdə maarifləndirilməsi mütəmadi olaraq həyata keçirilir.