
Oxucunun sualına "Çalxan" MMC hüquq məsləhətxanasının rəhbəri, hüquqşünas Qurban Məmmədov aydınlıq gətirdi.
- Bu məsələ "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Əvvəla, onu qeyd etməliyəm ki, qan komponentləri dedikdə qandan müalicə məqsədləri üçün müxtəlif üsullarla hazırlanan qanın tərkib hissələri - eritrositlər, leykositlər, trombositlər, plazma və sair nəzərdə tutulur. Müvafiq qanunun 4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada qan xidməti müəssisələrində (qan banklarında) tibbi müayinədən keçən, qanın, qan komponentlərinin donorluğuna heç bir əks göstərişləri olmayan, 18 - 65 yaşlı fəaliyyət qabiliyyətli hər bir şəxs qanın, qan komponentlərinin donoru ola bilər. Yaşı 65-dən yuxarı olan şəxslər də həkim rəyi əsasında donor ola bilərlər. Donordan qanın və ya qan komponentlərinin götürülməsinə donorun sağlamlığına heç bir zərər yetirilmədiyi halda yol verilir. Qanunun sözügedən maddəsinin 4.3 bəndinə görə, qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu ola bilər.
Qanunda həm də qanın, qan komponentlərinin donorluğunun inkişafı və təşkili sahəsində tədbirlərin maliyyələşdirilməsi barədə maddə əksini tapıb. Belə ki, qanın, qan komponentlərinin donorluğunun təşkili və inkişafı sahəsində tədbirlər dövlət büdcəsi, qan xidməti müəssisələrinin (qan banklarının) tibb müəssisələrinə verdikləri qan və qan komponentləri müqabilində əldə etdikləri vəsait, hüquqi və fiziki şəxslərin ianələri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Səhiyyə orqanları, qan xidməti möəssisələri pulsuz qanın, qan komponentlərinin donorluğunun təbliği üzrə tədbirlərin həyata keçirilməsini təmin etməyə borcludurlar. Qeyri-hökumət təşkilatları, o cümlədən ictimai birliklər və fondlar qanın və qan komponentlərinin müalicə məqsədləri üçün könüllü və pulsuz verilməsinin təbliğində səhiyyə orqanları ilə birlikdə iştirak edə bilərlər.
Xatırladım ki, çoxları donorun hüquqları barədə məlumatsızdır və odur ki bu barədə qanunvericilikdə nəzərdə tutulmuş məqamları vurğulamaq istərdim. Məsələn, donorların tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq hüququ var. Bundan əlavə, donorlar pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq, donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada almaq hüququna malikdirlər. Şəxs donorluqla əlaqədar əlil olduqda onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.
Qanunda donorların sosial müdafiəsi ilə bağlı da maddələr var. Belə ki, donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar. Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad edilirlər. Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunur, hər dəfə qan və ya qan komponentlərini pulsuz verən işləyən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə oluna və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.
Donorun vəzifələrinə gəldikdə isə keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməlidir. Donor olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısı ilə tanış olmalıdır. Sağlamlıq vəziyyəti haqqında məlumatın gizlədilməsi, yaxud bilərəkdən yanlış məlumat verilməsi resipiyentin sağlamlığında ciddi mənfi hallara səbəb olduğu və ya ola biləcəyi halda, belə hərəkətlərə yol vermiş donor qanunvericiliklə məsuliyyət daşıyır.