İnsan alverinə qarşı mübarizə nə deməkdir və qurbanların reabilitasiyası necə aparılır?
Ramil Cəfərov, Bakı şəhəri (42 yaş) Sualı "Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova cavablandırır.
- 2004-cü ildən ölkəmizdə insan alverinə qarşı yeni mərhələ başlanıb. Çünki həmin dövrdə dövlət başçısı tərəfindən "İnsan alverinə qarşı mübarizə" haqqında fərman imzalanıb və sənəddən irəli gələn məsələlərin həlli müvafiq instansiyalara həvalə olunub. Sözügedən fərman 2004 - 2007-ci illəri əhatələyib və bu dövr ərzində "Milli fəaliyyət planı" hazırlanıb. 2005-ci ildə isə Milli Məclis tərəfindən "İnsan alverinə qarşı mübarizə" haqqında qanun qəbul edilib. Adıçəkilən fərman və qanunun qüvvəyə minməsindən sonra Cinayət Məcəlləsinin müvafiq maddələrinə dəyişiklik edilməklə insan alveri ilə bağlı məsələ xüsusi müddəalarla təsbit olundu. Yəni Cinayət Məcəlləsinin 144.1-ci maddəsində cinsi istismar, 144.2-ci maddəsində müvafiq olaraq əməyin istismarı, 316-cı maddədə isə məxfi məlumatların qorunması məsələsi yer alıb. Bundan başqa, "Milli fəaliyyət planı" çərçivəsində yaradılan İnsan Alverinə qarşı Mübarizə İdarəsi də müvafiq işlər həyata keçirib. Artıq qurbanlarla işləyən kadrların seçilməsi yekunlaşıb. Bu məsələdə beynəlxalq təşkilatların təcrübəsindən yararlanılıb. Qurbanların xüsusi indikatorlarla müəyyənləşdirilməsi yönündə də iş aparılıb. Halbuki bəzi MDB dövlətləri hələ ki indikatorların dəqiqləşdirilməsi istiqamətində seçim edə bilməyiblər. Bu baxımdan Azərbaycan xeyli öndədir. Digər tərəfdən hazırda AŞ PA-nın "İnsan alverinə qarşı mübarizə" konvensiyasının ölkəmizdə ratifikasiyası üçün sənədin mətni Xarici İşlər Nazirliyində tərcümədədir. Hesab edirəm ki, tərcümə yekunlaşandan sonra konvensiyanın ratifikasiyası dərhal reallaşacaq. Qurbanların reabilitasiyası istiqamətində isə Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri paralel işləyirlər. Məsələn, Səhiyyə Nazirliyinin 4 xəstəxanasında, qadın məsləhətxanasında və Qarayev adına yoluxucu uşaq xəstəlikləri müəssisəsində qurbanlara pulsuz xidmət göstərilməsi nəzərdə tutulub. Təhsil Nazirliyi isə insan alveri ilə bağlı "Təhsil modulu" hazırlayır və mövcud problemin dərsliklərə salınması planlaşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurbanlar üçün xüsusi kurslar təşkil edilib. Cəmiyyətə inteqrasiya çərçivəsində artıq zorakılığa məruz qalmış 50-yə yaxın şəxs kurslara göndərilib. Onların işlə təminatı yönündə də adıçəkilən nazirlik tərəfindən müəyyən tədbirlər həyata keçirilib. Qurbanlara hüquqi yardımlar isə yerli QHT-lər tərəfindən aparılır. Digər tərəfdən "Milli fəaliyyət planı" çərçivəsində xüsusi yardım fondu yaradılıb. Həmin fonda müxtəlif təşkilatlardan ianələr toplanır və yığılan vəsaitlər qurbanların reabilitasiyasına sərf olunur. Bundan başqa, zorakılığa məruz qalanlar barədə "qaynar xətt" formalaşdırılıb. Xəttə daxil olan məlumatlar dəqiqləşdirilməklə yanaşı, onların məxfiliyinə də zəmanət verilir. Eyni zamanda, hazırda Azərbaycanda insan alveri qurbanlarına 33 manat birdəfəlik müavinət verilir. Bu yardımın artırılması üçün müvafiq instansiyalarla Nazirlər Kabineti arasında danışıqlar aparılır. Sözügedən müavinətin 400 manata çatdırılması üçün təkliflər Nazirlər Kabinetinə göndərilib. Çox güman ki, yaxın vaxtlarda məsələ müsbət istiqamətdə həllini tapacaq. Bundan başqa, həm İnsan Alverinə qarşı Mübarizə İdarəsinin, həm də ayrı-ayrı qurumların kadr potensialının təkmilləşdirilməsi üçün xüsusi proqramların həyata keçirilməsi də davam etdirilir. Bununla bağlı xarici ölkələrlə təcrübə mübadiləsi aparılıb və son illər kadrların hazırlığı məsələsində pozitiv irəliləyişlər müşahidə olunur.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin apardığı statistikaya görə, Azərbaycanda 2005-ci ildə 1, 2006-cı ildə 4, 2007-ci ildə 29, 2008-ci ildə 52, 2009-cu ilin 10-cu ayınadək isə 48 nəfər qurban kimi qeydiyyata götürülüb.