Milli fəaliyyət planının
icrası araşdırıldı
Elmira Süleymanova: "KİV-lər yazdıqlarında diqqətli olmalı, böhtana yol verməməlidirlər"
Azərbaycanda insan hüquqlarının müdafiəsi ən çox diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə vətəndaş cəmiyyətinin ayrılmaz hissəsi sayılan QHT və KİV-in də üzərinə cəmiyyətin hüquqi cəhətdən maarifləndirilməsi ilə bağlı böyük məsuliyyət düşür. Qeyd edək ki, dövlət bu sahədə QHT və KİV-lərə ciddi dəctək verməkdə, onların insan haqları ilə bağlı layihələrinə maliyyə yardımı etməkdədir. Bu məqsədlə Prezident yanında QHT-lərə və KİV-lərə maliyyə yardımı göstərən Dövlət Dəstəyi Şurası və Fondu da fəaliyyət göstərir.
Dünən Ombudsman Aparatında təşkil olunmuş tədbirdə də prezidentin 28 dekabr 2006-cı ildə imzaladığı sərəncamla təsdiqlənmiş insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının (MFP) icrasının üçüncü ilindəki vəziyyət müzakirə olundu. Tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova bildirdi ki, rəhbərlik etdiyi qurum MFP-yə uyğun olaraq BMT, ATƏT, YUNİSEF, YUNESKO və bu kimi beynəlxalq təşkilatlarla insan hüquqlarının qorunması sahəsində sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, MFP-nin 2-ci bəndi tamamilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə həsr olunub. Bu çərçivədə YUNESKO ilə birlikdə Azərbaycanda sivilizasiyalararası dialoqun təşkili ilə bağlı bir sıra tədbirlər keçirilib. Həmçinin Azərbaycanın insan hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulması, onların təsdiqlənməsi, ölkə qanunvericiliyinin bu sənədlərə uyğunlaşdırılması istiqamətində də əməli işlər görülməkdədir: "MFP-yə uyğun olaraq beynəlxalq qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıqlar qurulub. Bu gün onlar Azərbaycanda kiçik qrantlar ayırmaqla fəaliyyət göstərirlər. Lakin biz çalışmalıyıq ki, mümkün qədər çox QHT Azərbaycana gəlsin və müxtəlif iri layihələr həyata keçirsinlər. Bu layihələrin reallaşdırılmasından jurnalistlər də faydalansınlar". İnsan hüquqları üzrə müvəkkil bu ilin Azərbaycanda "Uşaq ili" olduğunu da xatırlatdı. Bildirdi ki, məhz bu istiqamətdə də Ombudsman Aparatının xətti ilə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib.
Daha sonra Ombudsman Aparatının əməkdaşı Aydın Səfixanlı MFP ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu sənədin 5 bölmədən ibarət olduğunu xatırladan A.Səfixanlı onun icrasına cəlb olunmuş müxtəlif dövlət qurumlarının 2009-cu ilin 6 ayı ərzində gördüyü işlər barədə qısa məlumat verdi. Onun sözlərinə görə, MFP-nin 1-ci bölməsinin tələblərinə uyğun olaraq ölkədə insan hüquqları ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bir sıra vacib qanun layihələri və konvensiyalar parlament tərəfindən ratifikasiya olunub. Bu iş mütəmadi olaraq aparılır. Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuş vətəndaşlarımız barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində, demək olar, bütün dövlət qurumları yaxından iştirak edir: "Məsələn, Təhsil Nazirliyinin xətti ilə etnik azlıqların hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilib. İnsan hüquqları sahəsində müəyyən tədris proqramları hazırlanıb və dərs vəsaitləri çap edilib. Sahibkarların hüquqlarının qorunması istiqamətində bu sahəyə Dövlət Dəstəyi Fondu vasitəsilə bölgələrdə onlara müxtəlif kreditlər verilir". A.Səfixanlının sözlərinə görə, MFP-də məhkum olunmuş insanların da hüquqlarının müdafiəsinə geniş yer ayrılıb. Bu istiqamətdə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq müvafiq addımlar atılır. Məhz 2009-ci ilin ilk 6 ayı ərzində Qazaxıstan, Ukrayna, Türkiyə, İran və s. ölkələrlə imzalanmış qarşılıqlı müqavilələrə əsasən Azərbaycanda cəza çəkən 5 xarici məhkum, ölkələrinə təhvil verilib. Xarici ölkələrdə cəza çəkən 13 vətəndaşımız isə Azərbaycana geri qaytarılıb. Həmçinin prezidentin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Ədliyyənin inkişafna dair dövlət proqramı"na müvafiq olaraq ölkədə beynəlxalq standartlara uyğun penitensiar xidmət müəssisələrinin tikintisi də davam etdirilir. Ölkədəki cəzaçəkmə müəssisələrində səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün dünyanın ən müasir tibbi-texniki avadanlıqları gətirilib. Milli Təhlükəsizlik Nazirliyi də şübhəli şəxslərin saxlandığı təcridxanaların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Bundan əlavə, məhbusların yeni müalicə müəssisəsinin inşaası üçün Zabratda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 24 iyul 2009-cu ildə torpaq sahəsi ayrılıb. A.Səfixanlı onu da bildirdi ki, Vəkillər Kollegiyası tərəfindən də əhalinin hüquqi yardım almaq istiqamətində hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bu ilin mayında keçirilən imtahan nəticəsində 71 nəfər vəkil olmaq istəyəndən 68-i bu sınaqdan uğurla çıxıb. Bununla da vəkillərin sayının artırılması istiqamətində daha bir addım atılıb. Həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən də seçicilərlə bağlı maarifləndirmə işləri aparılıb. 2009-cu il martın 18-də konstitusiyaya dəyişikliklərlə bağlı referendum uğurla həyata keçirilib. Bu aksiyanın yüksək səviyyədə təşkili müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb. A.Səfixanlı QHT-lərlə görülən işlərə də toxundu. Onun sözlərinə görə, Ədliyyə Nazirliyində 2009-cu ilin ilk 6 ayı ərzində 71 QHT qeydiyyatdan keçib.
Ombudsman Aparatının xətti ilə "Uşaq ili" çərçivəsində Xocalı faciəsi ilə bağlı "Biz sülh elçiləriyik!" şüarı altında uşaqlar arasında imzatoplama kampaniyası keçirilib. Bu kampaniya çərçivəsində Xocalı soyqırımına etiraz olaraq qaçqın və məcburi köçkün uşaqlarını da əhatələyən 31 min uşaq arasında imza toplanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə məhkumların sosial reabilitasiyası istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Ombudsman Aparatı yanında Ekspertlər Şurasının sədri, həmçinin "Həftə içi" qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə milli fəaliyyət planı"nın icrasında kütləvi informasiya vasitələrinin rolunun artırılması" layihəsinin hüquqşünası Aydın Kərimov MFP-nin icrasında QHT və KİV-lərin rolundan danışdı. Onun sözlərinə görə, bu sənəddə insan haqlarının müdafiəsi ilə bağlı əsas ağırlıq dövlət qurumlarının üzərinə düşür. Lakin bu prosesə QHT və KİV-lər qatılmasa, onun icrası effektsiz alınacaq. Ona görə də ölkə prezidenti tərəfindən təsdiqlənmiş MFP-də dövlət qurumlarının bu işlərə QHT-ləri cəlb etməsi tapşırılıb. Bu işdə Ombudsman Aparatının da böyük dəstəyi var: "Lakin bu işlərdə QHT və KİV-lərin iştirakı üçün mütləq maddi baza olmalıdır. Bunu nəzərə alaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Bu şuranın ayırdığı 212.600 manat vəsait nəticəsində 21 QHT insan hüquqları ilə bağlı layihələr həyata keçirir. Regionlarda fəaliyyət göstərən QHT-lər də nəzərə alınsa, şuranın maliyyə dəstəyi ilə insan hüquqlarının qorunması, bu sahədə cəmiyyətin maarifləndirilməsi işi ilə məşğul olan QHT-lərin sayı təxminən 50-yə çatır. Bundan əlavə, müxtəlif beynəlxalq təşkilatlar və dövlətlərin səfirlikləri də ölkədəki QHT-lərə insan hüquqları sahəsində layihələrin reallaşdırılması üçün maliyyə vəsaitləri ayırmaqdadırlar". A.Kərimovun sözlərinə görə, KİV-lərin də bu işdə rolu böyükdür. Məhz cəmiyyətin hüquqi cəhətdən maarifləndirilməsi, insan hüquqlarının qorunmasına diqqətin yönəldilməsi işində mətbuatın imkanları genişdir. Bunu nəzərə alaraq Prezident yanında Kütləvi İnformasiya vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən 5 KİV orqanına insan hüquqlarının qorunması ilə bağlı layihələrə maliyyə vəsaiti ayrılıb. Ekspert bildirdi ki, MFP-nin mükkəmməl sənəd olması hamı tərəfindən qəbul edilib. Bu işlə bağlı analiz aparıldıqda demək olar ki, insan hüquqları sahəsində çalışan QHT-lərin maliyyə mənbələri formalaşıb. Bu sahə ilə bağlı QHT və dövlət qurumlarının mövqeləri arasında yaxınlaşma var. QHT-lərin bu istiqamətdə görülən işlərdə, ayrı-ayrı fərdlərin hüquqlarının qorunması və cəmiyyətin maarifləndirilməsindəki rolu sürətlə artmaqdadır: "Lakin müəyyən məqamlara diqqət ayrılmalıdır. KİV və QHT-lərə qeyd etdiyimiz kimi, Dövlət Dəstəyi Fondu və Şurası tərəfindən insan hüquqları ilə bağlı layihələrlə əlaqədar maliyyə dəstəyi göstərilir. Lakin bu layihələr mütləq MFP-yə uyğunlaşdırılmalıdır. Bu işdə Ombudsman Aparatı əməkdaşlarının iştirakı da müsbət nəticələr verə bilər. Həmçinin dövlət qurumları ilə QHT-lərin bu sahədə birgə fəaliyyətinə də ciddi ehtiyac var".
Ombudsman E.Süleymanova da müzakirələr zamanı KİV-lərin bu sahədəki roluna toxundu. Onun sözlərinə görə, son zamanlar müvəkkilin fəaliyyəti ilə bağlı bəzi mətbuat orqanlarında qərəzli yazılar yazılır. Sonradan bu məlumatlar Ermənistan mətbuatına ötürülür: "Onlar isə sonradan yazırlar ki, bir ölkənin ombudsmanının fəaliyyəti qənaətbəxş deyilsə, Qarabağı nə cür Azərbaycana qaytara bilərik. Lakin həqiqətdə bu gün Azərbaycanda yaşayan minlərlə ermənidən heç biri deyə bilməz ki, onların hüquqlarının qorunması ilə bağlı hansısa qərəzli mövqe nümayiş etdirilir. Ona görə də KİV-lər yazdıqlarında diqqətli olmalıdırlar. Böhtana, şərə yol verməməlidirlər. Məsələn, qəzetlərdən biri yazır ki, ombudsman hüquqları qoruyan yox, pozan təşkilatdır. Bu mətbu orqanın baş redaktoru özüylə əlaqədar işin bir prokurorluqdan digərinə keçirilməsi ilə bağlı müraciət ünvanlayıb. Lakin bu iş baş prokurorun səlahiyyətində olan bir məsələdir. Biz onun müraciətinə vaxtlı-vaxtında cavab verərək mövcud durumu başa saldıq. Bunun bizim səlahiyyətimizdə olmadığını bildirdik. Bu gün KİV-lərimizdə böyük iş, saflaşma prosesi gedir". Ombudsman insan hüquqlarının qorunması ilə bağlı KİV-lə yaxından əməkdaşlıqda maraqlı olduqlarını da dedi. Onun sözlərinə görə, bu gün dövlət mətbuat qurumlarına maliyyə vəsaiti ayırır: "Lakin bu ona görə verilmir ki KİV-lərdə tənqid olmasın. Bu əsla belə deyil. Həqiqi tənqid mütləq olmalıdır. Dövlət də bu dəstəyi ona görə verir ki, hansısa hadisə baş verəndə ona dərhal reaksiya verilsin". E.Süleymanovanın sözlərinə görə, ombudsman mətbuatda çox vaxt dövlət qurumu kimi göstərilir. Lakin mətbuat anlamalıdır ki, bu təşkilat dünyanın hər bir dövlətində büdcədən maliyyələşir. Lakin bu amil heç də onun müstəqilliyinə təsir göstərmir. KİV-lər dərk etməlidirlər ki, ölkədə vətəndaş cəmiyyətinin daha yaxşı formalaşması üçün onların da üzərinə böyük iş düşür. Ombudsman görülən işlər nəticəsində hərbi hissələrin də artıq KİV-lərin üzərinə açıq olduğunu dedi. Bildirdi ki, müxtəlif hərbi hissələrə nümayəndə heyətlərinin səfərləri zamanı jurnalistlər də bu tədbirlərdə yaxından iştirak edir.
Daha sonra MFP-dən irəli gələrək bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Zaur Əhmədov bildirdi ki, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarındakı məlumatlar əsasən yerli KİV və QHT-lərdən alınır. Ona görə də bu hesabatlar çox vaxt birtərəfli olur. Lakin Azərbaycan hökuməti dəfələrlə bu hesabatların hazırlanmasında müvafiq dövlət qurumlarının məlumatlarının da nəzərə alınması bu işin balanslı şəkildə həyata keçirilməsi məsələsini qaldırıb: "Dövlət qurumlarının MFP ilə bağlı ombudsmana ünvanladıqları illik hesabatlar adətən aprel - may aylarında hazır olur. Lakin bu beynəlxalq QHT-lərin hesabatları daha əvvəl hazırlanır. Ona görə də mən təklif edirəm ki, dövlət qurumlarının MFP ilə bağlı hesabatları yanvarın sonuna kimi açıqlansın ki, bu təşkilatlar da hesabatlar hazırlayarkən ondan istifadə edə bilsinlər".
E.Süleymanova bu təklifi müsbət dəyərləndirdi. Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələrindən hesabatlarını dekabrın 20-dən yanvarın 10-na kimi təqdim etmələrini istədi.
Respublika Prokurorluğunun nümayəndəsi Fərman Rzayev isə ölkədə yuvinal ədliyyənin formalaşdırılmasının vacibliyini önə çəkdi. Onun sözlərinə görə, vaxtilə sovetlər dönəmində prokurorluqda yetkinlik yaşına çatmayanlarla bağlı şöbə fəaliyyət göstərirdi. Lakin bu şöbə sonradan bağlanıldı. Daxili İşlər Nazirliyində bu işlə məşğul olan şöbə varsa da, onlar təyinatı üzrə fəaliyyət göstərmirlər. Ona görə də, prokurorluğun tərkibində bu şöbənin yaradılması daha məqsədəuyğundur. Yuvinal ədliyyənin formalaşdırılması ilə bağlı beynəlxalq treninqlər nəzərdə tutulub. Hakimlərin hazırlanması planlaşdırılır.
Məsələyə münasibətini açıqlayaq E.Süleymanova isə uşaqlarla bağlı cinayət qanunvericiliyində bəzi maddələrin yumşaldılmasının tərəfdarı olduğunu söylədi.
Qeyd edək ki, "Həftə içi" qəzeti də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə yardımı əsasında "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə milli fəaliyyət planı"nın icrasında kütləvi informasiya vasitələrinin rolunun artırılması" adlı layihə həyata keçirir. Bu layihənin əsas məqsədi MFP çərçivəsində görülən işləri daha geniş işıqlandırmaq, bununla da KİV-lərin insan haqlarının qorunması sahəsinə diqqətini daha da artırmaqdır.
Azad Əliyev
Əli Zülfüqaroğlu