Universitetlərdə hüquq klinikaları varmı?
Ölkə prezidentinin 2006-cı ildə imzaladığı "İnsan haqlarının müdafiəsi üzrə milli fəaliyyət planı"nda yer alan əsas məsələlərdən biri də ali təhsil ocaqlarında hüquq klinikalarının yaradılmasıdır. Bu klinikalar vasitəsilə tələbələrin hüquqlarının öyrənilməsi nəzərdə tutulduğundan hüquq klinikalarının yaradılıb-yaradılmadığını elə universitet rəhbərlərindən soruşduq. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov məsələ ilə bağlı bildirdi: "Bakı Dövlət Universitetində 2007-ci ildən sonra müvafiq qərara əsasən Hüquq Klinikası fəaliyyət göstərir. Düzdür, ilk növbədə biz bunu proqram şəklində, yəni beynəlxalq qrant şəklində həyata keçirmişik. Artıq bu öz bəhrəsini verir. Ora müraciətlər çox olur, məsləhətlər alırlar, xüsusilə də universitetin tələbə və müəllimləri. Bu məsələnin praktiki tərəfi. İkincisi, görünməyən tərəf ondan ibarətdir ki, nəzəri biliklərlə elmi bilikləri hüquq sahəsində real praktika ilə bir müstəviyə gətirməkdir. Yəni uzlaşdırma məsələsidir. Bəzən yazılan qanunlar həyatın reallığını tam əks etdirə bilmir. Bu klinikada real həyat hadisələrinin, xüsusilə də hüquq-mühafizə müstəvisində baxılan məsələlərin onun nəzəri əsaslarla uzlaşdırılması olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan da ümumiyyətlə hüquq klinikalarının sayını artırmaq məqsədəuyğundur. Bizim də bu sahədə fəaliyyət göstərən klinikamız var və bundan sonra da fəaliyyət göstərəcək. İstək və arzumuz onun əsasən masştabının böyüdülməsi istiqamətindədir".
"Kənar şəxslərin (vətəndaşların) universitet binasına məhdudiyyətlər çərçivəsində girib-çıxdığını nəzərə aldıqda, hüquq klinikasından adi vətəndaşlar necə istifadə edirlər" sualımıza rektorun cavabı isə belə oldu: "Əlbəttə ki, universitet açıq qapı deyil. Klinikaya yazılı şəkildə xüsusi müraciətlər olur. Onlar rəsmi şəkildə buraxılış vəsiqəsi aldıqdan sonra klinikaya müraciət etmək imkanı qazanırlar. Siz təsəvvür edin ki, klinika prosesi bizə nəyi müəyyən etdi? Müəyyən etdi ki, insanlar öz hüquqlarının müdafiəsi prosesini dərindən dərk etməlidirlər. Misal üçün, BDU-da məhkəmə salonu yaradılıb. Bu qeyri-adi bir şeydir. Klinikada olan təcrübə bizə onu verdi ki, mütləq məhkəmə salonu yaratmalıyıq. Həm tələbələr orada proses aparmalıdır, həm də ümumiyyətlə, vətəndaşların özlərini məhkəmə salonunda necə aparması görünür. Yəni məhkəmə prosesinin mədəniyyəti, hüquq-mühafizə davranışları, hamısı burada praktiki şəkildə insanların nəzərinə çatdırılır ki, real məhkəmə prosesində onlar özlərini necə aparmalıdırlar". A.Məhərrəmov klinikada dərs keçən universitet müəllimləri ilə yanaşı, kənardan da təcrübə üçün mütəxəssislərin dəvət olunduğunu dedi: "Düzdür, hələlik bu prosesə təzə başladığımızdan işi müəllimlər aparırlar. Amma proqramda Ali Məhkəmədən mütəxəssislərin dəvət olunması da öz əksini tapıb. Bu işdə digər orqanlardan mütəxəssislərin dəvət olunmasında məqsəd ondan ibarətdir ki, istər tələbələrin hazırlanması, istərsə də klinikanın necə fəaliyyət göstərməsi haqqında real məlumatları olsun".
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə bildirdi ki, universitetdə artıq 7 ilə yaxındır ki, Hüquq Klinikası fəaliyyət göstərir: "Burada həm tələbələrə, eyni zamanda müəllimlərə, kənar şəxslərə belə hüquqi yardımlar göstərilir". Ə.Vəliyev kənar şəxslərin universitetə girişinin qadağan olunmasını desə də, klinika tərəfindən onlara da hüquqi yardımların edilməsində heç bir maneənin olmadığını bildirdi: "Bizdə xüsusi giriş vərəqələri var. Bu vərəqəsi olan vətəndaşlar maneəsiz şəkildə Hüquq Klinikasına gəlib məsləhət ala bilirlər". Klinikanın fəaliyyətinin nəticəsinə gəldikdə isə rektor bildirdi ki, bu 7 ildə həm tələbələr, həm müəllimlər, həm də kənar şəxslər klinikanın məsləhətlərindən yararlanıblar: "Bunun xeyrini isə həmin klinikadan istifadə edən tələbələr, müəllimlər və universitetdən kənar, yəni vətəndaşlar bilərlər. Amma əsas məsələ işə başlamaq və onun müsbət nəticələrini əldə etmək idi".
"Xəzər" və "Təfəkkür" universitetlərində hüquq fakültələri olmadığından onlarda hüquq klinikaları yaradılmayıb. Qərb Universitetinə gəldikdə isə bu ali təhsil ocağından verilən məlumatda deyilir ki, universitetdə hüquq fakültəsi fəaliyyət göstərsə də, Hüquq Klinikası yaradılmayıb.
Nahid Canbaxışlı