Qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir
Rəbiyyət Aslanova: "Qanunlar hazırlanarkən Konstitusiyadakı insan hüquq və azadlıqları əsas meyar kimi götürülür"
İnsan hüquqlarının qorunması üzrə Milli Fəaliyyət Planında (MFP) göstərilən əsas istiqamətlərdən biri də normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyətdir. Məhz bu istiqamət üzrə müvafiq dövlət qurumlarına ölkə qanunvericiliyinin Azərbaycanın insan haqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulması, müxtəlif sahələrlə bağlı ayrıca qanunların hazırlanıb qəbul edilməsi tapşırılıb.
Bu sahədə görülən işlərlə bağlı isə suallarımızı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova cavablandırdı. Onun sözlərinə görə, MFP-yə uyğun olaraq qanun layihələri hazırlanarkən məhz Konstitusiyamızda əks olunmuş insan hüquq və azadlıqları əsas meyar kimi götürülür. Bu Fəaliyyət Planı 2006-cı ildə təsdiqləndikdən sonra mart referendumunda Konstitusiyaya bəzi dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra da qısa zaman ərzində qanunvericilik aktlarının müddəaları yenidən ölkənin əsas qanununun tələblərinə uyğunlaşdırıldı. Komitə sədri onu da bildirdi ki, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaları da mütəmadi olaraq ratifikasiya edir və qoşulmasını təsdiqləyir. Onun sözlərinə görə, Milli Məclis tərəfindən 2008-ci ilin 30 dekabrında MDB iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Planı təsdiqlənib. Bundan əlavə, parlamentin təsdiqlədiyi sənədlər arasında 2008-ci ilin 2 noyabrında iclasın gündəliyinə salınmış İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakultətiv Protokolu da var. Azərbaycan 2008-ci ilin 2 noyabrında parlamentin müvafiq qərarlarıyla "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakultətiv Protokoluna və "Əlillərin hüquqları haqqında" Konvensiyaya da qoşulub. Parlamentin 2008-ci ilin 1 aprel tarixli qərarıyla isə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın 20-ci maddəsinin 1-ci bəndinə təklif edilən dəyişikliyi də təsdiqlənib.
R.Aslanova bildirdi ki, MFP-nin 5-ci bəndinə müvafiq olaraq "Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında" qanun layihəsini hazırlayaraq da qəbul edib. Həmçinin azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə müvafiq olaraq humanistləşdirilməsi istiqamətində qanunvericiliyə də müvafiq dəyişikliklər edilib.
R.Aslanovanın sözlərinə görə, Milli Məclis tərəfindən son illərdə insan hüquqlarının qorunmasının daha da təkmilləşdirilməsini nəzərdə tutan bir sıra vacib qanun layihələri də qəbul olunub. Bu qanun layihələrindən biri 2009-cu ilin 26 mayında Saxta və keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdir. Həmçinin ölkədə polislə vətəndaşlar arasında münasibətlərin daha sivil qaydada təşkili, hüquq pozuntularının qarşısının alınması məqsədi ilə həmin tarixdə "Polis haqqında" qanuna əlavə və dəyişikliklər də edilib. Bu dəyişikliklərə əsasən yerli polis orqanları yanında ictimai şuralar yaradıla bilər. Bu Şuralar könüllülük prinsipi əsasında təşkil olunur. İctimai Şuralara aşağıdakı səlahiyyətlər verilib: Hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışların qarşısının alınması istiqamətində təbliğat işlərinin aparılması, yetkinlik yaşına çatmayanların baxımsızlığının, hüquq pozuntularının profilaktikası. Məhz bu qanun nəticəsində cəmiyyətdə könüllülük prinsipi əsasında yaradılacaq ictimai şuralar vasitəsi ilə vətəndaşların da hüquq pozuntularına qarşı mübarizəyə cəlbi sürətlənib.
R.Aslanovanın sözlərinə görə, MFP-yə uyğun olaraq ölkədə dini etiqad azadlığı sahəsində də qanunvericilik tamamilə yenilənib. Məhz Milli Məclisin qərarı ilə 2009-cu ilin mayın 8-də "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edildi. 1992-ci ildə qəbul olunmuş qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün demək olar ki, yeniləndi. Nəticədə bu gün Azərbaycanda sağlam dini etiqad mühiti yaradılıb. İnsanlar sərbəst şəkildə dövlətin təhlükəsizliyinə zərər verə bilməyəcək şəkildə öz dini etiqadlarını həyata keçirirlər. Ölkədə dini ibadət evlərinin fəaliyyəti də qanunla tənzimlənir.
Komitə sədri bildirdi ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsinə, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkilinə xüsusi diqqət yetirilir: "Məişət zorakılığının qarşısının alınması əslində cəmiyyətin saflaşması uğrunda atılan addımdır. Fiziki zorakılıqdan tutmuş mənəvi zorakılığa qədər o münasibətlərin aradan qaldırılmasıdır. Bir sivil cəmiyyətdəki insanın insana hörməti, ehtiramı olmayacaqsa, hüquqların pozulması üzə çıxacaq. Mənim hüquqlarım sizin hüquqlarınız başlayan yerdə bitir prinsipi mövcuddur. Biz də bu məsələ ilə bağlı qanun qəbul etmək istəyirik ki, hər kəs qarşısındakı ilə özünün hüquqları arasındakı səddi dəqiq görsün. Anlasın ki, bu səddi kimliyindən asılı olmayaraq zorla keçmək olmaz. Bu gün Azərbaycanın ailə-məişət səviyyəsində olduqca gözəl adət-ənənələri var. Bizim üzərimizə düşən ən böyük məsuliyyətdən biri də gələcəyə nə cür transformasiya edəcəyimizdir. Söhbət ənənələrimiz, əxlaqımız və adətlərimizdən gedir. Əgər bizim sabah üçün itirə biləcəyimizdən qorxduğumuz heç nə yoxdursa, olanlar da bu gün batacaqsa, bu milləti onda çox böyük ağrılar gözləyir. Biz bu qanunu ATƏT-in ekspertizasına göndərmişik və artıq onların cavablarını da almışıq. Orada bildirilir ki, qanun çox yüksək səviyyədə hazırlanıb. Orada qadınlara qarşı zorakılıqdan söz açılsa da, adı məişət zorakılığı adlanır. Artıq ekspertizadan müsbət cavab aldığımız üçün yaxın vaxtlarda geniş müzakirəyə çıxara bilərik".
R.Aslanova onu da vurğuladı ki, MFP-yə uyğun olaraq Milli Məclis Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədi ilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması istiqamətində mühüm addımlar atır. Məhz bu məsələ ilə bağlı Milli Məclisin müxtəlif beynəlxalq təşkilatların - ATƏT, NATO, MDB, Avropa Şurası və s. Parlament Assambleyalarındakı nümayəndə heyətləri qarşısında hər iclas öncəsi ciddi tapşırıqlar qoyulur. Nümayəndə heyətləri bütün sessiyalarda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqlarının bərpası məsələlərini qaldırırlar. Bu fəaliyyət nəticəsində konkret sonluqlar da əldə olunur. Müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işi üçün beynəlxalq hüquqi zəmin yaradacaq müxtəlif qətnamələr qəbul edilir və orada Ermənistandan qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası tələb olunur.
MFP-nin tələblərinə uyğun olaraq uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər də gücləndirilir. Bu istiqamətdə müvafiq addımlar atılır. Hətta ölkə prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.
Komitə sədri onu da dedi ki, artıq MFP-yə uyğun şəkildə qəbul olunmuş qanunlardan əlavə də onların nəticələri kimi yeni qanun layihələri hazırlanır. Bu cür qanun layihəsindən biri də "Məhkəmələrin fəaliyyətinə dair informasiya əldə etmək haqqında"dır. Bu qanuna əsasən hər bir insan müraciət edərək məhkəmə iclaslarının vaxtı, qərarın nə vaxt veriləcəyi və s. barədə prosesin gedişatına dair məlumatlar əldə edə biləcək. Bunun özü də insan hüquqlarının qorunması deməkdir. Bu qanun MFP-də nəzərdə tutulmayıb: "Lakin biz ondan çıxış edərək yeni qanun layihələri hazırlayırıq. Bu gün dünya informasiya texnologiyalarının sürətli inkişafına şahidlik edir. Biz bu yaxınlarda fərdi məlumatların avtomatlaşdırılmış bazada cəmlənməsini nəzərdə tutan bir konvensiyaya qoşulduq. Buna müvafiq olaraq da "Fərdi məlumatların qorunması haqqında" qanun qəbul edəcəyik. Biz şəffaf bir cəmiyyət qururuq. Belə bir cəmiyyətdə isə hər bir insanın informasiya almaq hüququ var".
Azad Əliyev