Qəzetlər insan hüquqlarına necə işıqlandırır?
Baş redaktorlar nəşrlərində bu məsələyə geniş yer ayırdıqlarını deyirlər
Bu gün insan hüquqlarının qorunmasında kütləvi informasiya vasitələrnin (KİV) rolu əvəzsizdir. Hüquqları pozulan şəxslərin mətbuata müraciət etməsi hallarına az rast gəlmirik. Bir çox hallarda vətəndaşların problemləri mətbuat vasitəsilə öz həllini tapır. Bu səbəbdən də hər bir mətbuat orqanının insan hüquqları sahəsinə önəm verməsi zəruridir. Baş redktorlar arasında keçirdiyimiz sorğuda onların rəhbərlik etdiyi qəzetlərin sözügedən sahəyə nə qədər önəm vermələri ilə maraqlandıq.
ı Gündəlik ictimai-siyasi qəzet olduğu üçün "Mərkəz"in gündəlik xəbərlərə, həmçinin dünyada gedən proseslərə daha çox yer ayırdığını diqqətə çatdıran adıçəkilən mətbu orqanın redaktoru Nəmənt Rüstəmov bildirdi ki, insan haqlarının bütün sahələrini əhatə etməyə çalışırlar: "Uşaqların, qadınların, bir sıra hallarda milli azlıqların hüquqları ilə bağlı yazılar dərc edilir. Amma əsasən işgüzar sahədə olan problemlər, onların həlli yollarını araşdıran mövzulara üstünlük veririk. Fəaliyyətimizin geniş və şaxəli olmasına çalışırıq. Özümüz də "Uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunun artırılması" mövzusunda layihənin qalibi olmuşuq. Yeri gəlmişkən, bu layihə çərçivəsində uşaqların təhsil, əylənmək, düzgün informasiya alması hüququnu araşdırırıq".
ı Azərbaycanda prioritet məsələlərdən birinin insan hüquqları olduğunu önə çəkən "Ölkə" qəzetinin baş redaktoru Rafael Becanov vurğuladı ki, insan hüquqları ilə bağlı mövzuları həmişə gündəmdə saxlamağa çalışırlar: "Bu sahədə baş verən hadisələrin ictimailəşməsində maraqlıyıq. Həmçinin istəyirik ki, insan hüquqları ilə bağlı problemlərin aradan qaldırılmasının iştirakçılarına çevrilək".
ı Azərbaycan mətbuatında insan haqları ilə bağlı yazılara yer verildiyini diqqətə çatdıran "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas dedi ki, daha çox "Yeni Müsavat" bu sahəyə üstünlük verir: "Amma "Yeni Müsavat" və "Azadlıq" qəzetləri insan hüquqları ilə bağlı mövzuları siyasi istiqamətdə işləyirlər. Müstəqil qəzetlər isə bu mövzuya digər formada yanaşırlar". "Ədalət" qəzetinə gəlincə isə A.Abbas söylədi ki, adıçəkilən mətbu orqanın işi elə insan haqlarını qorumaqdan ibarətdir: "İnsan haqlarını qorumağın iki formatı var. Avropa məhkəmələri səviyyəsində səs-küy qaldırmaq və haqqı tapdanan insanlara yardım etmək. Biz ikinci varianta üstünlük veririk. Nahaq həbsə atılan, haqqı tapdanan şəxslərin hüquqlarını qoruyuruq".
ı "Bizim qəzeti açsanız, görərsiniz ki, orada insan hüquqları ilə bağlı kifayət qədər yazılar dərc olunur" deyən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev vurğuladı ki, prokurorluq, məhkəmələr, polis, bələdiyyələr, icra hakimiyyətləri tərəfindən hüquqları pozulan insanlarla bağlı yazılara daha geniş yer verilir. Onun sözlərinə görə, son bir neçə nömrədə silsilə yazılar dərc edilib: "Məsələn, göstərmişik ki, Respublika Prokurorluğunda ittihamçı prokuror vəzifəsində çalışan Şamil Quliyev azyaşlı qızın hüquqlarını tapdalayır. Sonradan da ona cinayət işi qaldırır. Bundan başqa, Şirvan şəhərində hər hansı bir həkimin törətdiyi özbaşınalıqlarla bağlı mövzuya toxunmuşuq. Demək olar ki, hər nömrəmizdə insan hüquqlarının pozulması problemlərinə toxunuruq".
ı "İnsan hüquqlarının qorunması, insanların hüquq və azadlıqları, demokratiya ilə bağlı yazılar veririk" deyən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, bu həm sosial problemlərlə və digər məsələlərlə bağlı ola bilər.
ı "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva isə söylədi ki, kiminsə hüquqları ilə bağlı keçirilən mətbuat konfransları həmişə işıqlandırılır. X.Baxşəliyevanın sözlərinə görə, oxucuların qarşılaşdıqları problemlər, onların hüquqlarının pozulması ilə bağlı qəzetə şikayətlər daxil olur: "Qarşı tərəfin mövqeyini öyrənmək şərti ilə bu müraciətlərin hamısıyla bağlı yazılar dərc edilir. Bununla da biz problemli şəxslərin hüquqlarının müdafiəsinə kömək etmiş oluruq, eyni zamanda, digərlərini də buna dəvət edirik. Bu yazıların dərc edilməsi həmin şəxslərin köməyinə çatır. Müxbirlərin özləri də bu sahəyə maraqlıdır. Əksər hallarda planlaşdırmada belə təkliflər müxbirlərdən gəlir. Əgər müxbir şikayətçinin məktubunu araşdırmağa maraq göstərirsə, həm də özü üçün informasiya mənbəyi də əldə edir. Problem həll ediləndə isə jurnalist nəyəsə nail olduğuna görə sevinir".
ı "Ekspress"də cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir şəxsin hüququnun müdafiəsinə önəm verildiyini deyən adıçəkilən qəzetin redaktoru Qalib İbrahimoğlu söylədi ki, bundan sonra da bu missiya davam edəcək: "Müxbirlərimiz də bu sahədə yazmağa maraqlıdır. Hətta əməkdaşlarımızdan biri bu yazılarda qeyri millətlərdən olan bir nəfərin hüquqları ilə bağlı araşdırma yazıb".
ı "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da bu sahəyə önəm verdiklərini dedi: "Müxtəlif ekspertlərin münasibəti öyrənilir. Demək olar ki, hər gün insan hüquqları mövzusunda yazılar veririk".
Əli Zülfüqaroğlu