Uşaqlar bizim gələcəyimizdir
Onların hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondu mühüm işlər görür
İnsan Hüquqları ilə bağlı Milli Fəaliyyət Planında əsas diqqət yetirilməsi vacib sayılan məsələlər sırasında uşaqların hüquqlarının müdafiəsi və mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı beynəlxalq konfransların təşkilidir. Bu işlərin həyata keçirilməsində Azərbaycanın dünyada tanınmış qeyri-hökumət təşkilatı olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.
Məhz Fondun gördüyü işlərin həcmini nəzərə alaraq onun bu sahədəki fəaliyyətinə ayrıca olaraq diqqət ayırmaq qərarına gəldik. Qeyd edək ki, uşaqların hüquqlarının müdafiəsi, baxımsız uşaqların cəmiyyətə və dövlətə yararlı vətəndaş kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondu bir sıra mühüm layihələr gerçəkləşdirib. Onların arasında oktyabrın 22-də Bakıda, "Gülüstan" sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans xüsusilə qeyd olunmalıdır. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və "Azercell" şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Həmin tədbirdə də vurğulandı ki, son illər ərzində ölkənin iqtisadi-sosial vəziyyətində böyük və əsaslı dəyişikliklər baş verib. Azərbaycan dayanıqlı iqtisadi inkişafa qədəm qoyub və bununla da insanların layiqli həyatı üçün münbit zəmin yaradılıb. Bütün bunlar ilk növbədə ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, xüsusən də uşaqların müdafiəsi sahəsində konkret addımların və ümumilikdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb. Ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində yaxşı irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hərtərəfli dəstək verir. Qeyd edək ki, dövlətin və Fondun bu sahəyə diqqəti beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardın sözlərinə görə, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunvericilikdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yardımla təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş miqyasda inkişaf etdirilməsinə töhfələr verir. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən ölkədə uşaq evləri, uşaq bağçaları, orta məktəblərin yenidən inşası və əsaslı təmiri ilə bağlı artıq neçə illərdir ki, ardıcıl olaraq proqram layihələr reallaşdırılır. Hər il yüzlərlə məktəb Fondun vəsaiti hesabına əsaslı təmir olunur. Bu məktəblərin açılışında Fondun rəhbəri Mehriban xanım Əliyeva da yaxından iştirak edərək şəxsən görülən işlərlə maraqlanır. Uşaqların hüquqlarının müdafiəsi Fondun beynəlxalq əməkdaşlıq əlaqələrində də özünü göstərir.
Məhz 2007-ci ilin noyabrında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin tikintisi ilə bağlı Heydər Əliyev Fonduyla layihənin maliyyə dəstəyini öz üzərinə götürən Rusiyanın "Uralsib" maliyyə korporasiyası arasında anlaşma memorandumu imzaladılar. 2008-ci ilin yanvarın 25-də isə Heydər Əliyev Fondu ilə ABŞ-ın "Uşaqların Xilası" (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumu imzalanıb. Qeyd edək ki, "Uşaqların Xilası" dünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır. Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma memorandumu uşaqların fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyəti nəzərdə tutur.
Fond tərəfindən mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı beynəlxalq konfransların təşkili, bu sahədə Azərbaycanın beynəlxalq aləmdəki rolunun artırılması istiqamətində də mühüm təşəbbüslər reallaşıb. Bu cür konfransların təşkilinə hələ 2006-ci ildən başlanılıb. Belə tədbirlərdən biri də 2006-cı ilin noyabrında təşkil olunan "Gənclər sivilizasiyaların alyansı naminə" adlı beynəlxalq konfransdır. Həmin tədbirdə M.Əliyeva ilə yanaşı, Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd və bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdilər. Həmin konfransda "Gənclər sivilizasiyaların alyansı naminə: arzular həyata keçir" filmi nümayiş olundu. Filmdə Azərbaycanda mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradılması təşəbbüslərinin əsas məqsədləri vurğulanırdı.
Məhz bu konfransda Azçərbaycan gəncləri ilə yanaşı, bütün dünya gənclərinin mədəniyyətlərarası dialoqun inkişafında vacib rol oynamasının əhəmiyyəti vurğulandı. Məhz bu tədbirdən sonra gənclərin bu sahəyə olan diqqətinin artması müşahidə edildi. Artıq müxtəlif beynəlxalq təşkilatların gənclər qolu azərbaycanlı həmkarları da daxil olmaqla bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər. Bu tədbirlər sırasında 2006-cı ilin aprelində Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans da mühüm yer tutur. Bu istiqamətdə dligər mühüm bir tədbir isə 2008-ci ilin iyununda "Gülüstan" sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük beynəlxalq forum oldu. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkələrin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirdilər. Tədbirdə mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmağın vacibliyi önə çəkildi. Bu sahədə qadınların oynaya biləcəyi çox mühüm rollar barədə danışıldı.
Azad Əliyev