Məhbus hüququ necə qorunmalıdır?
İslah-əmək müəssisələrində (İƏM) məhbuslara yaxınları ilə görüşün verilməsi, eyni zamanda mətbuat orqanları ilə tanış olmaq hüquqları pozulduğu halda, onlar öz hüquqlarını necə qorumalıdır?
Əşrəf Qurbanoğlu
(Bakı sakini, 64 yaş)
Oxucunun suallarına Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (QHMC) hüquqşünası Məmməd Zeynalov aydınlıq gətirir:
- "Cəzaların icrası" qanunvericiliyi və Cəzaların İcrası Məcəllələri var və orada məhbusların həm hüquqları, həm də vəzifələri göstərilib. Son dövrlər Azərbaycanda qəbul olunan qanunverici aktların əksəriyyəti Avropa qanunvericiliyinə uyğunlaşdırılıb. Həmin qanunvericilik, demək olar ki, Avropa standartlarına uyğun qəbul olunan qanunvericilikdir və bu qanunvericilikdə məhbusların hüquqları bütün aspektlərdə nəzərə alınıb. O ki qaldı həmin qanunların icrasına, ola bilsin, qanunlar icra olunan zaman yerli məmurlar, islah-əmək müəssisəsinin hansısa məmuru hansısa qanunsuzluq edir. Belə hal baş verdikdə o haqda da məhbusun ixtiyarı var ki, istədiyi dövlət orqanına, o cümlədən Cəzaların İcrası Baş İdarəsinə müraciət etsin. Bundan başqa, istənilən məhbus özünə müstəqil vəkil tutmaq hüququna malikdir. Əgər hüquqları pozulan məhbusun vəkil çağırmaq imkanları olmadıqda, qanunvericiliklə dövlət tərəfindən vəkil o halda verilir ki, həmin şəxslə bağlı istintaq, yaxud məhkəmə prosesi aparılır. Qanunda hər bir vətəndaşın imkanı olmadığı halda pulsuz vəkillə təmin olunması öz əksini tapıb. Amma digər hallarda, yəni artıq məhkəmə tərəfindən müəyyən cəzaya məhkum edilən şəxsin İƏM-də hansısa hüququ pozulursa, onda dövlət həmin şəxsi pulsuz vəkillə təmin etmir. Əgər məhkum olunan şəxs məhkəmə tərəfindən ona verilən cəza ilə razılaşmırsa və bunu qanun pozuntusu olaraq hesab edirsə, özünün təqsirsizliyini sübuta yetirmək üçün o zaman dövlət tərəfindən pulsuz vəkil ayrıla bilər. Onda da məhbus özü müraciət etməlidir ki, doğrudan da onun vəkil çağırmaq üçün imkanları məhduddur. Məhbusun yaxınları ilə görüşmək hüququ olduğu kimi, üç günə kimi İƏM-də həmin cəza çəkən şəxs öz ailəsi və yaxın qohumları ilə qalmaq hüququna da malikdir. Əgər həmin cəza çəkən şəxsin ailəsi və yaxın qohumları ilə görüşmək, yaxud da üç gün müddətində bir yerdə qalmaq hüququ, bundan başqa, gündəlik yazılı mətbuatla təmin olunma və digər qanunla ona verilən hüquqlar İƏM tərəfindən pozularsa, o zaman məhbus insan haqları üzrə müvəkkilə (ombudsmana), Ədliyyə Nazirliyinə müraciət edə bilər. Məhbus eyni zamanda ƏN-in Penitensiar Xidmətinin rəhbərliyinə də müraciət edə bilər. Əgər məhbus birbaşa bu sahəyə rəhbərlik edən dövlət orqanından hansısa cavab almadıqda Ombudsman İnstitutu fəaliyyət göstərir və burada cəzaçəkmə müəssisələrində qanunçuluğa əməl olunması şöbəsi vardır. Həmin şöbə birbaşa bu məsələlərin araşdırılması ilə məşğuldur. Bir məsələni də diqqətə çatdırım ki, Azərbaycan insan haqlarının qorunmasına dair bütün beynəlxalq konvensiyalara qoşulub və bu konvensiyalardan irəli gələn halların hamısına cəzaçəkmə müəssisələrində əməl olunmalıdır. Cəza çəkən şəxsin vətəndaş kimi İƏM-də hansısa hüququ pozulursa, bu, həmin konvensiyaların pozulması deməkdir. Belə hallar baş verdikdə, məhbus ölkə daxilində hüquqlarının qorunmasının yerinə yetirilmədiyini gördükdə onun hüququ var ki, beynəlxalq instansiyalara müraciət etsin.
Nahid Canbaxışlı