Hicablı şəkillə şəxsiyyət vəsiqəsi
almaq olarmı?
"Mən 4 ildir ki, hicab taxıram. Hicabda şəkil çəkdirməklə yeni şəxsiyyət vəsiqəsi almaq hüququm var?"
Gültəkin Quliyeva (Bakı sakini, 28 yaş)
Oxucunun sualına "Adil İsmayılov və partnyorları" hüquq bürosunun vəkili Tərlan Xanəliyev aydınlıq gətirir:
- Bu məsələ 1994-cü il 14 iyun tarixində qəbul olunmuş "Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında" qanunun tətbiqinə Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 6-cı bəndində göstərilir ki, 16 yaşına çatmış vətəndaş öz şəxsiyyət vəsiqəsi üçün bir neqativdən eyni ölçüdə çıxarılmış papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görüşünü təsvir edilmiş fotoşəkilləri, ərizə və digər sənədləri müvafiq dövlət orqanına təqdim etməlidir. Bu Əsasnamə 1994-cü il 24 noyabrda Milli Məclisin qərarı ilə təsdiqlənib. Yəni konkret olaraq bu sənəddə də məhdudiyyət məsələsi göstərilməyib. Orada saqqal, eynək, bığ və s. yazılıb. Burada bir cümləyə diqqət yetirilməlidir: gündəlik həyatda ona xas olan xarici görkəm. Əgər bu qadın həmişə hicabda gəzirsə, deməli bu onun gündəlik xarici görkəminə aiddir. Deməli, həmin qadının hicabda şəkil çəkdirmək hüququ var. Həmin şəkil əsasında da qadına şəxsiyyət vəsiqəsi verilməlidir. Yaxud hansısa kişi vicdan azadlığı, dini etiqad azadlığı ilə bağlı saqqal saxlayır. Bu həmin vətəndaşın da şəxsi işidir. Ona heç kim müraciət edə bilməz. Məhz bu cür şəxslər gündəlik həyatda ona xas olan bu əlamətlərlə şəkil çəkdirərək müvafiq quruma təqdim edir. Heç kim ona müdaxilə edə bilməz. Bu məsələni tənzimləyən əsas sənəddə "papaqsız" sözü yazılıb. Orada "hicabsız" və ya "baş örtüksüz" ifadələri əksini tapmayıb. Ona görə də qanun olduğu kimi təqdim edilməlidir. Əgər Daxili İşlər Nazirliyinin belə bir daxili təlimatı varsa, bu ilk növbədə Konstitusiyanın 48-ci maddəsindəki vicdan azadlığı haqqında müddəaya, daha sonra isə Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi haqqında qanuna və onun tətbiqinə dair Əsasnaməyə ziddir. İstənilən sahəvi normativ akt ilk növbədə Konstitusiyaya, daha sonra Azərbaycan Respublikasının qanunlarına uyğun olmalıdır. Bununla bağlı qadına şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunursa, vətəndaşa Daxili İşlər Nazirliyinin müvafiq təlimatlarının olduğu bildirilirsə və şəklin başıaçıq çəkdirilməsi tələb olunursa, həmin məmurun hərəkətlərindən məhkəməyə şikayət verilməsi mümkündür. Məhkəmədə vətəndaş ən ali qanun sayılan Konstitusiya və daha sonra Milli Məclisin qanunları ilə ona verilmiş hüquqlarının pozulduğunu iddia edə bilər.
Azad