KİV-də peşəkarlıq probleminin səbəbləri müzakirə edilib
Dünən Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə "Kütləvi informasiya vasitələrində peşəkarlıq problemini yaradan səbəblər" mövzusunda "dəyirmi masa" keçirildi. SAMF-ın sədri Musa Yaqub bildirib ki, ötən müddət ərzində fond daha çox mətbuat tarixinə, beynəlxalq əlaqələrin yaranmasına dair layihələr həyata keçirib. Bundan sonra isə Azərbaycanda söz azadlığının, jurnalist peşəkarlığının vəziyyəti, Azərbaycan jurnalistlərinin Avropaya inteqrasiyası da fondun layihə mövzuları sırasında yer alacaq. Azərbaycanda söz azadlığı ilə bağlı xeyli işlər görüldüyünü diqqətə çatdıran QHT rəhbəri bu sahədə hələ də bir sıra problemlər olduğunu qeyd etdi. M.Yaqub mediada olan problemlər sırasında bir sıra mətbuat xidmətlərinin fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayaraq, jurnalistlərə informasiya əldə etməsində yardımçı olmadığını dilə gətirdi: "Bir sıra qurumların mətbuat xidmətləri jurnalistlərlə normal münasibət qura bilmirlər. Jurnalist dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışsa da, sorğusuna istədiyi cavabı ala bilmir. Mətbuat xiddmətinin rəhbəri vəzifəsini yerinə yetirən şəxs müxtəlif bəhanələrlə sualdan yayınır. Sonda əlacsız qalan jurnalist informasiyanı dəqiqləşdirmədən yaymaq məcburiyyəti ilə üz-üzə qalır. Və bu da sonda həmin mətbuat orqanının qeyri-dəqiq məlumat yayması ittihamı ilə üzləşməsinə səbəb olur. Əslində bu məsələdə jurnalist qeyri-obyektiv deyil. Mətbuat xidməti sualdan yayındığından məsuliyyəti jurnalistin üzərinə atır".
SAMF-in layihə üzrə koordinatoru Nəzirməmməd Quliyev bildirib ki, son zamanlar "reket"çiliklə məşğul olan mətbuatı ölkədən yığışdırmaq nəinki mümkün olub, əksinə, bu kimi media orqanlarının fəaliyyət çərçivəsi daha da genişlənib. N.Quliyev həmçinin KİV-lərdə qeyri-peşəkarlığın yaranmasının səbəblərindən biri kimi reklam uğrunda aparılan qeyri-sağlam mübarizənin yaratdığı fəsadların olduğunu vurğuladı.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, ölkədə kifayət qədər peşəkar jurnalistlər var. Onun sözlərinə görə, peşəkar jurnalistlərin əksəriyyəti mətbuatdan uzaqlaşıb: "Peşəkarlar Azərbaycan mətbuatından ona görə uzaqlaşıblar ki, indiki print media onları saxlamaq gücündə deyillər. Bu gün mətbuatımızda heç də deyildiyi kimi, Azərbaycan mətbuatının peşəkarlıq problemi yoxdur, peşəkarı saxlamaq və onların potensialından istifadə etmək problemi var. Məhz bu səbəbdən mətbuatda peşəkar qıtlığı yaranıb".
Əli Zülfüqaroğlu