Tərtər əraziləri minalardan təmizlənib
ƏRAZİLƏRİN Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Tərtər rayonu üzrə əməliyyat rəhbəri Ramil Əzizovun "Həftə içi"nə verdiyi məlumata görə, 2004-cü ildən etibarən təhkim olunduqları adıçəkilən rayonun partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatı aparılır. Müsahibimiz bildirdi ki, sözügedən müddət ərzində 350 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Həmçinin yerli sakinlər və vətəndaşlar ərazidəki 100-dək minanın tapılmasına yardımçı olublar: "Hazırda Tərtər rayonunun Şıxaq və Əskipara kəndlərində minalardan təmizləmə işləri aparılır. Oradan indiyədək 200 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib". Əməliyyat rəhbəri Tərtər çayının suyunun həcminin artması nəticəsində çay işğal altında olan ərazilərdən 3 ədəd partlamamış hərbi sursat gətirib: "Həsənqaya kənd məktəbinin yaxınlığında tapılan 152 mm-lik top mərmisi zərərsizləşdirilib. Lakin digər iki tank əleyhinə minanın zərərsizləşdirilməsi təhlükəsizlik baxımından mümkün olmayıb". R.Əzizov onu vurğuladı ki, 5 il ərzində Tərtərdə 5 milyon 500 min kvadratmetr ərazi partlamamış hərbi sursatlardan tam təmizlənib: "Həmçinin daha 36 milyon kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulub. Bu rəqəmin arta biləcəyini istisna etmirəm. Çünki bu rəqəm rayon üzrə çirklənmiş ərazilərin cəmi 15 faizini təşkil edir".
Təbriz Vəfalı