Gənc alimlər Bakıda toplaşdılar
Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda gənc alim və tələbələrin "Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri" adlı ikigünlük III beynəlxalq elmi konfrans dünən öz işini yekunlaşdırdı. Təşkilatçıları Azərbaycan Geoloqlarının Milli Komitəsi, Geologiya İnstitutu və institutun Gənc Alimlər Şurası olan tədbirdə ABŞ, Almaniya, Belarus, Polşa, Qazaxıstan, İran və Gürcüstandan olan 90-a yaxın gənc alim və tələbə iştirak edirdi. "BP" şirkətinin dəstəyi ilə keçirilən konfransda institutun direktoru, akademik Akif Əlizadə qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd Yer elmlərinin müxtəlif istiqamətləri üzrə gənc alim və tələbələrin təcrübə mübadiləsini genişləndirmək, bilgilərini artırmaq, həmçinin yeni tədqiqat mövzuları, obyektləri seçməkdir. Toplantıda "Yanar şistlərin elastiklik əmsalının təyini üsulu", "Bakı şəhərinin seysmik təhlükəsi, dayanıqlığı və riskinin ədədi qiymətləndirilməsi", "Azərbaycan zəlzələlərinin fraktal statistikası", "Qobustanın palçıq vulkanlarının xəritəsinin ArcCİS mühitində tərtib olunması", "Təbrizin ərazisinin Kembriyə qədərki metallogeniyası, Şimal-Qərbi İran", "Gürcüstan ərazisində seysmohidrodinamik müşahidələr" və digər mövzularda məruzələr dinlənildi. Tədbirdə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi, Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetindən nümayəndələr də iştirak edirdilər. Proqram çərçivəsində xarici qonaqlar Gənc Alimlər Şurasının işi ilə tanış oldular, onlar Pirəküşkül palçıq vulkanına ekskursiya ediblər.