
Dövlət Sosial Müdafiə Fondu ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin "Həftə içi"nə verdiyi məlumata görə, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar çərçivəsində reallaşdırılan tədbirlər nəticəsində əmək pensiyasını plastik kartla əldə edənlərin sayı bu ilin 9 ayı ərzində əlavə olaraq 43.391 nəfər artıb və hazırda ödənişdə olan pensiyaların 96,8-i plastik kartlarla gerçəkləşdirilir. İlin əvvəli ilə müqayisədə kəndlərdə pensiyalarını plastik kartlarla alanların sayı 4,8 faiz artıb. Bu ilin əvvəlində ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 93,7 faizədək artıb. Şəhərlərdə yaşayan pensiyaçılara isə 100 faiz üzrə pensiyalar plastik kartlarla ödənilir. Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir. Bildirilir ki, "Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı" çərçivəsində növbəti illər ərzində pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və POS-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip-kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.