AMİP rəhbərliyi
İsveç səfərindən danışıb
DünƏn Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) partiya rəhbərliyinin İsveçdə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda çıxış edən AMİP-in mətbuat və informasiya katibi Əli Orucov deyib ki, səfər çərçivəsində məqsəd İsveçdə təmsil olunan "Moderat" partiyası ilə dostluq münasibətlərinin daha da genişləndirilməsi, Azərbaycandakı vəziyyətlə bağlı məlumat vermək olub. Səfər zamanı AMİP rəhbərliyi İsveçin Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Olof Ehrenkrona, parlamentin xarici əlaqələr komissiyasının müdiri Valburqa Habsburq Douqle, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz münaqişələri üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker, ombudsman Karla Ramsbak və digər şəxslərlə görüşlər keçirib, Yarl Harmanson Fondunda, bir sıra bələdiyyələrdə olublar. Daha sonra "Moderat" partiyasının nəzdində olan Harmanson fondunda görüş olub: "Bu fond Azərbaycanda və müxtəlif ölkələrdə bir çox sahələr üzrə layihələr həyata keçirir. Görüşlərimizin sıx olmasına görə Azərbaycan icması ilə görüşə bilmədik, əvəzində isə türk icmasının rəhbəri Tomas (Cümhur) Gur bəylə görüşdük və son zamanlar aktual olan Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı müzakirələr apardıq". Ə.Orucov parlamentdə Avropanın Dağlıq Qarabağ üzrə həmməruzəçisi Qoran Lenmarkerlə görüşdüklərini bildirərək Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparıldığını nəzərə çatdırdı: "Qoran Lenmarker bizə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ probleminin açarı Azərbaycan və Ermənistan prezidentlərinin iradəsindən asılıdır. Eyni zamanda çəkinmədən bildirdi ki, bu problem həm də iki qütbün, yəni ABŞ - Rusiya münasibətlərindən asılıdır. Onu da qeyd edim ki, İsveçdə Qarabağ həqiqətləri ilə bağlı dolğun informasiyaya malik deyillər. Biz əyani təbliğat materiallarını əldə etmək üçün Əli Həsənovla əlaqə saxladıq. Lakin xahişlərimiz cavabsız qaldı. Əlimizdə faktlar olsaydı, onları düzgün təlimatlandırardıq".