
Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək.
Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı paraflanmış protokolların imzalanması ərəfəsinə təsadüf etməsidir. Bu məsələlərlə bağlı suallarımızı isə "Həftə içi"nə eksklüziv müsahibəsində postsovet məkanının öyrənilməsi üzrə Siyasi Proqnozlaşdırma Mərkəzinin direktoru, Rusiyanın tanınmış politoloqu Aleksandr Karavayev cavablandırır. Ona ilk sualımız Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda reallaşacaq görüşü ilə bağlı oldu.
- Bu özlüyündə çox maraqlı və mərhələli bir görüş olacaq.
- Erməni - türk münasibətlərinin yaxınlaşması fonunda prezident Əliyevin erməni həmkarı Sarkisyana veriləsi bir çox sualları var. Çox güman ki Azərbaycan prezidenti erməni silahlı qüvvələrinin Dağlıq Qarabağın şərq və şimal hissəsindəki işğal altındakı torpaqlardan çıxarılmasına başlanmasının texniki mümkünlüyü məsələsini müzakirə etməyə səy göstərəcək. Ən pis halda ermənilərin bu addımı atmaq istəyib-istəmədiklərini anlamağa çalışacaq. Lakin danışıqlar qapalı keçdiyi üçün ictimai sensasiya gözləməyə dəyməz. Yalnız səthi məlumatlar əldə olunacaq.
- Dünyada cərəyan edən qlobal proseslərin Cənubi Qafqaza təsirindən danışarkən bölgəmizin gələcək inkişafı və Qarabağ münaqişəsinin həll prosesinin sonrakı durumu ilə bağlı nə deyə bilərsiniz?
- İndi bölgədə çox nadir tarixi məqamlardan biri yaşanır. Belə ki, xarici qlobal hadisələr əvvəlki dövrlərlə müqayisədə bölgədəki proseslərə çox az təsir edir. Aparıcı güc mərkəzləri bir növ fasilə götürüb. Təşəbbüslər ancaq regional geosiyasi səviyyədə irəli sürülür. Xarici oyunçular sadəcə türklərin təşəbbüslərinin necə reallaşacağını müşahidə edirlər. Lakin bu fasilə çox da uzun çəkməyəcək.
- Siz özünüz Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
- Real siyasətlə sülhü istədiyin kimi təsəvvür etməyin arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər var. Mənim bu münaqişə ilə bağlı özümün hansısa reseptim yoxdur. Sadəcə hadisələri şərh edirəm. "Madrid prinsipləri" öz-özlüyündə reallaşdırılması üçün heç də pis deyil. Mən Qafqazı hakimiyyət orqanlarının fəaliyyət göstərdiyi, cinayətkarlığın aşağı səviyyədə olduğu, tək adət-ənənələrə yox, həm də qanunlara hörmət qoyulduğu icmalararası sülh üçün bir etalon kimi görmək istəyirəm. İdealımızda biz sizinlə Qarabağdan keçməklə Bakıdan İrəvana avtomobillə böyük sürətlə getməliyik. Bu nəticəyə gəlmək üçün neçə il keçməlidir? Buna doğru irəliləmək lazımdır. Lakin çox mərhələli şəkildə, iki pilləkəni birdən atlamadan.
- Rusiyanın mövqeyi əvvəlki dövrlə müqayisədə nə ilə fərqlənir?
- Qafqazdakı münaqişələrdən postsovet dövründə bölgədə özünün hərbi mövcudluğunu qorumaq üçün istifadə vaxtı Rusiya üçün artıq bitib. İndi tamamilə fərqli geosiyasi zamandır. Moskvada bunu anlayırlar. Ona görə də hələ Putinin vaxtından Cənubi Qafqazın bütün dövlətləriylə kompleks və fərdi qaydada iqtisadi münasibətlər qurulmağa başladı. Bəzi səbəblərdən Gürcüstanla bu alınmadı. Təbii ki, Rusiyanın siyasəti sovet düşüncəsi və imperiya xəyallarından uzaqlaşaraq dəyişir. Daha məsuliyyətli olmağa başlayıb. Artıq Qərblə müqayisədə başqa mahiyyət daşıyan ambisiyalar mövcuddur.
- Azərbaycanla Rusiya arasında qaz sazişi imzalandıqdan sonra Rusiyanın Ermənistana təzyiqlərini artıracağı gözlənilir. Qarabağ danışıqlarında ümidlərin artmasını bununla əsaslandıranlar da var. Siz necə düşünürsünüz?
- Müəyyən mənada bu illüziyadır. Həqiqətdə bu Rusiyanın biznes oliqarxiyasının maliyyəsinə birbaşa aid deyilsə, həmçinin milli maraqlardan bir qədər kənardırsa, Moskva energetika və böyük siyasət mövzularını ayırmağa çalışır. Rusiya ilə Belarus və Ukrayna arasında enerji dialoqundakı qarşılıqlı asılılıq Moskvanın Azərbaycan və Ermənistan siyasətinə birbaşa təsirini göstərmir. Onu da yaddan çıxartmaq lazım deyil ki, imzalanmış müqavilədə göstərilən qazın həcmi Orta Asiya ilə müqayisədə dəfələrlə azdır. Lakin bunun Bakının yeni qaz müqavilələrini siyasi razılaşmalarla əsaslandırması imkanlarını mıhdudlaşdırmaması başqa məsələdir.
- Rusiya erməni, türk - münasibətlərinin yaxınlaşması və Qarabağ münaqişəsinin həllini bir-biri ilə bağlı, yoxsa ayrı proses sayır?
- Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri bu məsələ ilə bağlı çox dar çərçivədə qısa fikirlər söyləyirlər. Ona görə də Moskvanın Dağlıq Qarabağ münaqişəsi və Ankara - İrəvan yaxınlaşmasını ayrı, yoxsa bir-birinə bağlı proses hesab etməsinə dair konkret fikir söyləmək bir qədər çətindir. Lakin Moskvanın erməni - türk yaxınlaşması ilə bağlı özünün mövqeyini formalaşdırmadığını fikirləşmirəm. Görünür, Kreml əlavə bəyanatlarla prosesə maneə yaratmaq istəmir. Ya da üzərinə açıq şəkildə müdaxilə etməməklə bağlı xüsusi öhdəlik götürüb. Bir şeyi dəqiq söyləmək mümkündür ki, Moskva Ərdoğanla Putinin sıx münasibətləri fonunda bütün bu proseslərdən tam olaraq məlumatlıdır.
- Ermənistanla sərhədlərin açılması İrəvanı Rusiyadan uzaqlaşdırmayacaq?
- Sadəcə, Ermənistanda Rusiyanın makroiqtisadi təsir imkanları məhdudlaşacaq. Lakin bu bəzən Bakıda düşünülən kimi tam həcmdə baş verməyəcək. Ermənistanla Rusiya arasındakı münasibətlərdə oturuşmuş istiqamətlər var. Moskva İrəvana bölgədə özünün hərbi-siyasi strateji müttəfiqi kimi yanaşır. Ermənistan isə Rusiyanın resurslarını, maliyyəsini və diasporunu özünün siyasətində istifadə edir. Bu səbəbdən də Rusiyanın Ermənistanı idarə edə bildiyinə dair fikirlər yanlışdır. Moskva ancaq təsir edə bilər. Sərhədlərin açılmasıyla isə Türkiyənin təsiri artacaq. NATO-nun bir neçə proqramı çərçivəsində fəallaşacaq.
- Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qəbul şanslarını necə dəyərləndirirsiniz?
- Şanslar çox aşağı səviyyədədir. Çünki Təhlükəsizlik Şurasında islahatlarla bağlı iki variant mövcuddur. Onlardan heç biri TŞ-yə regional dövlətlərin qəbulunu nəzərdə tutmur. 90-cı illərin ortalarında Braziliya, Almaniya, Yaponiya və Hindistan TŞ-nin daimi üzvlərinin sayının artırılması ilə bağlı BMT rəhbərliyinə təzyiqləri artırdı. 2005-ci ilin mayında onlar Baş Assambleyaya TŞ-nin üzvlərinin sayının 15-dən 25-ə, daimi üzvlərin sayının isə 5-dən 11-ə çatdırılması ilə bağlı qətnamə layihəsini təqdim etdilər. Lakin daimi üzvlüyə 3 Afrika dövləti - Misir, Nigeriya və CAR da iddia edir. Həmçinin qeyri-daimi üzvlərdən 4-nün rotasiya qaydasında Asiya, Afrika, Karib hövzəsi, Latın Amerikası və Şərqi Avropadan seçimlə müəyyənləşməsi də təklif olunur. Bununla yanaşı, digər rəqib ola biləcək bir alternativ təşəbbüs də var. Bu təşəbbüsün arxasında isə İtaliya, Pakistan, Kanada, İspaniya və Meksika dayanır. Onlar təklif edirlər ki, qeyri-daimi üzvlərin sayının 10 olması ilə yekunlaşmaq lazımdır. TŞ-nin genişlənməsinə qarşı ənənəvi olaraq Çin və ABŞ da çıxır. Rusiya isə əksinə düşünür. Moskva TŞ-nin "üçüncü dünya" ölkələrinin hesabına genişlənməsini istəyir. Çünki onların arasında Kremlin bir çox müttəfiqləri var. Prezident Obama bu iki islahat variantından birinə prinsipcə razıdır. Lakin proses hələ qalmaqdadır. Veto hüququnun taleyinin necə olması vəziyyəti çox qeyri-müəyyəndir. Yeni üzvlərə tamhüquqlu üzvlük statusunun verilməsi, yoxsa onlardan veto hüququnun alınması məsələsi ciddi fikir ayrılığı yaradır. Bu səbəbdən də Azərbaycanın BMT TŞ-yə üzvlüyü ilə bağlı yalnız islahatlar həyata keçirildikdən sonra danışmaq mümkündür. İstənilən halda BMT TŞ-yə üzvlüyə iddia edən MDB dövlətləri arasında mən Qazaxıstanı daha şanslı sayıram.