Gültəkin Hacıbəyli: "Rusiya kifayət qədər güclü bir ölkədir və onun AŞ-də olmasının faydası çoxdur"

"Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında yaddaqalan məqam Rusiyanın qurumdakı səsvermə hüququnun əlindən alınmasını müzakirəyə çıxarmaq cəhdi oldu" - bu fikirləri "Həftə içi"nə açıqlamasında payız sessiyasının toplantısından geri qayıdan AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıbəyli səsləndirdi. Onun sözlərinə görə, bu məsələnin müəllifi qismində AŞ PA-dakı 80-ə yaxın deputat çıxış edirdi. Onlar Rusiyanın Cənubi Osetiya və Abxaziyadakı fəaliyyətini qurumun prinsiplərinə zidd sayaraq bu təşəbbüsü irəli sürüblər. Sessiyanın bir neçə günü də bu məsələnin müzakirəsinə həsr olunub. Həmçinin Gürcüstan - Rusiya müharibəsindən keçən bir il ərzində yaranan vəziyyətlə bağlı ayrıca dinləmələr keçirilib: "Bu məsələlərdə əks tərəfin də arqumentləri kifayət qədər ciddi idi. Rusiya nümayəndə heyəti vurğuladı ki, onlar hərbi güc deyillər. Gücləri əsasən diplomatiyadadır. Bu baxımdan Rusiyanın AŞ-dən təcrid olunması düzgün mövqe deyil. Rusiya AŞ-yə lazımdır.
Hətta Gürcüstanla münasibətlərin normallaşdırılması üçün də bu vacibdir". G.Hacıbəyli vurğuladı ki, səsvermə zamanı avropalı parlamentarilər daha rasional mövqedən çıxış edərək Rusiya - Avropa münasibətlərində uçurum yarada biləcək addımdan çəkindilər. Buna baxmayaraq vurğulandı ki, Rusiya Gürcüstan siyasətinə yenidən baxmalıdır. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması Avropa prinsiplərinə uyğun deyil. Sessiyanın gedişində ümumilikdə bir çox məsələlər müzakirə olunub. Həmçinin qurumun yaradılmasının 60 illiyi də qeyd edilib: "Nümayəndə heyətimiz bütün məsələlərin müzakirəsində fəal olub. Bu fəaliyyətin əsasını isə həmişəki kimi Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalının yaratdığı fəsadlar, mədəni və tarixi abidələrimizin məhvi, oradakı ekoloji durum, keçiriləcək bələdiyyə seçkiləri və s. təşkil edirdi". Millət vəkili bildirdi ki, sessiya müddətində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məqamlardan biri də Türkiyə nümayəndə heyətinin sədri, Bakının yaxın dostu sayılan Mövlud Çavuşoğlunun AŞ PA-dakı Demokratlar Qrupunun sədri seçilməsi idi: "Sözsüz ki, bir türkün AŞ-nin siyasi qrupuna rəhbərlik etməsi hər birimiz üçün qürur mənbəyidir. Bu hadisəni bizim üçün əlamətdar edən digər məqam yanvarda Demokratlar qrupunun rəhbərinin böyük bir ehtimalla AŞ PA-nın sədri seçiləcəyidir. Əminəm ki, o bu seçkilərə AŞ-də "ikili standartlara yox" devizi altında qatılacaq. Qurumda özünü doğrultmayan yanaşmalar yavaş-yavaş aradan qaldırılacaq". Qeyd edək ki, Rusiya məsələsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin mövqeyi ilə bağlı bir-birinə zidd fikirlər səsləndirilib. Məsələyə aydınlıq gətirən G.Hacıbəyli bildirdi ki, Rusiya kifayət qədər güclü bir ölkədir və onun AŞ-də olmasının faydası olmamasından qat-qat çoxdur. AŞ-də olan Rusiya müəyyən dərəcədə dialoqa açıq bir ölkədir. Ona görə də, bu ölkə qurumda qalmalı və münasibətlərini davam etdirməlidir: "Eyni zamanda Rusiyanın separatçı rejimləri tanıması da yanlış bir yanaşmadır. Separatçı rejim problemi Azərbaycanın ərazisində də mövcuddur. Biz bu məsələyə həssaslıqla yanaşırıq. AŞ-nin bununla bağlı mövqeyi təqdirəlayiqdir, lakin bu, Rusiya ilə əməkdaşlıq zamanı nəticə verə bilər. Nümayəndə heyətimizin mövqeyi də məhz belədir. Prezident İlham Əliyev də bildirib ki, hər iki dövlət bizim dostumuzdur və onlar arasında münaqişə olmasını istəmirik. Bu baxımdan Azərbaycan sözügedən məsələlərdə neytral qalır". G.Hacıbəyli vurğuladı ki, nümayəndə heyətimiz bununla bağlı məsələlərdə nə Rusiya, nə də Gürcüstanın mövqeyinə səs verməyib. Lakin nümayəndə heyətinin hər bir üzvü Abxaziya və Cənubi Osetiya məsələsində Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. Azərbaycan nümayəndə heyətinin heç bir üzvü Rusiyanın səsvermə hüququnun əlindən alınması ilə bağlı səsvermədə iştirak etməyib. AŞ-də gedən bütün səsvermələrin nəticələri qurumun saytında yerləşdirilir.
Onu da bildirək ki, Ermənistan nümayəndə heyəti sessiyanın gedişində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bir sənəd yaymağa çalışıb. G.Hacıbəylinin sözlərinə görə, bu addımla erməni nümayəndə heyəti AŞ PA-da bir daha özünü ifşa etdi. Qurumun proseduruna görə, nümayəndə heyətləri hər bir sənədi yaymamışdan əvvəl AŞ PA-nın prezidentinə müraciət edərək onun razılığını almalıdır. Bundan sonra katibliklə əlaqə yaradılıb bu sənədlər yayılmalıdır. Lakin Ermənistan nümayəndə heyəti AŞ-nin prinsiplərinə kobud şəkildə hörmətsizlik nümayiş etdirərək bu sənədlərin yayılması ilə məşğul olub: "Bununla da büroda özlərinə qarşı çox sərt tənqidlərin səsləndirilməsinə şərait yaratdılar. Sessiyanın ilk günü hər bir masada "Dağlıq Qarabağ həqiqətləri" adlanan bir albom gördük. Lakin oradakı materialların heç biri faktlara və tutarlı əsaslara söykənmirdi. Hədsiz dərəcədə primitiv və səviyyəsiz hazırlanmış kitabçalar və broşüralar idi. Orada Azərbaycanı işğalçı adlandırsalar da, hansısa rayonun adını çəkə bilməyiblər". Qurumun prezidentinə nümayəndə heyətimizin ünvanladığı müraciətdən sonra bu saxta sənədlərin yayılmasının qarşısı alınıb.
G.Hacıbəyli qurumda ikili standartlar məsələsinə də toxundu. Vurğuladı ki, ikili standartlar son vaxtlar AŞ-nin siyasi fəaliyyət gündəliyinin də ana mövzusuna çevrilib. Avropa demokratiyasının aparıcı dövlətlərinin nümayəndələri də Azərbaycan deputatlarının qaldırdığı bu məsələyə ciddi dəstək verirlər: "Qurumun 60 illik fəaliyyəti ilə bağlı məruzənin müzakirəsi zamanı bu, qabarıq şəkildə özünü büruzə verdi. Nümayəndə heyətinin üzvləri qurumun gələcəyi barədə çox da nikbin fikirlər səsləndirmədilər. Mən ikili standartlarla bağlı qurumun Nazirlər Kabinetinin fəaliyyətdə olan sədrinə sual ünvanladım. Bildirdim ki, Rusiya - Gürcüstan münaqişəsinin üstündən bir il keçib və artıq şimal qonşumuzun səsvermə hüququnun əlindən alınması məsələsi gündəmə gətirilib. AŞ-da geniş dəstək də qazanıb. Lakin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən 17 il keçsə də, 2001-ci ildən - hər iki dövlətin quruma üzv qəbul olunmasından bəri bu məsələ bir dəfə də olsun AŞ-də qaldırılmayıb. Eyni zamanda Rusiya məsələsinin gündəmə gətirilməsinin digər bir səbəbi qurumun müvafiq qətnaməsinin tələblərinin yerinə yetirilməməsiylə bağlıdır. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ 2005-ci ilin yanvarında əsaslı qətnamə qəbul edib. Orada Ermənistan işğal altındakı ərazilərdən qeyd-şərtsiz çıxmağa çağırılır. Lakin son beş ildə AŞ bu qətnamənin tələblərinin yerinə yetirilməsi ilə bağlı heç bir müzakirələr keçirməyib". Nümayəndə heyətinin sədr müavini onu da bildirdi ki, məhz bu ikili standartların tətbiqindən başqa bir şey deyil. Hətta Gürcüstan hadisələrində ilk addımı Tbilisi atsa da, Qarabağ münaqişəsi ilə bağlı bunu söyləmək mümkün deyil. Çünki hadisələrə Ermənistan tərəfindən start verilib. Millət vəkilinin sözlərinə görə, AŞ-də bəzi deputatlar Ermənistanın xristian ailəsinin bir üzvü olduğunu əsas gətirərək hər zaman Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini yox, İrəvanın insanlığa zidd addımlarını dəstəkləyir. Bu isə AŞ-nin gələcəyinə inamı azaldır və Azərbaycanın qurumla münasibətlərinə kölgə salır.