
Mədəniyyət və Turizm Nazirilyi, Bakı İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və "Buta Palas"ın təşkilati dəstəyi ilə dünən Əl Oyunları Sarayında start götürən çempionat 3 gün davam edəcək.
Azərbaycan Beynəlxalq İslam Mətbəxi Kulinariya Festival-çempionatına 15 ölkənin peşəkar aşpazları qatılıb. Tədbirdə Ümumdünya Kulinariya Təşkilatları Birliyinin prezidenti Qissur Qudmanson və Ümumdünya Xalq Yaradıcılıq Təşkilatının prezidenti Karmen de Padilla iştirak edirdilər.
Qeyd edək ki, məlum festivalın keçirilməsinə artıq neçə illərdir hazırlıq işləri gedirdi. Başlıca problem isə, hər zaman olduğu kimi, maliyyə ilə bağlı idi. Nəhayət, baş tutdu. Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun sözlərinə görə, beynəlxalq masştablı festival-çempionatın Azərbaycanda keçirilməsi böyük bir şərəfdir: "Çox şadıq ki, nəhayət, milli mətbəximizi dünya miqyasında təbliğ etmək imkanımız oldu. Bu festival-çempionat ilk dəfədir keçirilir və dünya kulinariya çempionatı tarixində ilk dəfədir hər iki nüfuzlu təşkilatın - Ümumdünya Kulinariya Təşkilatları Birliyi və Ümumdünya Xalq Yaradıcılıq Təşkilatının rəhbərləri Qissur Qudmanson və Karmen de Padilla eyni tədbirdə bir araya gəlirlər. Bu festival-çempionatın reallaşmasında əməyi olan bütün dövlət və özəl təşklatlara minnətdarlığımızı bildiririk...".
Tahir Əmiraslanov həmçinin əlavə etdi ki, Azərbaycan Beynəlxalq İslam Mətbəxi Kulinariya Festival-çempionatına yalnız və yalnız bacarığına və özünə güvənən peşəkar aşpazlar qatılıblar: "g Əks halda telekanallarda reklamlardan düşməyən restoranlar da dəvətimizi qəbul edərdilər. Yerli telekanallarımızda hər gün Avropa, dünya və milli mətbəximizi yüksək səviyyədə hazırlayan restoran reklamları, mətbəx verilişlərində peşəkarlaqdan dəm vuran aşpazların, demək olar, heç biri qorxularından dəvətmizi qəbul elmədi. Çünki bilirdilər ki, 0 xal belə qazana bilməyəcəklər. Ona görə peşəkarlıq haqda yalan nağıllarla camaatın başını yormasınlarg".
Qeyd edək ki, yarışçıların bacarığı 100 ballıq sistemlə dəyərləndiriləcək. Yəni 90-100 arası xal toplayanlar qızıl medal, 80-90 arası xal toplayanlar gümüş medal, 70-80 arası xal toplayanlar isə bürünc medal qazanacaqlar. 60-70 arası xal toplayan dördüncü yerin sahibləri isə diplomlarla təltif ediləcəklər. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı - kubok qalibə təqdim ediləcək.
"Qran-pri" mükafatının kimə çatacağı isə "Qara qutu" adlı yarışdan məlum olacaq. Yarışın şərtlərinə görə, aşpazlara içi ərzaq dolu bir qara qutu veriləcək. Aşpazlar 20 dəqiqə ərzində həmin ərzaqlardan bir menyu hazırlamalı, saat yarıma da xörək bişirib bəzəməlidirlər. Məhz həmin sınaqdan uğurla çıxan yarışmaçı aşpaz "Qran-pri" mükafatının sahibi olacaq. Bütün qaliblər festival-çempionatın sonuncu - üçüncü günü bəlli olunacaq.