
Hindistanlı alimlər indiyədək analoqu olmayan süni insan ürəyi yaradıblar. O, adi tarakanın ürəyinin strukturuna uyğun olaraq və məhz ona əsaslanaraq yaradılıb. Böyük Britaniyanın "Time" qəzeti yazır ki, indiyədək bazarda insan ürəyinin iki növdə süni forması var idi. Lakin onların hər ikisindən istifadə böyük risk daşıyırdı. Məsələ ondadır ki, hər iki süni ürək birkameralı idi və nəticədə onun qan vurmasında problemin yaranma ehtimalı çox idi. Buna baxmayaraq həmin ürəklərin qiyməti 50 min dollara çatır.
Bu dəfə hindistanlı mühəndis-bioloq Sudca Quxa tamamilə yeni formalı süni ürək yaradıb: onun bir neçə kamerası var və bu, insan orqanizminə qanın daha etibarlı və uzunmüddətli vurulmasını təmin edir. Alim etiraf edib ki, yeniliyin edilməsi ideyasını ona 5 kameradan ibarət olan tarakan ürəyi "verib". Nəticədə Quxa nə az-nə çox - düz 13 kameralı insan ürəyi yaradıb. Onun üstünlüyü yalnız etibarlılığında yox, həm də ucuzluğundadır. Yeni ürəyi 2,5 min dollar ödəməklə əldə etmək olar. Yeni ürəyin 2014-cü ildən etibarən açıq satışda olacağı gözlənilir.